İyul 8, 2026
Baku
Müsahibə Siyasət Xəbərlər

Gənclik Siyasətlədir: Azərbaycan Gələcəyi Formalaşdırır” – Məhəmməd Əsədullazadə açıqlayır

Gundelik.az xəbər verir ki, siyasi ekspert Məhəmməd Əsədullazadə gənclərin siyasətdə iştirakı, süni intellektin dövlət siyasətinə inteqrasiyası və Azərbaycanın enerji təhlükəsizliyi mövzularında fikirlərini bölüşüb.

Gənclərin siyasətdə iştirakını stimullaşdırmaq üçün hansı addımlar vacibdir?

–  Azərbaycanda gənclərin siyasətə cəlb olunması üçün ilk növbədə siyasi partiyaların inkişafı və gənclərə geniş yer verilməsi vacibdir. Onlar siyasi proseslərdə aktiv iştirak etməli, simpoziumlar, konfranslar və diskussiyalar vasitəsilə daxili və xarici siyasət mövzularında iştirak etməlidirlər. Təəssüf ki, hazırda gənclərin əksəriyyəti siyasətdən kənardır və daha çox sosial məsələlərlə məşğuldur.

Dövlətin bu istiqamətdə maraqlı olması vacibdir, çünki gənclərin vətəndaş olaraq siyasətdə iştirak etməsi ölkənin inkişafını sürətləndirir, ekstremist və radikal cərəyanların yayılmasının qarşısını alır, cəmiyyətin savadlılığını artırır və intellektual gənc nəsil formalaşdırır.

Əvvəllər, xüsusən 1990-cı illərdən 2000-ci illərin əvvəllərinə qədər Azərbaycan gəncliyi siyasi proseslərdə daha aktiv idi. Hazırda isə gənclərin passivliyi müşahidə olunur və bu, qlobal çağırışların fonunda dəyişməlidir.

Qlobal çağırışlar – süni intellekt və rəqəmsallaşma dövlət siyasətinə necə inteqrasiya olunur? –  Azərbaycan süni intellekt və rəqəmsallaşma sahəsində aktiv siyasət həyata keçirir. Prezidentin sərəncamları ilə bir sıra dövlət qurumlarında bu sistemlər tətbiq olunur. Gələcəkdə süni intellektin siyasətə daha geniş inteqrasiyası planlaşdırılır.

Azərbaycan yerləşdiyi region və nəqliyyat qovşaqları səbəbilə qlobal siyasi proseslərin mərkəzlərindən birinə çevrilib. Dövlət rəqəmsallaşmanı həm iqtisadi, həm də sosial idarəetmədə, həmçinin qərar qəbuletmə proseslərində effektiv istifadə etməyə çalışır. Bu, Azərbaycanın qlobal çağırışlara adaptasiyasını gücləndirir və ölkəni rəqabət qabiliyyətli edir.

İqlim dəyişiklikləri və enerji təhlükəsizliyi kontekstində Azərbaycanın strateji mövqeyi nədir?

–   Azərbaycan iqlim dəyişiklikləri və enerji təhlükəsizliyi sahəsində strateji mövqeyə malikdir. Ölkə həm neft-qaz ixracı ilə, həm də yaşıl enerjinin inkişafı istiqamətində mühüm proqramlar həyata keçirir.

Hazırda Zəngəzur dəhlizi vasitəsilə yüksək güclü kabel xətləri çəkilir və külək, günəş enerjisindən istifadə mərkəzləri yaradılır. Azərbaycan digər dövlətlərlə bu sahədə sazişlər bağlayaraq enerji təhlükəsizliyinə töhfə verir. Bununla yanaşı, ölkəmiz atmosferə tullanan qazların azaldılması və iqlim dəyişikliklərinin qarşısının alınması istiqamətində də siyasət aparır. Azərbaycan bu sahədəki təcrübəsini region ölkələri üçün nümunəvi hesab edir və qlobal enerji təhlükəsizliyinə mühüm töhfə verir.

Məhəmməd Əsədullazadə  onu da vurğulayır ki, gənclərin siyasətdə fəal iştirakı, rəqəmsallaşma və süni intellektin inteqrasiyası, eləcə də enerji və iqlim siyasətində Azərbaycan üçün strateji önəm daşıyır. Bunlar ölkənin intellektual, iqtisadi və siyasi inkişafının təməlini təşkil edir.

Hazırladı : Jalə Əliyeva 

Gundelik.az