İyul 8, 2026
Baku
Mədəniyyət və cəmiyyət Xəbərlər

Bal kimi qarpızın sirri: Ən şirin qarpızı seçməyin yolu açıqlandı

Yay süfrələrinin əvəzolunmaz meyvələrindən olan qarpızı seçərkən illərdir tətbiq edilən “döyəcləmə” (qarpıza vurub səsinə qulaq asmaq) üsulu təkbaşına kifayət etmir. Mütəxəssislərin sözlərinə görə, şirin və tam yetişmiş qarpızı müəyyən etməyin daha etibarlı yolları var. Bunun üçün ilk növbədə qarpızın qabığındakı təbii izlərə, formasına və sapına diqqət yetirmək lazımdır.

Əksər alıcılar qarpızı yüngülcə döyərək çıxan səsə əsasən seçim etsələr də, bu üsul yalnız meyvənin su miqdarı barədə təxmini fikir verir. Qarpızın nə qədər şirin olduğunu isə səsindən dəqiq müəyyən etmək mümkün deyil.

Ən vacib göstəricilərdən biri qabığın üzərindəki torabənzər qəhvəyi izlərdir. Bu izlər qarpız çiçəkdə olarkən arılar tərəfindən nə dərəcədə yaxşı tozlandırıldığını göstərir. İzlər nə qədər çox və aydın olarsa, qarpızın yaxşı tozlandığı və adətən daha şirin olduğu ehtimal edilir. Buna görə də tam hamar qabıqlı qarpızlardan çox, üzərində təbii qəhvəyi naxışlar olanlara üstünlük vermək tövsiyə olunur.

Qarpızın forması da onun dadı barədə ipucu verir. Uzunsov və oval qarpızlar adətən daha sulu və sərinləşdirici olur. Yumru formalı qarpızlar isə çox vaxt daha şirin və ətirli hesab edilir. Əgər əsas məqsədiniz daha zəngin dadlı qarpız almaqdırsa, yumru olanları seçmək daha məqsədəuyğundur.

Sap hissəsi də yetişmə dərəcəsini müəyyənləşdirməyə kömək edir. Tam qurumuş və spiralvari bükülmüş sap, qarpızın budaqda daha uzun müddət qaldığını və tam yetişdiyini göstərə bilər. Düz və yaşıl saplı qarpızlar isə bəzən vaxtından əvvəl yığıldığı üçün lazımi qədər şirin olmaya bilər.

Beləliklə, yaxşı qarpız seçmək üçün yalnız səsinə deyil, qabığındakı qəhvəyi izlərə, formasına və sapının vəziyyətinə də diqqət yetirmək məsləhətdir. Bu sadə əlamətlər sayəsində daha şirin, sulu və yetişmiş qarpız seçmək mümkündür.

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az