Dünya Şəhər Forumunun (WUF13) Bakıda keçirilən on üçüncü sessiyasının ikinci günü — 18 may tarixində bir sıra mühüm tədbirlər baş tutub.
WUF13-ün rəsmi açılış mərasimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə keçirilib.
Mərasimdən əvvəl Prezident İlham Əliyev və BMT-nin İnsan Məskənləri Proqramının (UN-Habitat) icraçı direktoru Anacláudia Rossbach forumda iştirak edən dövlət və hökumət başçılarını, eləcə də nümayəndə heyətlərinin rəhbərlərini qarşılayıblar. Qarşılama mərasimindən sonra rəsmi ailə fotosu çəkdirilib.
Tədbir WUF13-ün açılışına həsr olunmuş UN-Habitat filmi və mədəni proqramla davam edib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, WUF13 üçün 182 ölkədən 45 mindən çox iştirakçı qeydiyyatdan keçib. Dövlət başçısı vurğulayıb:
“2022-ci ildən etibarən BMT-nin İnsan Məskənləri Proqramı ilə birlikdə uzun illər işğal altında qalmış Ağdam, Zəngilan və Xankəndidə üç milli şəhərsalma forumu təşkil etmişik.”
Prezident həmçinin işğaldan azad edilmiş ərazilərdə son beş ildə aparılan bərpa-quruculuq işləri və Azərbaycan hökumətinin əsas prioritetlərindən olan Böyük Qayıdış Proqramı barədə ətraflı danışıb.
Açılış mərasimində BMT-nin Baş katibi António Guterres və BMT Baş Assambleyasının Prezidenti Annalena Baerbocknin videomüraciətləri də nümayiş etdirilib.
Rəsmi açılışdan sonra keçirilən Liderlərin Bəyanatları sessiyasında iştirakçı ölkələrin nümayəndələri Prezident İlham Əliyevə WUF13-ə ev sahibliyi etdiyinə görə təşəkkür edib, forumun yüksək səviyyədə təşkil olunduğunu və Azərbaycanın şəhərsalma sahəsində təşəbbüslərini yüksək qiymətləndiriblər.
Günün proqramı çərçivəsində WUF13-ün açılışına həsr olunmuş mətbuat konfransı da keçirilib. Brifinqdə UN-Habitat-ın icraçı direktoru Anacláudia Rossbach, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri və WUF13 üzrə milli koordinator Anar Quliyev, həmçinin Malayziyanın Mənzil və Yerli İdarəetmə naziri və hazırkı UN-Habitat Assambleyasının prezidenti Nga Kor Ming iştirak ediblər.
Mətbuat konfransında əlçatan mənzil təminatı, sürətli urbanizasiyanın yaratdığı təzyiqlər, postmünaqişə ərazilərində yenidənqurma, ağıllı şəhərsalma və beynəlxalq əməkdaşlığın əhəmiyyəti kimi mövzular müzakirə olunub.
Daha sonra Urban Expo sərgisinin açılışını bildirən lentkəsmə mərasimi keçirilib. Tədbirdə Anacláudia Rossbach və Anar Quliyev iştirak ediblər. Şəhərsalma və mənzil sahəsində innovativ yanaşmalara həsr olunan sərgidə 82 ölkədən 260 təşkilat və qurumu təmsil edən 130-a yaxın pavilyon nümayiş olunur. Bunların arasında 41 ölkənin milli pavilyonu yer alır.
Sərginin əsas diqqət çəkən məkanlarından biri Azərbaycan pavilyonudur. Sahəsi 1500 kvadratmetr olan pavilyon sərgidə ən böyük pavilyon hesab olunur və iştirakçıların böyük marağına səbəb olub.
Müxtəlif iştirak, ortaq baxış
Forumun ilk iki günü ərzində WUF13 həm fiziki, həm də onlayn formatda 162 ölkədən 25 mindən çox iştirakçını bir araya gətirib və bu göstərici ilə Dünya Şəhər Forumunun ən böyük sessiyalarından biri kimi qiymətləndirilir. Ümumilikdə isə qeydiyyatdan keçən iştirakçıların sayı 182 ölkə üzrə təxminən 60 min nəfərə çatıb.
Qeydiyyatdan keçən iştirakçıların 89,7 faizini Asiya ölkələrinin nümayəndələri təşkil edib. Afrika 5,6 faiz, Avropa 3,4 faiz, Amerika qitəsi isə 1,1 faiz paya sahib olub.
Forumda gender balansına da xüsusi diqqət yetirilib. Dəvət olunan çıxışçıların 56 faizi qadınlar, 44 faizi isə kişilər olub.
“Dünya üçün mənzil: təhlükəsiz və dayanıqlı şəhərlər və icmalar” mövzusuna həsr olunan WUF13 forumu 17–22 may tarixlərində keçirilir. Tədbir BMT-nin İnsan Məskənləri Proqramı (UN-Habitat) və Azərbaycan Respublikası Hökumətinin birgə təşkilatçılığı ilə baş tutur.

Mənbə:wuf13.az
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az
