ABŞ-da bu il keçirilən məzuniyyət mərasimləri göstərdi ki, süni intellekt mövzusu tələbələr arasında kifayət qədər mübahisəlidir. Texnologiya dünyasının tanınmış simaları, o cümlədən keçmiş Google rəhbəri Eric Schmidt, çıxışlarında süni intellektdən danışarkən etirazlarla qarşılaşıblar.
Bu dəfə diqqət mərkəzində Stanford Universiteti olub. Silikon Vadisinin mərkəzində yerləşən universitetin məzuniyyət mərasimində Google-un baş direktoru Sundar Pichai çıxış edib. O, zarafatla bildirib ki, ona ən çox verilən məsləhət süni intellekt haqqında danışmamaq olub.
Lakin buna baxmayaraq, yüzlərlə tələbə onun çıxışı zamanı etiraz əlaməti olaraq stadionu tərk edib. Bəzi tələbələr Google-un ABŞ immiqrasiya qurumları və İsrail ordusu ilə əməkdaşlığına etiraz edən plakatlar daşıyıblar.
Süni intellektə münasibət iki yerə bölünüb
Stanford tələbələrinin fikirləri fərqlidir.
Kompüter elmləri və süni intellekt üzrə təhsil alan İfdita Həsən texnologiyaya nikbin yanaşır:
“Süni intellekt bizə kainatı daha yaxşı anlamaq imkanı verir. İnsanlar ondan istifadə etməyi və ona uyğunlaşmağı öyrənməlidirlər.”
Onun fikrincə, yeni texnologiyalara qarşı ilkin qorxu normaldır və vaxtilə internet də oxşar reaksiyalarla qarşılanmışdı.
Lakin bütün tələbələr belə düşünmür.
Ətraf mühit və siyasət üzrə təhsil alan Ataş Heil süni intellektin çox sürətlə inkişaf etməsindən narahatdır:
“Qısa müddətdə çox böyük təsir göstərib. Gələcəyin necə olacağını bilməmək qorxuludur.”
O, xüsusilə süni intellekt tərəfindən yaradılan sənət əsərlərini gördükdən sonra narahat olduğunu bildirib:
“İncəsənətin insanlar tərəfindən yaradılmasını istəyirəm. Onu sənət edən də məhz budur.”
İş bazarı ilə bağlı narahatlıqlar artır
Məzunlar əmək bazarına məhz süni intellektin bir çox peşələri dəyişdirdiyi dövrdə daxil olurlar.
ABŞ-da aparılan araşdırmalar göstərir ki, yeni məzunların iş tapması əvvəlki illərlə müqayisədə daha çətinləşib. Xüsusilə proqram təminatı və digər texnologiya sahələrində giriş səviyyəli iş yerlərinin sayı azalıb.
Sosial şəbəkələrdə Stanford-un kompüter elmləri proqramının məzunlarının da iş tapmaqda çətinlik çəkdiyi barədə iddialar yayılıb. Universitet bu barədə rəsmi statistika paylaşmasa da, BBC-yə danışan tələbələrin əksəriyyəti ya artıq iş tapdıqlarını, ya da təhsillərini davam etdirməyi planlaşdırdıqlarını deyiblər.
Süni intellekt təhsili də dəyişdirir
Kompüter elmləri üzrə məzun Lusi Zimmerman bildirib ki, tələbələrin bir çoxu ev tapşırıqlarında süni intellektdən istifadə edir və bu, onların real bilik səviyyəsini gizlədə bilir.
Onun sözlərinə görə, bəzi dərslərdə buna görə yenidən nəzarət altında imtahanlar və şifahi yoxlamalar tətbiq edilməyə başlanıb.
Zimmerman qeyd edib:
“Gələcək nəsillər üçün də, öz nəslim üçün də narahatam.”
Stanford və süni intellekt arasındakı tarixi əlaqə
Stanford University ABŞ-ın ən nüfuzlu universitetlərindən biri hesab olunur. Google, Meta və Apple kimi texnologiya nəhənglərinin qərargahları universitetə yaxın ərazidə yerləşir.
Universitetin məzunları arasında Google-un həmtəsisçiləri Larry Page və Sergey Brin də var.
Süni intellekt sahəsinin öncüllərindən olan John McCarthy “artificial intelligence” (süni intellekt) terminini məhz Stanfordda işlədib.
“AI-nin xaç anası” kimi tanınan Fei-Fei Li burada professor kimi fəaliyyət göstərir. Həmçinin Sam Altman da vaxtilə Stanford tələbəsi olub.
Etirazların əsas səbəbi nə idi?
Pichai çıxışında süni intellektdən yalnız qısa şəkildə bəhs etsə də, onun sözləri “Azad Fələstin” şüarları ilə müşayiət olunan etirazlar səbəbindən tez-tez eşidilməyib.
Etiraz edən tələbələrin bir hissəsi Google-un İsrail ordusuna süni intellekt xidmətləri təqdim etməsini, digərləri isə şirkətin ABŞ immiqrasiya qurumları ilə əməkdaşlığını tənqid edib.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
