İyul 8, 2026
Baku
Dünya Xəbərlər

İranla atəşkəs razılaşması Tramp üçün qismən qələbədir — lakin yüksək qiymətə

Vaşinqton vaxtı ilə saat 18:32-də prezident Donald Tramp öz sosial media platformasında ABŞ və İranın “qəti” sülh razılaşmasına “çox yaxın” olduğunu və danışıqlara imkan yaratmaq üçün iki həftəlik atəşkəsə razılaşdığını yazdı.

Bu, tam son anda olmasa da, Trampın saat 20:00 (Çərşənbə günü GMT ilə 00:00) üçün qoyduğu ultimatum — razılaşma əldə olunmasa, ABŞ-ın İranın enerji və nəqliyyat infrastrukturuna genişmiqyaslı zərbələr endirəcəyi — nəzərə alınanda, kifayət qədər yaxın idi.

Bütün bunlar İranın da hərbi əməliyyatları dayandırması və Hörmüz boğazını kommersiya gəmiçiliyi üçün tam açması şərti ilə baş verir. İran bunu edəcəyini desə də, eyni zamanda bu su yoluna “nəzarət etdiyini” vurğulayır. Bu razılaşma Trampa çətin seçimdən çıxmaq imkanı verdi — ya eskalasiyanı artırıb “bütöv bir sivilizasiyanın bu gecə məhv olacağı” vədini yerinə yetirmək, ya da geri çəkilib nüfuzuna zərbə vurmaq. Lakin bu yalnız müvəqqəti rahatlıq ola bilər.

ABŞ və İran indi növbəti iki həftə ərzində danışıqlar aparacaq və bu müddət qalıcı razılaşma əldə etmək üçün vaxt qazandırır. Bu prosesin çətin keçəcəyi ehtimal olunur. Buna baxmayaraq, bir barel neftin qiyməti günlər sonra ilk dəfə 100 dollardan aşağı düşdü və ABŞ fond bazarı fyuçersləri yüksəldi. Görünür, ən pis ssenarinin arxada qalması ilə bağlı müəyyən optimizm var. Halbuki hələ çərşənbə axşamı səhər Tramp İran sivilizasiyasının “bir daha geri qayıtmamaq şərtilə məhv ediləcəyini” demişdi.

ABŞ prezidentinin belə şokedici təhdidinin İranı əvvəllər rədd etdiyi atəşkəsi qəbul etməyə məcbur edib-etmədiyi bəlli deyil. Amma aydın olan odur ki, Trampın bu cür sərt və təxribatçı bəyanatları müasir ABŞ prezidentləri arasında görünməmiş haldır.

Hətta iki həftəlik atəşkəs qalıcı sülhlə nəticələnsə belə, İran müharibəsi və Trampın son açıqlamaları dünyanın ABŞ-a baxışını kökündən dəyişmiş ola bilər. Bir vaxtlar qlobal sabitliyin təminatçısı kimi çıxış edən ölkə indi beynəlxalq nizamın əsaslarını sarsıdır. Daxili siyasətdə qaydaları pozmaqdan çəkinməyən prezident indi bunu qlobal səhnədə də edir.

Demokratlar Trampın sözlərini kəskin tənqid etdilər, bəziləri hətta onun vəzifədən uzaqlaşdırılmasını tələb etdi.

Konqres üzvü Xoakin Kastro X platformasında yazdı:

“Prezidentin vəziyyətinin pisləşdiyi və rəhbərlik etməyə yararsız olduğu aydındır.”

Senatda Demokratların lideri Çak Şumer isə bildirib ki, İran müharibəsini dayandırmaq üçün səsverməyə qoşulmayan hər bir respublikaçı “baş verəcək hər şeyin məsuliyyətini daşıyır”.

Respublikaçılar arasında da Trampa dəstək tam yekdil deyildi.

Corciya ştatından konqresmen Ostin Skott prezidentin “sivilizasiyanın məhv edilməsi” ilə bağlı sözlərini kəskin tənqid etdi:

“Bu şərhlər əks təsir verir və mən onlarla razı deyiləm.”

Viskonsin senatoru Ron Conson belə bombardman kampaniyasının “böyük səhv” olacağını dedi. Texasdan konqresmen Nataniel Moran da “bütöv bir sivilizasiyanın məhvini” dəstəkləmədiyini yazdı:

“Bu, bizim kimliyimiz deyil və Amerika prinsiplərinə uyğun deyil.”

Alyaskadan senator Liza Murkovski də açıq şəkildə bildirdi ki, bu təhdid “danışıqlarda leverage (təzyiq aləti) kimi izah oluna bilməz”.

Ağ Ev isə bunun əksini iddia edə bilər — yəni bu təzyiqin nəticə verdiyini. Reytinqləri düşən, partiya daxilində tənqidlər artan və enerji qiymətlərinə görə çətinlik yaşayan iqtisadiyyat fonunda Tramp üçün bu çıxış yolu rahatlıq gətirə bilər.

Atəşkəsi elan etdiyi paylaşımda Tramp bildirib ki, ABŞ “bütün hərbi məqsədlərinə nail olub və onları aşırıb”.

İranın hərbi gücü xeyli zəiflədilib. İslamçı rejim hələ hakimiyyətdə qalsa da, bir çox yüksək səviyyəli rəhbərlər hava zərbələri nəticəsində öldürülüb.

Lakin ABŞ-ın bəyan etdiyi bir çox məqsədlər hələ də qeyri-müəyyəndir. İranın zənginləşdirilmiş uran ehtiyatlarının taleyi məlum deyil. Ölkə hələ də regiondakı müttəfiq qruplar üzərində təsirə malikdir, məsələn, Yəməndəki Husi üsyançıları.

Hətta İran Hörmüz boğazını tam açsa belə — ödəniş və ya digər şərtlər olmadan — onun bu strateji keçidə nəzarət imkanları indi daha aydın görünür.

Trampın bəyanatından sonra İranın xarici işlər naziri Seyid Abbas Əraqçi bildirdi ki, İran “müdafiə əməliyyatlarını” dayandıracaq və Hörmüzdən təhlükəsiz keçidi təmin edəcək. O əlavə etdi ki, ABŞ İranın 10 maddəlik planının “ümumi çərçivəsini” qəbul edib.

Bu plana ABŞ qoşunlarının regiondan çıxarılması, İrana qarşı sanksiyaların ləğvi, müharibə ziyanlarının ödənilməsi və Hörmüz üzərində İranın nəzarətinin tanınması daxildir. Trampın bu şərtləri qəbul etməsi çətin görünür — bu da qarşıdakı danışıqların çətin keçəcəyinə işarədir.

Hazırda isə bu, Tramp üçün qismən siyasi qələbədir. O, dramatik təhdid etdi və istədiyi nəticəni əldə etdi. Amma bu atəşkəs qalıcı həll deyil, sadəcə müvəqqəti fasilədir.

Bu müharibənin və prezidentin sözlərinin uzunmüddətli nəticələri isə hələ tam qiymətləndirilməyib.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az