Müasir dövrdə qadın sağlamlığının qorunması və onkoloji xəstəliklərin profilaktikası səhiyyənin əsas prioritetlərindən biridir. Xüsusilə HPV (İnsan Papilloma Virusu) infeksiyası və onun yaratdığı risklər bu sahədə maarifləndirmənin nə qədər vacib olduğunu bir daha göstərir. Zamanında aparılan vaksinasiyanın gələcək sağlamlıq üçün həlledici rol oynadığı bu mövzuda cəmiyyətin doğru və elmi əsaslı məlumatlara ehtiyacı var.
Məhz bu məqsədlə mama-ginekoloq, tibb üzrə fəlsəfə doktoru, Azərbaycan Tibb Universitetinin I Mamalıq və Ginekologiya kafedrasının assistenti Aliyə Bağırovadan HPV vaksini, immun sisteminin qorunması, peyvəndin tətbiq olunduğu yaş dövrləri və ən çox narahatlıq doğuran suallarla bağlı ətraflı müsahibə aldıq. Təqdim etdiyimiz bu yazıda mütəxəssisin elmi yanaşması və praktiki təcrübəsi əsasında oxucular üçün mühüm məqamlar diqqətə çatdırılır.
HPV virusu nədir və niyə bu qədər təhlükəli hesab olunur?
– HPV (İnsan Papilloma Virusu) cinsi yolla ötürülən ən geniş yayılmış viruslardan biridir. Lakin çox zaman bu virus yalnız cinsi əlaqə ilə əlaqələndirilsə də, əslində yoluxma yolları daha genişdir. HPV dəridən-dəriyə təmas, əldən-ələ keçmə, eləcə də hamiləlik zamanı anadan dölə ötürülə bilər. Virusun təhlükəsi ondadır ki, uzun müddət heç bir əlamət vermədən orqanizmdə qala və illər sonra ciddi xəstəliklərə səbəb ola bilər.
HPV-nin neçə növü var və hansı risklər yaradır?
– HPV-nin 200-dən artıq növü mövcuddur. Onlardan təxminən 20-yə yaxını genital infeksiyalara səbəb olur. Bu tiplər şərti olaraq iki qrupa bölünür:
aşağı onkogen tiplər, əsasən genital ziyillərlə müşahidə olunur,
yüksək onkogen tiplər isə qadınlarda uşaqlıq boynu, vagina və anus xərçəngi, kişilərdə isə anus və penis xərçəngi kimi ağır xəstəliklərin əsas səbəblərindən sayılır. Məhz bu səbəbdən HPV hər iki cins üçün ciddi təhlükə mənbəyidir.
HPV infeksiyası həmişə özünü simptomlarla göstərirmi?
– Xeyr. HPV infeksiyası çox vaxt asimptomatik inkişaf edir. Bir çox insan illərlə virus daşıyıcısı olduğunu bilmədən yaşayır. Heç bir klinik əlamət olmadığı halda virus orqanizmdə qalaraq sonradan ağır nəticələrə yol aça bilər. Bu da HPV-nin erkən profilaktikasını son dərəcə vacib edir.
HPV vaksini nədir və kimlər üçün nəzərdə tutulub?
– HPV virusu həm qadınlarda, həm də kişilərdə rast gəlindiyi üçün vaksinasiya hər iki cins üçün tövsiyə olunur. HPV vaksini profilaktik xarakter daşıyır və gələcəkdə virusun yaratdığı ağır fəsadların qarşısını almağa yönəlib. Bu vaksin cəmiyyət sağlamlığının qorunmasında mühüm rol oynayır.
HPV vaksini üçün ən uyğun yaş dövrü hansıdır?
– Ən ideal yaş dövrü 11–12 yaş hesab olunur. Bu mərhələdə cinsi həyat başlamadığı üçün yoluxma riski yoxdur və immun sistemin vaksinə cavabı daha güclü olur.
9–14 yaş aralığında peyvənd 2 doza,
15–26 yaş aralığında isə 3 doza şəklində tətbiq edilir.
Bununla yanaşı, 27–45 yaş aralığında da HPV vaksini effektivliyini qoruyur və qoruyucu təsir göstərir. Daha ətraflı məlumat üçün:
Dozalanma qaydası necədir?
• 9–14 yaş aralığında: 1-ci dozadan 6 ay sonra 2-ci doza
• 15–26 yaş aralığında:
1-ci dozadan 2 ay sonra 2-ci doza,
1-ci dozadan 6 ay sonra 3-cü doza
Bu sxemə düzgün əməl edildikdə vaksinin qoruyuculuğu demək olar ki, 100 faizə yaxın olur.
HPV vaksini ilə bağlı insanları ən çox narahat edən suallar hansılardır?
– Ən çox verilən suallardan biri vaksinin yan təsirləri ilə bağlıdır. HPV vaksininin ciddi yan təsirləri yoxdur. Bəzən peyvənd yerində qızartı, şişkinlik və ya yüngül ağrı müşahidə oluna bilər ki, bu da qısa müddətdə keçib gedir.
HPV vaksini canlı peyvənddirmi?
– Xeyr, HPV vaksini canlı deyil. Bu, rekombinant vaksindir. Rekombinant vaksinlər bütün mikroorqanizm əvəzinə mikroorqanizmin kiçik bir hissəsini ehtiva edən peyvəndlərdir.
Vaksinin qoruma müddəti nə qədərdir?
– HPV vaksini əzələdaxili tətbiq olunur və orta hesabla 10 il müddətində qoruyucu təsir göstərir. Peyvəndə qarşı qoruyucu antikorların səviyyəsiisə 2-ci dozadan sonra başlayır.
Hamiləlik dövründə HPV vaksinasiyası mümkündürmü?
– Xeyr. HPV vaksininin hamiləlik dövründə istifadəsi əks göstərişdir. Vaksin tövsiyə olunan yaş dövrlərində tətbiq edildikdə daha yüksək effektivlik göstərir. HPV vaksini hamilə olan və ya hamiləlik şübhəsi olan qadınlarda istifadəsi tövsiyə edilmir. Hamiləlik zamanı bilmədən vurulan peyvəndlərdən sonra hansısa anomaliyaların artması isə aşkar edilməyib.
Əgər şəxsdə artıq HPV infeksiyası varsa, vaksin vurula bilərmi?
– Xeyr. Əgər orqanizmdə artıq aktiv HPV infeksiyası mövcuddursa, bu halda peyvəndin istifadəsi məsləhət görülmür. Çünki HPV vaksini müalicəvi deyil, profilaktik xarakter daşıyır və mövcud xəstəliyə qarşı mübarizə aparmır.
Sonda oxuculara nə tövsiyə edərdiniz?
– HPV vaksinasiyası gələcəkdə ağır onkoloji xəstəliklərin qarşısını almağın ən etibarlı yollarından biridir. Vaxtında aparılan peyvənd həm fərdi sağlamlığın, həm də gələcək nəsillərin qorunmasına xidmət edir.
Zümrüd Əsədova
Gundelik.az
