İstilik nasosunun işini təmin edəcək və Almaniyada Reyn çayından su çəkəcək boru çox nəhəngdir. Deyilənə görə, onun içində tam dik vəziyyətdə yerimək mümkündür.
“Biz saniyədə 10 min litr su götürməyi planlaşdırırıq”,- deyə enerji şirkəti MVV Environment-in layihə meneceri Feliks Hak bildirib. Onun sözlərinə görə, Mannhaymda quraşdırılacaq diametri 2 metr olan borular çay suyunu çəkəcək, sudan istilik alındıqdan sonra isə su yenidən çaya qaytarılacaq.
Oktyabr ayında baş şirkət “MVV Energie” indiyədək inşa ediləcək ən güclü istilik nasosu modullarından birini qurmaq planını açıqlayıb. Layihə çərçivəsində hər birinin gücü 82,5 meqavat olan iki qurğunun tikintisi nəzərdə tutulur.
Bu güc mərkəzləşdirilmiş istilik sistemi vasitəsilə ümumilikdə təxminən 40000 evin istiliklə təmin olunmasına imkan verəcək. “MVV Energie” sistemi hazırda daha təmiz texnologiyalara keçid edən kömür elektrik stansiyasının yerləşdiyi ərazidə qurmağı planlaşdırır.
İstilik nasoslarının ölçüləri Mannhaym küçələrindən və ya ehtimal ki, Reyn çayı boyunca bərələrlə daşına biləcək avadanlıqların ölçü limitlərinə uyğun müəyyən edilib. “Bu məsələ haqqqında hələ tam qərar verilməyib”,– deyə Feliks Hak bildirib.
Mənbə: BBC
Tərcümə etdi: Gülçin Abdullayeva
Gundelik.az
