İyul 8, 2026
Baku
Dünya Xəbərlər

ABŞ-İran danışıqları “əhəmiyyətli irəliləyişdən” sonra başa çatdı – vasitəçi deyir

Cenevrədə keçirilən yüksək səviyyəli nüvə danışıqlarında ABŞ və İran rəsmiləri “əhəmiyyətli irəliləyiş” əldə ediblər. Bunu vasitəçi rolunu oynayan Oman xarici işlər naziri Badr Albusaidi bildirib. Lakin müharibənin qarşısını ala biləcək razılaşmanın əldə olunub-olunmayacağı hələ də qeyri-müəyyəndir.

Albusaidi deyib ki, tərəflər paytaxtlarında məsləhətləşmələr apardıqdan sonra danışıqları “tezliklə” bərpa etməyi planlaşdırırlar. Texniki səviyyəli müzakirələr isə gələn həftə Vyanada keçiriləcək.

İran nümayəndə heyətinə rəhbərlik edən xarici işlər naziri Abbas Araghchi “yaxşı irəliləyiş” əldə olunduğunu bildirib. O qeyd edib ki, bəzi məsələlərdə razılıq var, digərlərində isə fikir ayrılıqları qalır. Növbəti danışıqlar raundunun bir həftədən az müddətdə keçiriləcəyi gözlənilir.

Əlavə danışıqların baş tutması ABŞ prezidenti Donald Trump-ın İrana zərbə endirmək təhdidini həyata keçirməsi ehtimalını azalda bilər.

Tramp 2003-cü ildə ABŞ-ın rəhbərlik etdiyi İraq işğalından bəri Yaxın Şərqdə ən böyük hərbi gücləndirmə əmri verib. İran isə mümkün hücuma güclə cavab verəcəyini bildirib.

Onilliklərdir ki, ABŞ və İsrail İranı gizli şəkildə nüvə silahı hazırlamaqda ittiham edir. İran isə dəfələrlə nüvə bombası hazırlamaq niyyətində olmadığını və proqramının yalnız dinc məqsədlərə xidmət etdiyini bildirib. Bununla belə, İran nüvə silahına malik olmayan ölkələr arasında uranı silah səviyyəsinə yaxın dərəcədə zənginləşdirən yeganə dövlətdir.

İran dövlət mediasına görə, danışıqlarda İran dinc nüvə enerjisi hüququnda israr edib və ABŞ-ın ölkə ərazisində uranın zənginləşdirilməsini tam dayandırmaq, eləcə də 400 kq zənginləşdirilmiş uran ehtiyatını ölkədən çıxarmaq tələblərini rədd edib.

Bununla yanaşı, bəzi güzəştlərin təklif edildiyi bildirilir, lakin detallar açıqlanmayıb. Variantlardan biri kimi, İranın 3–5 illik fasilədən sonra beynəlxalq nəzarət altında uranı minimal səviyyədə zənginləşdirməsinə icazə verilməsi göstərilir.

Razılaşma qarşılığında Arakçi İran iqtisadiyyatını çökdürən sanksiyaların ləğvini tələb etdiklərini bildirib. Rejimin əleyhdarları isə hesab edir ki, sanksiyaların yumşaldılması hakim dini rəhbərliyə yeni nəfəs verə bilər.

Danışıqlar iki sessiyada baş tutub: səhər üç saatlıq görüş və axşam daha qısa iclas. ABŞ tərəfindən rəsmi reaksiya dərhal verilməyib.

ABŞ tərəfini xüsusi nümayəndə Stiv Uitkoff və Trampın kürəkəni Jared Kushner təmsil edib. Həmçinin Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Rafael Grossi də danışıqlara qatılıb.

Hələlik Trampın hansı şərtlərlə razılaşmanı qəbul edəcəyi aydın deyil. Prezident həmçinin, ötən il İsrail-İran müharibəsi zamanı ABŞ-ın İranın nüvə obyektlərini bombalamasından səkkiz ay sonra niyə indi hərbi əməliyyata ehtiyac ola biləcəyini tam izah etməyib.

İran artıq ballistik raket proqramına məhdudiyyətlərin qoyulmasını və bölgədəki müttəfiqlərinə – Qəzzada HƏMAS, Livanda Hizbullah, İraqdakı silahlı qruplar və Yəməndə husilərə dəstəyin dayandırılmasını müzakirə etməyi rədd edib.

Son həftələrdə ABŞ bölgəyə minlərlə əsgər, iki təyyarədaşıyan gəmi və digər hərbi gəmilər, həmçinin qırıcı təyyarələr və yanacaq doldurma təyyarələri göndərib.

Tramp ilk dəfə ötən ay İranda hökumət əleyhinə etirazların sərt şəkildə yatırılmasından sonra bombardmanla hədələyib. Sonradan isə diqqətini İranın nüvə proqramına yönəldib. Konqresdəki “Ölkənin vəziyyəti haqqında” çıxışında o, İranla gərginlikdən qısa və qeyri-müəyyən şəkildə danışıb.

Tramp İranın “tezliklə” ABŞ-a çata biləcək raketlər üzərində işlədiyini iddia edib, lakin detalları açıqlamayıb. O həmçinin İranı ötənilki zərbələrdən sonra nüvə silahı proqramını yenidən başlatmağa çalışmaqda ittiham edib və “terrorun bir nömrəli sponsoru”nun nüvə silahına malik olmasına icazə verə bilməyəcəyini bildirib.

Çıxışdan bir neçə saat əvvəl isə İranın xarici işlər naziri sosial şəbəkədə yazıb ki, İran “heç bir halda nüvə silahı hazırlamayacaq”.

Mənbə: BBC

Hazırladı: Ziyalə Əhmədli

Gundelik.az