“İnci palçqda əriməz”. Hansın da məhz inci kimi saf qəlbi ətrafdakı ona gülüb lağ edən insanların çirkabında məhv olmadı, daha da gözəlləşdi, özünün təsvir etdiyi kimi çirkin ördək balası qu quşuna çevrilə bildi.
Viktor Hüqo
XVIII əsrdə uşaqlara öz zövqlərinə görə kitab seçmək imkanı yaranmağa başlayıb. D.Defo və C.Sviftin “böyüklər” üçün yazılmış “Robinzon Kruzo” (1719) və “Qulliverin səyahəti” romanları ideal formada uşaqların oxu dairəsinə adaptasiya olunub. Sonralar yazılaraq kitablara köçürülən xalq nağıllarına da maraq artıb. XIX-XX əsrlər Azərbaycanda uşaq ədəbiyyatının inkişafı ilə xarakterizə olunub. Həqiqətən də əgər nağıllar toplusu dərc edilərsə, Danimarkalı yazıçı Hans Kristian Andersenin nağılları olmadan o toplu tam olmaz. Bəli, “Çirkin ördək balası”,
“Düyməcik”, “Noxud üstündə yatan şahzadə qız”, “Qalay əsgərcik”, “Qar Kraliçası”, “Çaxmaq daşı”, “Dəcəl oğlan”, “Bülbül” və s. digər sehirli nağılları daxil etmədən nağıllar toplusu tamamlanmamış görünər. Yazıçının nağılları 100-dən çox dilə tərcümə edilmişdir. Hans Kristian
Andersenin söylədiyi kimi həyatın özü ən gözəl sehirli nağıldır. Baxdığın hər şey sehirli nağıla çevrilə bilər, toxunduğun hər şeydən bir hekayə düzəldə bilərsən.” Maraqlı burasıdır ki, müəllifin özünün də həyatı sehirli nağıla bənzəyib. Yaradıcılığı boyu Andersen pyeslər, səyahətnamələr, romanlar və şeirlər də yazmasına baxmayaraq, bütün dünyada daha çox nağıllarına görə tanınır.
Professor Cəlil Nağıyevin qeyd etdiyi kimi “Andersen üçün nağıl hamının başa düşdüyü sadə xalq hekayəsi, əyləncə, fantastik aləmin təsviri deyildi. O, digər nağılçı müəlliflərdən fərqli olaraq, nağılı ciddi bir ədəbi janra çevirdi. Andersen qədim nağılların arxaik üslubunu dəyişərək onları müasirləşdirdi, onlara əsl həyati və fəlsəfi məna verə bildi. Andersenin nağıllarının obraz və personajları çoxçeşidli və rəngarəngdir. Andersenin qeyri-adi istedadı imkan verirdi ki, o, bizi əhatə edən, zahirən heç nəyi ilə və heç nədən seçilməyən varlıqlara xüsusi məna verə bilsin.” Andersen nağıllarının mövzu dairəsi həqiqətən də çox geniş, rəngarəng və əhatəlidir. Andersen yaradıcılığında incəsənət, sənət və sənətkar mövzusu əhəmiyyətli yerlərdən birini tutur. Bu mövzuya həsr olunmuş maraqlı əsərlərdən biri də “Bülbül” nağılıdır. Andersen də dünyanın bütün mütərəqqi ziyalıları və sənətkarları kimi, qəti şəkildə əmin olmuşdur ki, yalnız əsl incəsənət, xalqla sıx bağlı olan mədəniyyət yaşamaq hüququna malikdir və ölməzdir. Bu nağılın əsas mövzusu da əsl və saxta sənətin qarşı-qarşıya durması problemindən götürülmüşdür. Əsl incəsənətin məğzi də bu nağılda birmənalı şəkildə ifadə olunmuşdur – bu real təbiətlə bağlı olan, təbiətdən gələn incəsənətdir. “Bülbül” nağılında təsvir olunan süni, əldəqayırma bülbül yalançı, saxta incəsənətin ifadəçisidir. Bu quşun səsi də özü kimi ölüdür və məhz elə ona görə də o, əsl təsiretmə gücünə malik deyil. Ağır sınaq zamanı isə təbiətin qoynunda yaşayan əsl bülbülün
zəngulələri hətta ölümün özünə qalib gəldiyi zaman, bu saxta, oyuncaq quş susur. Andersenin satirik səciyyəli nağılları içərisində “Kralın yeni paltarı” əsəri xüsusilə diqqəti cəlb edir. Müəllif qədim milli mənbələrdən götürdüyü bu nağıl süjetində öz dövrünün burjua cəmiyyətinin
ikiüzlülüyünü və yalanı kəskin satira atəşinə tutmuşdur. Bu nağılda təsvir olunan məzəli və qeyri-adi hadisə vasitəsilə Andersen dövlətçilik həyatını yalan və riyakarlıq üzərində qurulduğunu göstərə bilmişdir. İki kələkbazın guya kral üçün misli-bərabəri görünməmiş paltar tikmək adı ilə ondan böyük həcmdə mukafat qopartmaq istəməsi nağılın əsas məğzini təşkil edir.
Onlar özlərini qeyri-adi dərzi kimi göstərərək, əslində heç bir parça olmadan krala paltar tikirlər və deyirlər ki, bu xüsusi paltardır və axmaqların gözünə görünmür. Təbiidir ki, kral özü, onun əyanları öz axmaqlıqlarını büruzə verməsinlər deyə, bu olmayan paltarın varlığına inanır, onu tərifləyir və başqalarına da bunu təlqin etməyə çalışırlar. Kral bu olmayan paltarı guya əyninə geyinir və onu şəhər camaatına göstərməyə çıxır. Bütün camaat da bu tələyə düşür, ancaq təsirə qapılmayan bir uşaq deyir ki, “Axı kralın əynində paltar yoxdur!” Andersenin
yaradıcılığında saf məhəbbət mövzusu da əsas yerlərdən birini tutur. Bu mövzu, xüsusilə “Qar kraliçası” nağılında daha qabarıq şəkildə ifadə olunmuşdur. Yazıçı, demək olar ki, özünün bütün ülvi hisslərini, saf duyğularını məhz dostluq, məhəbbət, qarşılıqlı anlama motivləri vasitəsilə
ifadə etmişdir. “Qar kraliçası” nağılında Andersen məhz bu ali insani hissləri ifadə edə bilmişdir. Andersenin fikrincə, şər qüvvələr dünyada nə qədər güclü olsalar da saf məhəbbət və dostluq sayəsində onlara qalib gəlmək mümkündür. Kayı axtara-axtara Qar kraliçasının sarayının
astanasına çatdığı zaman Gerdanı arxasında gətirən maral müdrik fin qadınına deyir ki, bu qıza o, xüsusi güc versin, yoxsa bu qızcığaz Kayı xilas edə bilməz. Bu qadın isə marala belə cavab verir: “Bu qız elə güclüdür ki, mən bundan artıq heç nə edə bilmərəm. Bəyəm sən onun hansı gücə malik olduğunu görmürsən? Fikir ver, axı həm insanlar, həm də heyvanlar ona xidmət edir.
O, ayaqyalın dünyanın yarısını keçib gəlib! Bu güc isə onun ürəyində məskən salıb”. Kiçik nağıllarla yanaşı Hans Kristian Andersen, nisbətən irihəcmli nağıl-povestlər də yazmışdır. Əgər kiçik nağıllarda insan obrazları epizodik səciyyə daşıyırsa, yazıçının nağıl-povestlərinin baş
qəhrəmanları insanlardır və əksinə, əşyalar, heyvanlar və quşlar burada epizodik rolda çıxış edirlər. Andersenin belə nağıl-povestlərindən, xüsusilə “Su pərisi”, “Qar kraliçası”, “Buz qız” kimi əsərlərini göstərə bilərik. “Su pərisi” nağıl-povestində əfsanəvi bir canlının – su pərisinin
insana saf, təmənnasız, fədakar məhəbbətindən bəhs olunur. Burada da real insan həyatı və fantastika bir-birilə qaynayıb-qarışır və tam inandırıcı səciyyə daşıyır. Adi insana aşiq olan bu pəri, bədii ədəbiyyatda təsvir olunan digər pərilərdən fərqli olaraq, məkrli, təhlükəli deyil, o, adiinsanı bütün varlığı ilə sevir və onu xilas etmək üçün həyatını qurban verir. Bu nağıl romantik lirik üslubda yazılsa da, tam mənasında real səciyyə daşıyır. “Qar kraliçası”, “Buz qız” nağıl- povestlərində də belə bir faciəvi hadisələr təsvir olunmuşdur. Dərin psixoloji səpkidə yazılmış bu nağıllarda dərin ictimai, mənəvi və əxlaqi prinsiplər ifadə olunmuş, maraqlı obrazlar sistemi yaradılmışdır. Andersenin də nağılları digər Avropa yazıçılarının nağılları kimi, yüksək bədii məziyyətlərə malikdir və dünya bədii ədəbiyyatının inkişafında böyük əhəmiyyət kəsb etmişdir.
Bütün bu nağıllar ideya zənginliyinə, bədii-estetik məziyyətlərinə, zəngin obrazlar sisteminə, forma və məzmun xüsusiyyətlərinə görə bu gün də dünya ədəbiyyatının nadir inciləri sırasına daxildir və bəşəriyyət durduqca onlar da yaşayacaqdır. Yazıçının kiçik yaşlı uşaqların həyatından bəhs edən nağılları bütün oxucuların, o cümlədən də, kiçik yaşlı oxucuların şəxsi kitabxanalarında sevimli kitabları arasında yer alır. Belə ki, bu nağıllar hər bir dövrün azyaşlılarının böyük rəğbətini qazanmış əsərlərdir. Bu əsərlər kiçik yaşlı oxucularda maraq
yaradır və onların dünyagörüşünün artmasına kömək edir.Andersenin nağıllarının obraz və personajları çoxçeşidli və rəngarəngdir. Burada baş qəhrəman kimi uşaq da ola bilər, usta sənətkar da, eyni zamanda bu nağıllarda adi ev əşyaları, mətbəx avadanlıqları, uşaq oyuncaqları, paltar hissəcikləri, çəmənlikdə, həyətyanı sahədə, bostanda bitən bitkilər və gül- çiçəklər, ən adi, hər gün rast gəldiyimiz ev heyvanları və ev quşları – itlər, pişiklər, toyuqlar, hind quşları, bağçada yaşayan nəğməkar quşlar və s. bu nağılların əsas iştirakçıları kimi çıxış edirlər. Bu obrazların hərəsinin öz siması, portreti, fərdi daxili, psixoloji aləmi, həyat tarixçəsi, başına gələn macəralar var və onların hər biri öz dilində, bir qədər kinayəli, bir qədər yumorla danışır.
XIX əsrin məşhur Danimarka yazıçısı Hans Kristian Andersenin nağıllarında dinamik sujet, danışıq dilinin sadəliyi və canlılığı, dərin emosionallıq, incə yumor onun nağıllarının xarakterik xüsusiyyətləridir. Andersen uşaq psixologiyasını dərindən duymuş və incəlikləri ilə əks etdirmişdir. Folklordan yaradıcılıqla istifadə etmiş yazıçının nağılları böyüklər üçün də ibrətamizdir. 2 aprel 1805-ci ildə çəkməçi ailəsində dünyaya göz açan balaca Hans sonralar ürəyinin odu ilə cazibədar nağıllarını yaratdı. Öz uşaqlıq dünyasını düşünə-düşünə özü bu sehrli aləmin sehr-cazibəsindən bir an belə ayrı yaşamadı. Nağıllarının bütün dünyanı gəzib- dolaşacağını düşünən yazıçı hər kəlməni dilinə gətirəndə kağızın üstündə quş kimi əsdi. Xəyalında qanadlanan fikrin, ideyanın tilsimini, sehrini-sirrini uşaqların nağıl dünyasının gözlə görünməz biçimində, seçimində qoruyub saxladı. Özünəməxsus yazıçı sənətkar qüdrəti ilə arzusuna, istəyinə nail oldu. Bu nağılçı şahzadənin qələmə aldığı nağıllarında mərd-mərdanəlik, ağıl və şücaət, əsl məhəbbət, zarafat və yumorla yoğrulmuş həqiqət xalq nağıllarına nə qədər bənzəsə də, bu nağılların hər birində uşaqları əyləndirmək, onların ürəyindəki istəyin, eşqin qığılcımlarını oda, işığa çevirmək məramı vardı. Andersenin nağılları heç də xalq nağıllarının əkiz tayları deyillər. Andersen nağıllarının içində nağılçı Andersenin öz səsi həmişə eşidilir. Bu səs Andersenin öz oxucusu ilə sanki üzbəsurət dayanıb onu düşündürmək üçün arayıb-axtardığı jestlər, priyomlardır. Öz balaca oxucusunu – dinləyicisini əyləndirmək, şən, bəzən də acı gülüş, yaxud təbəssümlə, incə yumorla, kiçik həcmli nağılları ilə onlara çox şeyləri demək bacarığı, məharəti H.K.Andersenin yazıçı bəxtinə, qismətinə düşdü. Andersenin heykəli hələ sağlığında ucaldılıb. Maraqlıdır ki, müəllifi tanınmış sənətkar Oqyüst Sabye olan abidənin memarlıq layihəsini yazıçının özü təsdiqləyib. Hazırda paytaxt Kopenhagendəki əsas meydanda Andersenin kresloda əyləşərək əlində kitab tutmuş tənha heykəli var. Tanıdığımız yerlərdən Rusiyanın paytaxtı Moskvada da tanınmış yazıçıya heykəl qoyulub. Doğma Odense şəhərinin əfsanələri, nağılları ilə böyüyən Andersen kitablar aləminə baş vurduqca qarşısında açılan yazıçı dünyasına vuruldu. Yazdı, amma necə yazdı?! Əsl sənət adamı kimi yazdı. Yazdıqlarını bütün dünya ürəkdən sevdi, onu nağıllar səltənətinin kralı kimi yazdı. Canlı danışıq dili, yüyrək nağılçı koloriti, yığcam sujet xətti, fantaziya ilə real həyatın poetik vəhdəti, qeyri-adi yazıçı-nağılçı təhkiyəsi H.K. Andersen nağıllarının gözəl tərcümələrinə yeni-yeni cığırlar açdı. Və bu cığırlarla öz milli folkloruna zənginlik gətirən dünya xalqlarından biri də Azərbaycan türkləri oldu.
Yazıçının həyatı uğursuz olmuşdur, bəlkə də, buna görədir ki, uşaqlar üçün yazdığı sehirli nağıllarında iki gənci qovuşdururdu, öz həyatındakı uğursuzluğu qələmi vasitəsilə inkar etməyə, uşaqlara sevginin sonda qələbə çalmasına inandırmağa çalışırdı. Dünyanın bir sıra ölkələrini
gəzən, öz dövrünün dünya şöhrətli sənət adamlarından H.Heyne, V.Hüqo, A.Düma, C.Dikkens, H.V.Lonqfello kimi yazıçı və şairlərlə görüşən, məktublaşan H.K.Andersen “ölümündən sonra” daha bir uzun ömür yaşayır. Hamımıza məlumdur ki, aprelin 2-si Beynəlxalq Uşaq Kitabı
Günüdür. Uşaq ədəbiyyatı gününün məhz bu tarixə təsadüf etməsinin maraqlı bir tarixçəsi vardır. Məşhur nağılçı Hans Kristian Andersen 1805-ci il aprelin 2-də anadan olub. Beynəlxalq Uşaq Kitab Gününün məhz bu tarixdə qeyd olunmasını alman yazıçısı Yella Lepman təklif edib.1967- ci ildən etibarən yazıçının doğum günü Uşaq Kitabları üzrə Beynəlxalq Şuranın təşəbbüsü ilə bütün dünyada Beynəlxalq Uşaq Kitabı Günü kimi qeyd olunmağa başlayıb. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək üçün yaranmışdır. İsveçdə fəaliyyət göstərən Beynəlxalq Uşaq və Gənclər Kitabı Şurasının Andersen mükafatı ötən əsrin 60-cı illərində təsis olunub. Dünyanın 76 ölkəsi bu təşkilatın üzvüdür. 2014- cü ildə 57 nəfər Andersen mükafatı ilə təltif olunub. Bu mükafat dünya uşaq yazıçılarının müasir ədəbi mühitini özündə əks etdirən ən yaxşı əsərlərinin seçimi deməkdir. Bu tarix cəmiyyətin diqqətini uşaq ədəbiyyatına, onun problemlərinə və kitab mədəniyyətinə cəlb etmək üçün yaradılıb. Şuranın qurucusu Jella Lepman, kitabların insanlar arasında anlaşma və sülh körpüləri qura biləcəyinə inanıb. Buna görə o, kitablar vasitəsilə uşaqları bir araya gətirən beynəlxalq bir təşkilat olaraq İBBY-ni yaradıb. O, müharibədən sonra alman uşaqlarının nəinki qida, dərman, paltar və ya sığınacaq, həm də kitablara ehtiyacı olduğu üçün bunu edib. Yella Lepmanın deyirdi ki, bizə pəncərələri olan kitablar lazımdır, dünyaya açılan və digər insanların necə yaşadıqlarını,bizimlə eyni insani hiss və duyğulara sahib olduqlarını bildirən pəncərəli kitablar.Ümumiyyətlə, uşaq kitablarının tarixi 1477-ci ildən, antik yunan müəllifi Ezopun mahnılarının yazılı kitab şəklində çap edilməsi ilə başlayır. 1658-ci ildə çex maarifçisi və pedaqoqu Y.A.Komenski uşaqlar üçün dünyanı anlatmaq məqsədilə rəsmlərin yer aldığı kitab nəşr etdirib. Məqsəd isə uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq, kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir. 1953-cü ildə Yella Lepman uşaq ədəbiyyatı üzrə nobel mükafatı olan “Hans Kristian Andersen” mükafatının təsis edilməsini təklif edib. Həmin ildə təsis olunan mükafat uşaq ədəbiyyatının ən maraqlı incilərinin müəlliflərinə, dünyanın 20 ölkəsindən 23 yazıçı və uşaq kitabları üçün rəsm çəkən 17 illüstrasiyaçı – rəssama təqdim olunub. İlk dəfə bu,
1956-cı ildə ingilis nağılçısı E.Fardkona, 1958-ci ildə isə isveç yazıçısı A.Lindqrene verilib. Sonra E.Keçtner, C.Kryuss, italyan C.Rodari də bu mükafata layiq görülüb. Başqa bir mükafat isə son illər nəşr olunan uşaq kitablarının illüstrasiyası və onların dünyanın müxtəlif dillərdə
tərcüməsinə görə təqdim edilən Fəxri Diplomdur. F.Köçərli adına Respublika Uşaq kitabxanası 2012-ci ildən Beynəlxalq Uşaq Kitabı Şurasının (İBBY) üzvüdür. Təşkilata üzv olmaqda əsas məqsəd Azərbaycanda uşaq yazıçıları, rəssam və tərcüməçilərini müasir uşaq ədəbiyyatımızdakı problemlərə yönəltmək, Beynəlxalq Uşaq Kitabı Şurası ilə ölkəmizi tanıtmaq və uşaq ədəbiyyatı sahəsində olan yenilikləri təbliğ etməklə uşaqların mütaliəyə olan həvəslərini artırmaq, onlarıünya uşaq ədəbiyyatı nümunələri ilə tanış etməkdir. Həmçinin uşaqların intellektual inkişafında kitabın rolunu artırmaq üçün kitaba sevgi aşılamaq və diqqəti uşaq kitabının nəşrinə yönəltməkdir.
Məmmədli Ruhiyyə
F.Köçərli adına Respublika Uşaq kitabxanasının Elmi-metodika şöbəsinin müdiri
Gundelik.az
