İyul 8, 2026
Baku
Tarixdə bu gün Xəbərlər

5 May – Əlillərin Hüquqlarının Müdafiəsi Günü, (1992)

1992-ci ildən BMT Baş Assambleyasının qərarı ilə hər il 5 may Əlillərin Hüquqlarının Müdafiəsi Günü kimi qeyd olunur. Azərbaycanda bu qəbildən olan insanların sayı 450 mindən çoxdur. Ölkəmizdə əlillərin sosial müdafiəsi ilə bağlı dövlət proqramı mövcuddur. Həmin proqramda əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında qanunun bütün müddəaları öz əksini tapıb. Əlillərin sosial müdafiəsi isə ildən-ilə daha da gücləndirilir, bu istiqamətdə genişmiqyaslı tədbirlər həyata keçirilir. Bu işlər onların cəmiyyətə inteqrasiyasına xidmət edir. Dövlət hər ay əlillik qruplarına uyğun olaraq, onlara pensiya və sosial müavinətlər verir. Onların sağlamlığının bərpası üçün paytaxtda və bölgələrdə reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Bütün bunlar əlilliyin qarşısının alınmasında, əlillərin reabilitasiyasında mühüm rol oynayır. BMT-nin nüfuzlu strukturlarından biri olan Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyi tərəfindən ölkəmizin Prezidentinə ünvanlanmış 2008-ci il 12 dekabr tarixli müraciətdə “Əlillərin hüquqları haqqında” Konvensiyanın yerli və mərkəzi səviyyədə müxtəlif dövlət qurumları arasında əlaqələndirməni təmin etmək məqsədilə hökumətdə əlaqələndirici şəxsin təyin olunması və əlaqələndirmə mexanizminin yaradılması (maddə 33.1), Konvensiyanın həyata keçirilməsinin təşviqi və monitorinqi (maddə 33.2) məqsədilə Ombudsman Aparatında müvafiq bazanın yaradılması üçün adekvat tədbirlərin görülməsi təklif edilmişdir. Bu UNİCEF-in həmin istiqamətdə hökumətimizə dəstək vermək niyyətində olduğunun ifadəsidir.

Gundelik.az