Məsələ yalnız nə yediyimizdə deyil, yeməyə necə yanaşdığımızdadır. Ağıl və bədən arasındakı əlaqə iştahamıza təsir edir, çünki yediyimiz yemək barədə gözləntilərimiz beynin aclıq və toxluq hissini necə qəbul etdiyini dəyişdirir.
Qarşınızda iştahaaçan bir şokolad və ya aşağı kalorili, təbii şirinləşdirilmiş alternativ olsa, hansını seçərdiniz?
Əksəriyyətimiz məntiqlə ikinci variantın daha düzgün seçim olduğunu bilsək də, dadlı bir şirniyyatdan imtina etmək çox çətindir. Bu da arıqlamağa çalışan insanların pəhrizə davam etməsini çətinləşdirir.
İnsan orqanizmi enerji ilə zəngin və şirin qidalara meylli şəkildə formalaşıb. Bunun səbəbi qədim əcdadlarımızın həyatda qalmaq üçün bu cür qidalara ehtiyac duymasıdır.
Üstəlik, yaşadığımız mühit yüksək kalorili və ultra-emal olunmuş məhsullarla doludur. Belə qidaları yedikdə isə insanlar çox vaxt özlərini günahkar hiss edirlər.
Ashley Gearhardt deyir:
“Ultra-emal olunmuş məhsullar sanki ağır metal konserti kimidir. Onlar digər bütün dadları boğacaq şəkildə hazırlanır. Belə olanda meyvə və ya tərəvəzin o incə ‘klassik musiqisini’ hiss etmək insan üçün çox çətin olur.”
Araşdırmalar göstərir ki, sağlam çəki saxlamaq üçün yalnız nə yediyimizə deyil, yeməyə münasibətimizə də diqqət etməliyik. Hətta yeməkdən həzz almağın sağlamlıq üçün faydaları olduğu bildirilir. Çünki yediyimiz qida barədə gözləntilərimiz sonradan nə qədər ac və ya tox hiss edəcəyimizi müəyyənləşdirir.
“Sağlam” süd kokteylləri niyə doyurmur?
15 il əvvəl aparılmış və məşhurlaşmış bir təcrübədə alimlər müəyyən etdilər ki, insanların yedikləri barədə inancı bədənin reaksiyasına təsir edə bilir.
ABŞ-dakı Alia Crum rəhbərliyində çalışan alimlər göstərdilər ki, iştirakçılar yüksək kalorili və “lüks” hesab etdikləri süd kokteylini içdiklərini düşündükdə, onların hormonal reaksiyası dəyişirdi. Maraqlısı budur ki, fərq əslində içkinin kalorisinə görə yox, insanların nə içdiklərini düşündüyünə görə yaranırdı.
İştirakçılara eyni süd kokteyli verilsə də, bəzilərinə onun “sağlam və cəmi 140 kalorili”, digərlərinə isə “620 kalorilik ləzzətli kokteyl” olduğu deyildi. Halbuki hər iki içki əslində 380 kalorili idi.
Özünü “lüks kokteyl” içirmiş kimi hiss edən iştirakçılarda aclıq hormonu olan qrelinin səviyyəsi daha kəskin şəkildə azaldı. Qrelin insan ac olanda artır, tox olanda isə azalır. “Sağlam kokteyl” içdiyini düşünənlərdə isə bu azalma daha zəif oldu.
Bu nəticə göstərdi ki, yeməklə bağlı düşüncə və gözləntilər bədənin reaksiyasını dəyişə bilir.
Alia Crum bunu belə izah edir:
“İnsan kifayət qədər yediyinə inananda, bədən də elə reaksiya verir ki, sanki doğrudan da doyub.”
Bu məsələ sağlam çəki saxlamaq baxımından vacibdir, çünki qrelin maddələr mübadiləsinə təsir edir. İnsan özünü tox hiss etmədikdə maddələr mübadiləsi zəifləyir və bədən daha az enerji yandırır. Yəni daim özünü məhdudlaşdırmaq düşüncəsi arıqlama prosesinə əks təsir göstərə bilər.
Crum deyir:
“Əgər arıqlamaq üçün şəkəri, yağı və kaloriləri azaldırsınızsa, amma bunu daim məhrumiyyət hissi ilə edirsinizsə, bu, arıqlamağınıza mane ola bilər.”
O, həmçinin insanların toxluq hissi ilə bağlı genetik xüsusiyyətlərinə dair də oxşar nəticələr əldə edib. Özlərinə “tez doymağa səbəb olan genlərə sahib olduqları” deyilən insanlarda, əslində belə genləri olmasa belə, çəkiyə təsir edən GLP-1 hormonu daha çox ifraz olunurdu.
Etiketlərin təsiri
Qidaların üzərindəki yazılar da insanların hisslərinə təsir edir.
Bir araşdırmada iştirakçılara eyni tərkibli protein batonları verildi. Birinin üzərində “dadlı”, digərinin üzərində isə “sağlam” yazılmışdı. Başqa bir qrup isə sadəcə batonun görünüşünü qiymətləndirirdi.
“Sağlam” etiketi olan batonları yeyən iştirakçılar özlərini daha az məmnun hiss etdilər, daha çox ac olduqlarını bildirdilər və sonradan daha çox yemək yedilər. Hətta bu nəticə baton yeməyənlərdən də yüksək idi.
Bu onu göstərir ki, “sağlam” etiketi insanlarda yeməkdən zövq alma gözləntisini azaldır və nəticədə həmin qidalar onları daha az doyurur.
Araşdırmalar göstərir ki, sağlam qidalar dad və həzz üzərindən təqdim ediləndə insanlar onları daha çox bəyənirlər. Eyni zamanda, şokoladlı tort kimi “qadağan olunmuş” hesab edilən qidaları yeyəndə özünü günahkar hiss edən insanların arıqlamaqda daha az uğurlu olduğu müəyyən olunub.
Bu nəticələr arıqlamaq istəyən insanlar üçün vacib mesaj verir: özünü daim məhdudlaşdırmaq həmişə daha az kalori qəbul etmək demək deyil. Əksinə, sonradan həddindən artıq yeməyə səbəb ola bilər.
Crum hesab edir ki, insanlar “light”, “az kalorili” və ya “reduced” kimi məhrumiyyət hissi yaradan ifadələrdən uzaq durmalı və bədənlərinə daha çox güvənməlidirlər.
“İnsanda daim nəyinsə çatışmadığı hissi yarananda, bu, pəhrizin təsirini zəiflədə bilər.”
Ashley Gearhardt də bununla razılaşır və deyir ki, yeməyə yalnız kalori və qida dəyəri kimi yox, həm də həzz mənbəyi kimi baxmaq vacibdir.
“İnsan özünü həddindən artıq məhdudlaşdıranda, yemək artıq zövq yox, məcburiyyətə çevrilir.”
Mütəxəssislər hesab edir ki, əsas diqqət zülallarla zəngin, təbii və emal olunmamış qidalara — meyvə, tərəvəz və faydalı məhsullara yönəlməlidir.
Gearhardt deyir:
“İnsan bədəni məhz bu cür qidalarla qidalanmaq və onlardan həzz almaq üçün yaradılıb.”
Ultra-emal olunmuş qidaların azaldılması da vacibdir. Çünki onlar bədənin ehtiyac duyduğu qidaları tam təmin etmir və insanı daha çox yeməyə sövq edir.
Crum isə bunu “həzz düşüncəsi” ilə etməyi tövsiyə edir. Yəni məqsəd özünü ac saxlamaq yox, bədənin ehtiyac duyduğu qidaları ona vermək olmalıdır.
“Özünüzə və bədəninizə güvənin. Bədəniniz doğru zamanda doğru qidalara ehtiyac duyacaq.”
Nəticə etibarilə, balanslı qidalanma ilə yanaşı, ara-sıra sevdiyiniz bir şirniyyatı günah hiss etmədən və zövq alaraq yemək də sağlam çəki saxlamağın bir hissəsi ola bilər.
Mənbə:BBC
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
