Yaz mövsümü təbiətin oyanışı, günəşli günlərin artması və həyatın canlanması ilə müşayiət olunsa da, allergiyaya meyilli insanlar üçün bu dövr müəyyən çətinliklərlə yadda qalır. Bitkilərin tozlanması nəticəsində havada allergenlərin miqdarının artması bir çox insanda asqırma, öskürək, burun axıntısı, göz sulanması, dəri qaşıntısı və hətta nəfəs darlığı kimi narahatlıqlara səbəb olur. Bu vəziyyətdə yalnız dərman müalicəsi deyil, düzgün və balanslı qidalanma da mühüm rol oynayır. Qidalar vasitəsilə immun sistemini gücləndirmək, bağırsaq sağlamlığını qorumaq və allergik reaksiyaların şiddətini azaltmaq mümkündür.
Mövzu ilə bağlı Gundelik.az xəbər portalına açıqlama verən Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, qida eksperti Məhsəti Hüseynova yaz allergiyası zamanı qidalanmanın incəliklərini izah edir.
Hansı qidalar yaz allergiyasını gücləndirə bilər?
– Allergiyanı gücləndirən qidalar fərddən asılı olaraq dəyişə bilər. Lakin ümumi olaraq kivi, pomidor və bəzi çərəzlər – qoz, fındıq, badam kimi məhsullar bəzi insanlarda allergik reaksiyalara səbəb ola bilir. Eyni zamanda bal da müəyyən hallarda güclü allergen kimi çıxış edir. Şaftalı və buna bənzər meyvələr də bəzi insanlarda allergiyanın şiddətlənməsinə gətirib çıxara bilər. Buna görə hər kəs öz orqanizminin reaksiyasını diqqətlə izləməlidir.
Hansı qidalar allergiya simptomlarını azaltmağa kömək edir?
– Allergiya simptomlarını azaltmaq üçün daha sadə və təmiz tərkibli qidalara üstünlük verilməsi tövsiyə olunur. Xüsusilə bağırsaq sağlamlığının güclü olması allergiya ilə mübarizədə mühüm rol oynayır. Bu baxımdan probiotik və prebiotiklərlə zəngin qidalar – qatıq, kefir və bəzi pendir növləri faydalıdır.
Eyni zamanda az tərkibli, çox qarışıq olmayan qidaların seçilməsi və lifli qidaların qəbulu da vacibdir. Lif bağırsaq mikroflorasını dəstəkləyir, bu isə immun sisteminin güclənməsinə və allergik reaksiyaların azalmasına kömək edir.
Vitaminlərin allergiyaya təsiri nədir?
– Antioksidantlarla zəngin qidalar allergiya dövründə xüsusilə faydalıdır. C vitamini ilə zəngin olan giləmeyvələr, şirin bibər, brokoli, portağal və limon kimi məhsullar immun sistemini dəstəkləyir. Bununla yanaşı, D və E vitaminləri, eləcə də sink tərkibli qidalar orqanizmin müqavimətini artırır.
Bəzi meyvələr – məsələn, alma və heyva – çiy halda allergik təsir göstərə bilər. Lakin bu meyvələri bişmiş formada qəbul etmək daha təhlükəsiz hesab olunur.
Hansı qidalar immun sistemini gücləndirərək allergiyanı azaltmağa kömək edir?
– Omega-3 yağ turşuları ilə zəngin olan qidalar, xüsusilə qızıl balıq və somon balığı immun sisteminin güclənməsində mühüm rol oynayır. Bu tip qidalar iltihab əleyhinə təsir göstərərək allergik reaksiyaların azalmasına kömək edə bilər.
Allergiya hallarında nə zaman həkimə müraciət etmək lazımdır?
– Əgər allergiya simptomları üç gündən artıq davam edirsə və ya şiddətlənirsə, mütləq həkimə müraciət olunmalıdır. Belə hallarda həkim məsləhəti ilə müvafiq dərman müalicəsinin başlanması vacibdir.
Yaz allergiyası ilə mübarizədə düzgün qidalanma ən az dərman müalicəsi qədər əhəmiyyətlidir. Sadə, təbii və balanslı qidalanma, bağırsaq sağlamlığının qorunması və immun sisteminin gücləndirilməsi allergiyanın təsirlərini minimuma endirməyə kömək edə bilər. Hər bir insan isə öz orqanizmini tanımalı və hansı qidaların ona uyğun olub-olmadığını diqqətlə müşahidə etməlidir.
Hazırladı: Ziyalə Əhmədli
Gundelik.az
