BMT-nin Cenevrədəki İnsan Hüquqları Ofisi çərşənbə günü bildirib ki, İran-İraq müharibəsinin başlanğıcından bəri Tehran ən azı 21 nəfəri edam edib və 4000-dən çox insanı həbs edib.
Bəyanatda edam edilənlərdən ən azı doqquzunun yanvar etirazları ilə əlaqəli olduğu qeyd edilib və əlavə edilib ki, 10 nəfər müxalifət və ya düşmən qrupların üzvü olduqları iddiası ilə öldürülüb, iki nəfər isə casusluq ittihamı ilə edam edilib.
Bütün bu edamlar ABŞ və İsrailin İrana hücumları 28 fevralda başladıqdan sonra həyata keçirilib
BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarı Volker Türk deyib: “Mən şoka düşmüşəm və narahatam. İran hakimiyyəti insanların hüquqlarını ciddi şəkildə məhdudlaşdırmağa davam edir”.
Türk həmçinin Tehranı edamları dayandırmağa, özbaşına saxlanılan məhbusları azad etməyə və ölüm hökmünə son qoymağa çağırıb.
Ofis 9 martdan bəri 4000-dən çox insanın “milli təhlükəsizlik ittihamları” ilə saxlanıldığını açıqladı. BMT-nin məlumatına görə, saxlanılanların çoxu zorla yoxa çıxıb, işgəncəyə məruz qalıb və ya ölüm hökmünə məhkum edilib. Qeyd olunur ki, etnik və dini azlıqlar bu prosesdən qeyri-mütənasib şəkildə təsirləniblər.
BMT, İran məhkəmə sisteminin müharibənin başlanğıcından bəri “müharibə şəraiti”ni əsas gətirərək məhkumluq və cəzaların sürətləndirildiyini bildirib. Bu, İranda geniş yayılmış insan haqları pozuntuları ilə bağlı narahatlıqları artırıb.
İran məhkəmələrinin düşmən dövlətlərlə əməkdaşlıq etməkdə və ya müharibəyə qarşı çıxmaqda şübhəli bilinən vətəndaşların əmlaklarını müsadirə etməyə başladığı, əmlak müsadirələrinin xüsusilə xaricdə yaşayan ictimai xadimləri və iranlıları hədəf aldığı barədə də məlumatlar var. ABŞ prezidenti Donald Tramp yanvar ayında minlərlə insanın ölümünə səbəb olan etirazların yatırılmasından sonra İran hökumətini təxminən 800 dissidentin edamını dayandırmağa inandırdığını iddia etsə də, Tehran bunu təkzib edib.
Tramp daha sonra İranın səkkiz qadının edamını dayandırdığını iddia etdi və İslam Respublikası da bu iddianı rədd etdi.
Mənbə:Euronews
Tərtib etdi:Səid Mikayılzadə
Gundelik.az
