Metalik asteroidə doğru yolunu davam etdirən NASA-nın “Psyche” kosmik aparatı Marsın yaxınlığından keçərək Qırmızı planetin nadir görüntülərini çəkib. 2023-cü ilin oktyabrında buraxılan Psyche, Mars və Yupiter orbitləri arasında, əsas asteroid qurşağının xarici hissəsində yerləşən “16 Psyche” asteroidinə doğru hərəkət edir.
Yer səthindən və kosmik teleskoplardan aparılan müşahidələr bu kosmik qayanın yüksək dərəcədə əks etdirici, metal tərkibli səthə malik olduğunu göstərir.
Alimlər hesab edirlər ki, bu böyük metal asteroid, Yer, Mars, Merkuri və Venera kimi planetlərin daxili qatlarına bənzər şəkildə, erkən dövr bir planetin formalaşmamış nüvəsi ola bilər.
Qravitasiya “sapanı” ilə sürət artımı
Kosmik aparatın 3,6 milyard kilometrlik səfərində yanacağa qənaət etmək, günəş-elektrik itki sistemini dəstəkləmək və trayektoriyanı tənzimləmək üçün uçuş planına Mars yaxın keçidi də daxil edilib.
Psyche 15 mayda Marsın yanından keçərkən planetin cazibə qüvvəsi “sapan” effekti yaradaraq aparatın sürətini saatda təxminən 1600 km artırıb və Günəşə görə orbit müstəvisini təxminən 1 dərəcə dəyişib.
NASA-nın Kaliforniyadakı Jet Propulsion Laboratory mərkəzindən naviqasiya üzrə məsul Don Han bildirib ki, “Marsın kosmik aparata verdiyi sürət artımını təsdiqlədik. Hazırda 2029-cu ilin yayında Psyche asteroidinə çatacaq trayektoriyadayıq.”
Test və nadir görüntülər
Yaxın keçid zamanı Psyche Mars səthinə təxminən 4609 km qədər yaxınlaşıb və bütün elmi cihazlarını və kameralarını işə salaraq gələcəkdə asteroidə çatanda aparacağı əməliyyatların sınağını həyata keçirib. Bu yüksək bucaqdan baxış Marsın Günəş işığı ilə işıqlanan incə hilal formasında nadir görüntülərini əldə etməyə imkan verib.
Arizona Dövlət Universitetindən görüntüləmə qrupunun rəhbəri Jim Bell bildirib ki, bu “hilal görünüşü” və keçiddən sonrakı “demək olar ki, dolunay” mənzərəsi kameraların kalibrlənməsi və elmi arxiv üçün çox dəyərli imkan yaradıb.
Kameralar Marsın cənub qütbündəki buz örtüyünü, Huygens kraterini, gecə və gündüz zonalarını və küləklə daşınan toz izlərini əks etdirən minlərlə foto çəkib.
Psyche kosmik aparatı 2029-cu ilin avqustunda hədəf asteroidə çatacaq və müxtəlif orbitlərdən onu tam xəritələndirəcək.
Əgər toplanan məlumatlar bu asteroidin qədim bir planet nüvəsi olduğunu təsdiqləsə, Yer və Mars kimi planetlərin daxili quruluşu barədə çox vacib yeni biliklər əldə ediləcək.
Mənbə:TRT Haber
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
