İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Pezeşkian: Türkiyənin İranla həmrəyliyini yüksək qiymətləndiririk

İran Prezidenti Məsud Pezeşkian Türkiyənin İrana göstərdiyi dəstəyə görə təşəkkür edib. O bildirib ki, Türkiyənin İrana qarşı “amansız hücumları” pisləyən mövqeyi və türk xalqının həmrəyliyi yüksək dəyərləndirilir.

İran Prezident Administrasiyasının açıqlamasına görə, Pezeşkian Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə telefon danışığı aparıb. Görüş zamanı tərəflər müharibənin dayandırılması üçün mümkün həll yollarını müzakirə ediblər.

Pezeşkian, İrana qarşı hərbi hücumların dayandırılması istiqamətində səylər göstərən dost və qonşu ölkələrə təşəkkür edərək bildirib: Türkiyənin bu məsələdə tutduğu mövqe və xüsusilə türk xalqının dəstəyi diqqətəlayiqdir.

O həmçinin vurğulayıb ki, İran ilə ABŞ arasında əldə olunan və İsraili də əhatə edən müvəqqəti atəşkəs razılaşması bölgədə — o cümlədən Livan daxil olmaqla — bütün cəbhələri əhatə etməlidir.

Pezeşkiyanın sözlərinə görə, İsrailin addımları bölgədə gərginliyi artırmağa yönəlib və İslam ölkələri buna qarşı birlik nümayiş etdirməlidir. O əlavə edib ki, beynəlxalq ictimaiyyət və İslam ölkələri, xüsusilə Livan kimi ölkələrə qarşı hücumların dayandırılması üçün ABŞ və İsrailə təzyiq göstərməlidir.

Sonda İran Prezidenti qeyd edib ki, ölkəsi regional sabitliyin qorunması və münaqişənin genişlənməsinin qarşısını almaq üçün atəşkəsi qəbul edib. Lakin atəşkəsin davamlı olması qarşı tərəfin öhdəliklərə real şəkildə əməl etməsindən asılıdır.

Mənbə: TRT Haber

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az