Süni intellekt şirkəti OpenAİ-ın ABŞ hökumətinə şirkətin 5 faiz səhmini verməyi təklif etdiyi iddia olunur. Məlumata görə, bu təşəbbüs süni intellektdən əldə ediləcək iqtisadi gəlirlərin cəmiyyətlə bölüşdürülməsini hədəfləyən yeni yanaşmanın bir hissəsidir.
Financial Times-ın mənbələrə istinadən yaydığı xəbərə əsasən, OpenAİ-ın baş icraçı direktoru Sam Altman bu təklifi ABŞ Prezidenti Donald Tramp administrasiyası ilə keçirdiyi görüşlər zamanı irəli sürüb.
Xəbərdə qeyd olunur ki, süni intellekt modellərinin təhlükəsizliyi və sahəyə dair hüquqi tənzimləmələrlə bağlı Vaşinqtonda siyasi təzyiqin artdığı bir dövrdə Altman hökumətin OpenAİ-da pay sahibi olmasını təklif edib.
OpenAİ rəhbərinin fikrincə, dövlətin şirkətdə maliyyə payına sahib olması süni intellektin yaradacağı iqtisadi dəyərin daha geniş şəkildə cəmiyyətə çatdırılmasına kömək edə bilər.
Məlumata görə, bazar dəyəri təxminən 852 milyard dollar hesablanan OpenAI-ın 5 faizlik payının dəyəri təxminən 42,6 milyard dollar təşkil edir.
Bununla yanaşı, Altmanın yalnız OpenAİ üçün deyil, ABŞ-da fəaliyyət göstərən digər iri süni intellekt şirkətlərinin də səhmlərinin müəyyən hissəsini hökumətə ayırmasını və bu payların yaradılması planlaşdırılan milli sərvət fondu vasitəsilə idarə olunmasını təklif etdiyi bildirilir.
Hazırda Donald Tramp administrasiyasının bu təklifi qəbul edib-etməyəcəyi ilə bağlı yekun qərar verilməyib.
Qeyd edək ki, OpenAİ bu ilin aprel ayında da süni intellekt sektorundan əldə olunan iqtisadi faydaların daha geniş kütləyə çatdırılması məqsədilə ictimai rifah fondu yaradılması ideyasını irəli sürmüşdü.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
