İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

17 Mart – Aktyor, rejissor Hüseyn Ərəblinskinin 145 illiyi, (1881-1919)

Hüseyn Ərəblinski bütün həyatının mənasını sənət məbədinə xidmət eləməkdə görürdü. O, söyləyirdi ki, “Səhnə müqəddəsdir, ona layiq olmaq üçün aktyor ciddi bir
əxlaq sahibi olmalıdı.” Hüseyn Ərəblinskinin Azərbaycan teatrına göstərdiyi ən böyük xidmətlərdən biri də odur ki, o, dünya klassiklərini, eləcə də, rus dramaturqlarının bir sıra əsərlərini ilk dəfə olaraq, Azərbaycan səhnəsinə gətirmişdi.

Hüseyn Məmməd oğlu Xələfov 1881-ci ildə Bakı şəhərində yoxsul bir ailədə dünyaya göz açıb. “Üçüncü Rus-Tatar” məktəbinə daxil olan Hüseyn burada eyni zamanda rusca oxuyub-yazmağı öyrənir. Məktəb illərində ədəbiyyata xüsusi marağı ilə seçilən gələcək sənətkar məhz o illərdə teatrla tanış olur. Bu, professional teatrdan uzaq olan dərviş oyunları, səyyar sirk tamaşaları idi. Hüseyn Ərəblinskinin teatr fəaliyyəti 1903-1904-cü illərdə yaradılan Müsəlman artistləri cəmiyyəti ilə sıx bağlıdır. Onun
səhnədə ilk uğuru da məhz bu dövrə təsadüf edir. Bu haqda danışarkən, Hüseynin Otello rolunu diqqətdən kənarda qoymaq olmaz. O, ilk dəfə Otello rolunu 1910-cu ildə oynayıb. Xatırladaq ki, Hüseyn Otellonu 1910-cu ildə oynasa da, bu rol üzərində düz üç il çalışıb. Aktyorun bu rolun əvəzsiz ifaçı olması barədə bir sıra mənbələrdə məlumat verilib. O cümlədən, rus rejissoru Levini Ərəblinskinin Otellosu barədə bu fikirdə olmuşdur: “Mən bir çox tragik artistlər görmüşəm. Lakin sizdəki istedad və məharətin misli və bərabərini görməmişəm. Hərgah siz bu rolu rus səhnəsində ifa etsəydiniz, mən rejissorluğumu buraxıb, sizinlə birlikdə bütün Rusiyanı və hətta Avropanı gəzərdim.”Hüseyn Ərəblinskinin ən uğurlu işləri sırasında olan rolları aşağıdakılardır. Haqverdiyevin “Ağa Məhəmməd Şah Qacar”ında Qacar, Lanskoyun “Qəzavət”ində Əhməd bəy Şamxal, Qoqolun “Müəffətiş”ində Xlestakov, Nəcəf bəy Vəzirovun “Müsibəti-Fəxrəddin” əsərində Fəxrəddin, Mirzə Fətəli Axundovun “Hacı Qara” əsərində Heydər bəy, Şillerin “Qaçaqlar”ında Frans, Şekspirin “Otello”sunda Otello. Tarixi faktlardan məlum olur ki, Hüseyn 1916-cı ildə Bakıda çəkilən “Neft və Milyonlar Səltənətində” filmində Lütfəli bəyi oynamışdır. Hüseyn Ərəblinski 1919-cu ildə qətlə yetirilib. “Neft və Milyonlar Səltənətində” filmi Ərəblinskinin çəkildiyi ilk və son filmdir.1969-cu ildə Azərbaycan hökuməti Hüseyn Ərəblinskinin xatirəsini əbədiləşdirmək haqqında qərar qəbul etmişdir. Bu məqsədlə Sumqayıt Dövlət Gənclər Dram Teatrına Hüseyn Ərəblinskinin adı verilmişdir.
Filmoqrafiya:    Abbas Mirzə Şərifzadə (film), Neft və milyonlar səltənətində (film, 1916)- Lütfəli, Azərbaycanın səhnə ustaları (film, 1965),Üzeyir ömrü (film, 1981), Hüseyn Ərəblinski (film, 1982)

Gundelik.az