İyul 14, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Tramp İrana qarşı hücumların davam edəcəyini, razılaşmanın isə hələ də mümkün olduğunu bildirib

ABŞ Prezidenti Donald Tramp İrana qarşı hərbi əməliyyatların davam edəcəyini bəyan edib. Bununla yanaşı, o, diplomatik danışıqlardan tam imtina etmədiklərini və razılaşmanın hələ də mümkün olduğunu söyləyib.

Tramp Ağ Evdə, Oval kabinetdə keçirilən imza mərasimində jurnalistlərin suallarını cavablandırarkən bildirib ki, ABŞ-ın böyük həcmdə hərbi sursat ehtiyatı var və İrana qarşı ağır zərbələr endirilməyə davam ediləcək.

O, həmçinin İrana qarşı dəniz blokadasının yenidən tətbiq olunduğunu açıqlayıb. Trampın sözlərinə görə, bu blokada yalnız İrana şamil edilir və İranla ticarət edənlər blokadadan keçə bilməyəcək, digər ölkələrə isə bu məhdudiyyət aid olmayacaq.

ABŞ Prezidenti danışıqların tamamilə dayandırılmadığını vurğulayaraq, İranla razılaşmanın hələ də mümkün olduğunu qeyd edib.

Tramp iddia edib ki, ABŞ hücumları nəticəsində İranın hərbi imkanlarına ciddi zərbə vurulub. Onun sözlərinə görə, İranın hərbi-dəniz qüvvələri bir ay ərzində sıradan çıxarılıb, hava qüvvələri faktiki olaraq fəaliyyət göstərə bilmir, raket istehsalı gücünün 89 faizi, pilotsuz uçuş aparatlarının istehsal imkanlarının isə 92 faizi məhv edilib.

O, iki gün əvvəl İranla razılıq əldə olunduğunu, lakin Tehranın əlavə danışıqlar tələb edərək geri çəkildiyini iddia edib. Tramp bildirib ki, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq məqsədilə həyata keçirilən hücumlar zəruri idi.

ABŞ Prezidenti Körfəz bölgəsindəki fəaliyyətlərə də toxunaraq qeyd edib ki, ABŞ Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Bəhreyn və Küveyt kimi müttəfiqlərinin təhlükəsizliyini təmin edir. Onun fikrincə, bu müdafiənin xərcləri həmin ölkələr tərəfindən qarşılanmalıdır.

“Dünyanın ən zəngin bölgələrindən birini qoruyuruq. Bunun qarşılığında bizə ödəniş edilməsini istəyirəm”, – deyə Tramp bildirib.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az