İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İngiltərə 12 yaşından kiçik uşaqların itlərlə tək buraxılmasını qadağan etməyə hazırlaşır

İngiltərə və Uelsdə XL Bully və digər “təhlükəli” it cinslərinə dair yeni tənzimləmə çərçivəsində 12 yaşdan kiçik uşaqların bu heyvanlarla nəzarətsiz şəkildə tək qalması qanunsuz olacaq.

Qərar, son dövrlərdə müəyyən təhlükəli it cinslərinin uşaqlara hücum hallarında artım müşahidə olunduqdan sonra qəbul edilib. Keçən il ailəyə məxsus XL Bully cinsli bir itin hücumu nəticəsində 10 yaşlı qız və 9 aylıq körpə həyatını itirib.

Parlamentə təqdim edilən yeni qanun layihəsinə əsasən, uşaqları belə itlərlə nəzarətsiz şəkildə tək buraxan şəxslərə cərimə tətbiq olunacaq və itlər müsadirə edilə biləcək.

Amerikan pitbull tipli bir cins olan XL Bully güclü bədən quruluşu və 60 kiloqrama qədər çəkiyə çata bilməsi ilə tanınır.

Bu cins 1991-ci il “Təhlükəli İtlər Qanunu” çərçivəsində artıq müəyyən məhdudiyyətlərə tabe idi.

1 fevral 2024-cü ildən etibarən isə icazə sənədi olmadan XL Bully saxlamaq cinayət hesab olunur.

Heyvanların rifahı naziri Sue Hayman bildirib ki, heç bir uşaq heç vaxt təhlükəli bir itlə tək buraxılmamalıdır və bu qaydalar uşaqların təhlükəsizliyini təmin etməyə yönəlib.

Qanunsuz sayılan cinslər üçün verilən icazə ilə bağlı mövcud məhdudiyyətlərin genişləndirilməsi nəticəsində hazırlanan bu qaydaların 1 noyabrda qüvvəyə minməsi gözlənilir.

Mütəxəssislər bütün itlər barədə xəbərdarlıq edir

Heyvan rifahı üzrə mütəxəssislər bildirirlər ki, cinsindən asılı olmayaraq uşaqlar heç vaxt itlərlə nəzarətsiz şəkildə tək buraxılmamalıdır. Statistik məlumatlara görə, uşaqlar böyüklərlə müqayisədə it dişləmələrinə daha çox məruz qalırlar.

Royal Society for the Prevention of Cruelty to Animals (RSPCA) təşkilatının it rifahı üzrə mütəxəssisi Dr. Samantha Gaines bütün valideynlərə çağırış edərək uşaqları itlərlə heç vaxt nəzarətsiz buraxmamağı tövsiyə edib.

O bildirib ki, uşaqlar və itlər arasında gözəl bir bağ yarana bilər, lakin onlar fərqli şəkildə ünsiyyət qururlar və ən yaxşı tanınan itlər belə bəzən dişləmə hadisələrinə səbəb ola bilər.

RSPCA XL Bully qadağasını tam dəstəkləmir və müəyyən cinslərin qadağan edilməsinə qarşı çıxır. Təşkilat bunun əvəzinə daha sərt nəzarət və it sahibliyi üçün lisenziya sisteminin bərpasını təklif edir.

İt hücumları artır

Dr. Gaines qeyd edib ki, uşaqlar böyüklərə nisbətən daha yüksək risk altındadır və buna görə də ümumi yanaşma baxımından qaydanı anlayır.

Lakin o əlavə edib ki, qaydanın yalnız müəyyən cinslərə yönəlməsi bəzi itlərin sadəcə görünüşünə görə təhlükəli olduğu fikrini gücləndirə bilər. Onun sözlərinə görə, istənilən it – cinsindən asılı olmayaraq – dişləmə riski daşıya bilər.

Birləşmiş Krallıqda it hücumlarının sayı artmaqda davam edir. 2024-cü ildə İngiltərə və Uelsdə insanlara qarşı 31 920 it hücumu qeydə alınıb.

Bu rəqəm 2023-cü illə müqayisədə 2% artım deməkdir. 2025-ci ilin məlumatları isə hələ açıqlanmayıb.

2024-cü ildə qüvvəyə minən qanunlar XL Bully cinsinin lisenziyasız saxlanmasını cinayət hesab etməklə yanaşı, onun satılmasını, tərk edilməsini, ictimai yerlərdə ağızsız və tasmasız gəzdirilməsini də qadağan edir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az