İyul 14, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

İsti su torbalarının yanlış istifadəsi ciddi təhlükə yaradır

Yanlış istifadə olunan isti su torbaları ciddi yanıqlara və təhlükəli fəsadlara səbəb olur. Mütəxəssislər onların təhlükəsiz istifadəsi üçün istifadə müddətinə, doldurulma səviyyəsinə və tətbiq qaydalarına diqqət yetirməyi tövsiyə edirlər.

Ağrıları azaltmaq, isinmək və rahatlamaq məqsədilə tez-tez istifadə olunan isti su torbaları demək olar ki, hər evdə var. Lakin onlardan düzgün istifadə edilmədikdə ciddi təhlükə yaranır. Xüsusilə torbanın partlaması ağır yanıqlara səbəb olur və bu səbəbdən təcili yardım şöbələrinə müraciət edənlərin sayı az deyil.

İsti su torbaları tez-tez istifadə olunur

Səhiyyə Elmləri Universitetinin Prof. Dr. Cemil Taşçıoğlu Şəhər Xəstəxanasının Təcili Tibbi Yardım Klinikasının tədris məsulu, professor Asım Kalkan bildirib ki, isti su torbaları revmatizm xəstəlikləri, xroniki ağrılar, əzələ və diz ağrılarının yüngülləşdirilməsi üçün geniş istifadə olunur.

Onun sözlərinə görə, bu vasitə ağrıların idarə olunmasında faydalı olsa da, düzgün istifadə edilmədikdə ciddi fəsadlar yaradır:

“Son dövrlər təcili yardım şöbələrimizə isti su torbasının partlaması nəticəsində yanıq xəsarətləri alan xəstələr müraciət edirlər. Xüsusilə diabet xəstələri sinir sistemi zədələndiyi üçün yüksək temperaturu hiss etmir və bu da ağır yanıqlara səbəb olur.”

İsti su torbalarının istifadə müddəti var

Professor Asım Kalkan vurğulayıb ki, isti su torbalarının da müəyyən istifadə müddəti mövcuddur:

“Onlardan maksimum 2-2,5 il istifadə etmək olar. Əgər tez-tez istifadə olunursa, bu müddətin 2 ildən az olması daha məqsədəuyğundur.”

O qeyd edib ki, bir çox insan torbanı qurutmaq üçün günəş altında saxlayır. Halbuki kauçuk material günəş işığı və istiliyin təsiri ilə zamanla çatlayır. Buna görə də istifadə etməzdən əvvəl torbanın üzərində çat və ya zədələnmə olub-olmaması mütləq yoxlanmalıdır.

Torbaya qaynar su tökmək olmaz

Mütəxəssis isti su torbasına qaynar su doldurmağın da ciddi səhv olduğunu bildirib.

Onun sözlərinə görə, torbanın adı “isti su torbası” olsa da, içinə qaynar su tökmək olmaz. Həmçinin torba tam doldurulmamalı, maksimum üçdə ikisi qədər su ilə doldurulmalıdır.

Çünki isti suyun buxarlanması nəticəsində torbanın içərisində təzyiq yaranır və bu da onun partlamasına səbəb olur.

Bunun üçün su qaynama həddinə çatdırılmamalı, qızdırıldıqdan sonra təxminən 10 dəqiqə soyuması gözlənilməlidir.

Dəri ilə birbaşa təmas təhlükəlidir

Professor Asım Kalkan isti su torbasının birbaşa dəriyə toxundurulmamasının vacibliyini də xatırladıb.

Onun sözlərinə görə, torba 10 dəqiqədən artıq müddətdə birbaşa dəri ilə təmasda qaldıqda yüngül və ya ciddi yanıqlara səbəb olur.

İsti su torbası partlayarsa nə etmək lazımdır?

Mütəxəssis bildirib ki, belə hallarda ilk növbədə insan isti mənbədən uzaqlaşdırılmalı, üzərindəki paltarlar çıxarılmalıdır. Çünki istiliyin təsiri davam etdikcə yanıq da dərinləşir.

Yanıq nahiyəsi axar su ilə soyudula bilər. Lakin professor Kalkan belə hallarda vaxt itirmədən tibb müəssisəsinə müraciət etməyin daha düzgün seçim olduğunu vurğulayıb.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az