Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib: “Dövləti təmsil edərkən vüqarlı olmaq əsla təkəbbürlü olmaq demək deyil. Vətəndaşa yuxarıdan baxılmasına, insanımıza hörmətsizlik edilməsinə, insanlar arasında ayrı-seçkilik aparılmasına dözümlülüyümüzün olmadığını artıq çox yaxşı bilirsiniz.”
Prezident Ankarada keçirilən “Valilər Buluşması”nda iştirak edərək mülki idarəçilik sisteminin nümayəndələri ilə bir araya gəlib. O, toplantının ölkə, millət və şəhərlər üçün xeyirli olmasını arzulayıb və tədbiri uğurla təşkil etdiyinə görə Daxili İşlər Nazirliyini təbrik edib.
Proqram çərçivəsində müxtəlif kateqoriyalar üzrə mükafata layiq görülən mülki idarə rəhbərlərini təbrik edən Ərdoğan deyib: “Bir azdan mükafatlarını təqdim edəcəyimiz mülki idarə amirlərimizin hər birini ayrıca təbrik edirəm. Sizinlə birlikdə vali müavinlərimizə, kaymakamlarımıza və mülki idarə sistemimizin bütün üzvlərinə Uca Allahdan müvəffəqiyyətlər arzulayıram.”
Çıxışında Daxili İşlər Nazirliyində baş vermiş vəzifə dəyişikliyinə də toxunan Prezident bildirib:
“Bildiyiniz kimi, ötən həftə nazirliyimizdə növbə dəyişikliyi baş verdi. 2,5 il ərzində daxili işlər naziri vəzifəsində çalışmış Ali Yerlikayaya bir daha – sizin hüzurunuzda – xidmətlərinə görə təşəkkür edirəm. Daxili İşlər Nazirliyi vəzifəsini təhvil alan Mustafa Çiftçiyə də eyni şəkildə uğurlar arzulayır, görəcəyi xeyirli işlərə görə indidən millətim adından minnətdarlığımı bildirirəm. Sizinlə birlikdə vali müavinlərimizə, kaymakamlarımıza və mülki idarə sistemimizin bütün üzvlərinə Allahdan müvəffəqiyyətlər diləyirəm. Şəhid olmuş mülki idarə rəhbərlərimizi, həmçinin vəfat etmiş valilərimizi və kaymakamlarımızı rəhmətlə yad edirəm. Allah onların ruhunu şad, məkanını cənnət etsin.”
“Ramazan xalqımız üçün xeyirlər gətirsin”
Bu gecə başlayacaq mübarək Ramazan ayının millətimiz, İslam aləmi və bütün bəşəriyyət üçün xeyirlərə vəsilə olmasını arzulayan Ərdoğan bildirib ki, rəhmət qapılarının açıldığı bu müqəddəs günlər birlik və həmrəyliyi daha da möhkəmləndirsin.
O, mərhum Mehmet Akif Ersoyun duasını xatırladaraq deyib ki, İstiqlal Marşı şairinin bu niyazını bu gün qəlblərinin ən dərin qatlarında hiss edir və həmin dualara ürəkdən “amin” deyirlər.
“Millətimizin hər bir fərdindən dualarında fələstinli məzlumları unutmamasını xahiş edirəm”
Ramazanı çətin şəraitdə, müvəqqəti çadırlarda qarşılayan, buna baxmayaraq vüqar və dirayətindən güzəştə getməyən Qəzzalı qardaşlarına şəxsən özü və ölkəsi adından həmrəylik mesajı göndərən Prezident bildirib ki, millətimizin hər bir fərdindən dualarında fələstinli məzlumları unutmamasını xüsusilə xahiş edir.
O vurğulayıb ki, biz bir-birimizə dəstək olduqca, yaralarımızı birlikdə sardıqca, yekvücud olaraq həmrəyliyimizi və məhəbbətimizi artırdıqca, bölgəmizdə və könül coğrafiyamızda sülhün, əmin-amanlığın və sabitliyin hökm sürəcəyi gözəl günlər çox yaxındır. “Yetər ki, zülmün və zalımın qarşısında dik duraq. Yetər ki, qardaşlığımıza və qardaşlarımıza möhkəm sarılaq. İnancımıza və ideallarımıza sahib çıxaq. O zaman Allahın izni ilə poza bilməyəcəyimiz heç bir tələ, cırıb ata bilməyəcəyimiz heç bir plan, puça çıxara bilməyəcəyimiz heç bir oyun və ssenari qalmayacaq.”
Ərdoğan mərhum mütəfəkkir Nurettin Topçunun millət, tarix və kimlik arasındakı bağlılıqla bağlı fikirlərinə də istinad edib. O qeyd edib ki, millət tarixindən ibarətdir; milləti tarixindən ayırdıqda geriyə sadəcə insan kütləsi qalır. Millətin keçmişini təşkil edən bütün hadisələr, əsərlər və düşüncələr bir zəncirin halqaları kimidir. Bu zəncir nəsilləri bir-birinə bağlayır və daha qədim köklərə qədər uzanır.
Prezident vurğulayıb ki, böyük bir millət olaraq bizim böyük ruhumuzun əsas xüsusiyyətlərindən biri dövlət anlayışına verdiyimiz məna və əhəmiyyətdir. Biz tarix boyu heç vaxt dövlətsiz qalmamış, “əbədi müddət” şüarı ilə dövlətini yaşatmış və onu gələcək nəsillərə ötürmüş bir millətik. Milli və mənəvi dəyərlərimiz, insani və mədəni sərvətlərimiz, keçmiş və gələcək təsəvvürümüz dövlət fəlsəfəmizin ayrılmaz hissəsidir.

Mənbə: TRT Haber
Hazırladı :Ziyalə Əhmədli
Gundelik.az
