İnsan taleyi ilə cəmiyyət arasında görünməz, lakin sarsılmaz bir bağ var. Bu bağ bəzən yazılmamış qanunlar, bəzən isə nəsillər boyu ötürülən düşüncə qəlibləri ilə formalaşır. Fəlsəfə bizə öyrədir ki, azadlıq yalnız hüquqlarla deyil, həm də şüurla ölçülür. Çünki insanın qarşısında duran maneələr hər zaman fiziki və ya hüquqi olmur — bəzən ən ağır baryerlər düşüncələrdə, gözləntilərdə və susqun razılaşmalarda gizlənir.
Cəmiyyətin qadın və kişi üçün cızdığı uğur yolları da məhz bu səssiz razılaşmaların məhsuludur. Birinə risk almaq, liderlik və irəliləmək təbii haqq kimi təqdim olunduğu halda, digərinə fədakarlıq, səbr və uyğunlaşma öyrədilir. Bu fərq isə zamanla talelərə, karyeralara və daxili gücə çevrilir.
“Sabaha Ümidlə psixoloji dəstək İctimai Birliyi” nin sədri, ailə psixoloqu, pedaqoq Nərminə Çəfərova ilə apardığımız bu müsahibə yalnız qadın və kişi uğurunun müqayisəsi deyil. Bu, cəmiyyətin şüuraltı seçimlərinin, psixoloji maneələrin və görünməyən baryerlərin fəlsəfi təhlilidir. Burada söhbət təkcə zirvəyə kimin daha tez çatmasından getmir — söhbət o zirvəyə hansı yük, hansı fədakarlıq və hansı daxili mübarizə ilə qalxıldığından gedir.
Bu müsahibə oxucunu bir sualla baş-başa buraxır: uğur həqiqətən sürət məsələsidir, yoxsa insanın keçdiyi yolun mənası və dərinliyi?
Müsahibəni Gundelik.az oxucularına təqdim edirik:
“Kim uğurun zirvəsinə daha tez çata bilir — cəmiyyətin səssiz baryerlərini aşan qadınmı, yoxsa o baryerlərin arxasında rahat addımlayan kişi?”
— Səssiz baryer dedikdə nəyi nəzərdə tuturuq? Bu baryerlər rəsmi qanunlarda yazılmayan, lakin gündəlik münasibətlərdə açıq şəkildə hiss olunan sosial maneələrdir. “Əsas ailədir”, ” ailə karyerada önəmlidir”, “ailəni karyeraya qurban vermək olmaz”, “qadına yaraşmaz” və s. kimi ifadələr qadağa deyil əslində, amma istər- istəməz çərçivələr yaradır. Amma kişi isə bu çərçivələrdən kənarda irəliləyir. 20 illik bir karyeranın qadın ən azı 10 ilini övladlarına həsr edir. Əslində bu həm də alqışlanası bir üstünlükdür. Çünki qadın sabahın vətəndaşını yetişdirir. Bu yolda həyat yoldaşı ilə birgə çalışsa da, gəlin etiraf edək ki, bu yolda qadın daha fədakar və cəfakeşdir. Allah qadınlara əslində bir möcüzəvi xüsusiyyət bəxş edib – analıq. Bu dünyanın möcüzəsidir. Və bu möcüzə onun karyera yolunda ləngimələr yaradır. Kişi bu yolu daha tez qət edir, deyilmi. Amma bu yolda qadınlar həm də görünməz qəhrəmanlardır.
Eyni zamanda Azərbaycanda kişi uşaqlıqdan etibarən liderliyə, risk almağa təşviq olunur. Onun uğur qazanması normal, uğursuzluğu isə təcrübə kimi dəyərləndirilir. Bu da kişilərin sürətli irəliləməsi üçün əlverişli mühit yaradır. Qadın çox vaxt uğur yolunda ikiqat sübut yükü daşıyır: həm peşəkarlıq, həm də cəmiyyətin gözündə uyğun olmaq. Bu gün militar sistemdə qadının olması bilirsinizmi nə deməkdir: stereotipə meydan oxumaq deməkdir. Nəticə etibarilə deyə bilərik ki, Azərbaycanda kişi psixoloji maneələrin azlığı səbəbilə uğura daha tez çata bilər. Lakin qadın həmin maneələri aşdığı üçün psixoloji baxımdan daha möhkəm və dayanıqlı uğur əldə edir.
Əsl inkişaf, qadının da, kişinin də uğura eyni psixoloji azadlıqla gedə bildiyi cəmiyyətdə mümkün olacaq.

Gundelik.az
