Yay ayları adətən tətil, günəş, sosial fəaliyyətlər və daha enerjili həyat tərzi ilə əlaqələndirilsə də, bu dövr hər kəs üçün eyni dərəcədə müsbət keçmir.
Mütəxəssislərin sözlərinə görə, yay aylarında insanların daha xoşbəxt və enerjili olduğu düşünülsə də, bəzi şəxslər əksinə, narahatlıq, yorğunluq və həvəssizlik hiss edə bilirlər. Psixoloq, klinik psixoloq Kübra Adam bildirib ki, sosial bacarıqları kifayət qədər inkişaf etməmiş insanlarda yay mövsümündə artan sosiallaşma ehtiyacı özünəqapanma, özünü sorğulama və narahatlıq səviyyəsinin yüksəlməsinə səbəb olur.
Onun sözlərinə görə, yay aylarında sosial həyatın canlanması, tətil planlarının çoxalması və insanların daha aktiv görünməsi bəzi şəxslərdə özünü başqaları ilə müqayisə etmə hissini gücləndirir. Bu isə tənhalıq hissinin artmasına, özünü yetərsiz görməyə və maddi-sosial imkanların fərqli olması səbəbindən özünü kənarda qalmış kimi hiss etməyə gətirib çıxarır.
Yay aylarında depressiv əlamətlər yarana bilər
İsti havalar yuxu rejiminə mənfi təsir göstərərək yuxunun keyfiyyətini azaldır. Bunun nəticəsində gün ərzində enerji çatışmazlığı, diqqətin zəifləməsi və emosional tarazlığın pozulması müşahidə olunur.
Kübra Adam qeyd edib ki, səhər işə getməkdə çətinlik çəkmək, vacib işlərdə kiçik səhvləri gözdən qaçırmaq kimi problemlər yarana bilər. Bəzi insanlarda isə yay mövsümündə depressiv əlamətlər müşahidə olunur.
Bu əlamətlərə aşağıdakılar daxildir:
Həvəsin azalması;
Heç nədən zövq almamaq;
Enerji çatışmazlığı.
Bu vəziyyət gündəlik həyata, sosial münasibətlərə, iş və ya təhsil fəaliyyətinə mənfi təsir göstərə bilər.
Mütəxəssis vurğulayıb ki, əlamətlər uzun müddət davam edərsə, yuxu və iştah rejimində ciddi dəyişikliklər yaranarsa, insan əvvəllər zövq aldığı fəaliyyətlərdən artıq həzz almırsa, bu ciddi xəbərdarlıq siqnalıdır və mütləq peşəkar psixoloji dəstək almaq tövsiyə olunur.
Tətil planlaşdırılarkən yaranan qeyri-müəyyənlik stress yaradır
Kübra Adam bildirib ki, tətil adətən istirahət və yenilənmə ilə əlaqələndirilsə də, bəzi insanlar üçün bu dövr gözlənilənin əksinə, narahatlıq və stress mənbəyinə çevrilə bilir. Bu hal bəzən “tətil stresi” adlandırılır.
Onun sözlərinə görə, bunun əsas səbəblərindən biri planlaşdırma mərhələsindəki qeyri-müəyyənlikdir. Xüsusilə iş yükü çox olan insanlar tətil tarixini müəyyən etsələr belə, detalları son ana saxladıqları üçün harada qalacaqları, necə gedəcəkləri və tətili necə keçirəcəkləri ilə bağlı düşüncələr onlarda zehni yorğunluq yaradır.
Məsələn, sıx iş qrafiki olan bir əməkdaş tətil planını vaxtında hazırlaya bilmədikdə, qeyri-müəyyənlik hissi artır və bu, tətil başlamazdan əvvəl belə psixoloji yükə çevrilir.
Maddi narahatlıqlar və sosial media təzyiqi
Mütəxəssis qeyd edib ki, iqtisadi narahatlıqlar da tətil stresinin əsas səbəblərindəndir. Tətil müəyyən maliyyə xərcləri tələb etdiyi üçün büdcənin aşılması və ya tətildən sonra maddi çətinlik yaşamaq qorxusu insanların rahat istirahət etməsinə mane olur.
Digər mühüm amil isə yüksək gözləntilərdir. Sosial mediada paylaşılan “ideal tətil” görüntüləri insanlarda fərqinə varmadan müqayisə hissi yaradır və öz tətilini daha uğursuz qiymətləndirməsinə səbəb olur. Halbuki hər bir tətil insanın fərdi imkanları və şəraitinə uyğun formalaşır.
Kübra Adam əlavə edib ki, sosial mediada tətil, konsert və müxtəlif tədbirlərlə bağlı paylaşımlara davamlı məruz qalmaq insanlarda “Mən də orada olmalı idim” düşüncəsini gücləndirir. Nəticədə insan yaşadığı anın zövqünü çıxarmaqda çətinlik çəkir, diqqəti daim başqalarının həyatına yönəlir və bu da zehni yorğunluqla yanaşı emosional tükənmişlik hissini artırır.
Mütəxəssis xatırladıb ki, sosial mediadakı paylaşımlar adətən insanların həyatının yalnız ən uğurlu və ən xoş anlarını əks etdirir. Bu görüntüləri öz gündəlik həyatı ilə müqayisə edən insanlar haqsız şəkildə özlərini uğursuz hesab edə və emosional gərginlik yaşaya bilərlər.
Sonda Kübra Adam vurğulayıb ki, tətil yalnız istirahət deyil, həm də gözləntilərin, planlaşdırmanın və emosional yükün düzgün idarə olunmasını tələb edən bir prosesdir. Daha çevik yanaşma, real gözləntilər formalaşdırmaq və şəxsi ehtiyacları nəzərə almaq tətilin daha rahat və məmnunedicı keçməsinə kömək edir. Əsas məqsəd qüsursuz tətil deyil, həqiqətən dincələ bilməkdir.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
