“Bu artıq nə ailə dramıdır, nə də acı hadisə. Bu, cəmiyyətin iç üzüdür.”
Sosial şəbəkələrdə son ailə faciəsi ilə bağlı yazılan bu şərh təsadüfi emosional reaksiya deyil. Əksinə, baş verən hadisəni fərdi cinayət çərçivəsindən çıxarıb, onu sosial və psixoloji müstəvidə izah etməyə çalışan nadir və dürüst yanaşmalardan biridir.
Ata torpaq altındadır, oğul həbsxanadadır, ana isə xəstəxanada həyatla ölüm arasında. Bir evdən üç fərqli ünvan… Bu mənzərəni yalnız “ailədaxili münaqişə” kimi təqdim etmək reallığı sadələşdirmək, hətta təhrif etmək deməkdir. Çünki burada söhbət tək bir ailədən yox, illərdir formalaşan yanlış münasibətlər sistemindən gedir.
Son günlər mediada tez-tez rast gəldiyimiz ata–oğul qarşıdurmaları, ailədaxili zorakılıq və ani qəzəbin ölümlə nəticələnməsi cəmiyyətin səssiz şəkildə yığılan problemlərinin üzə çıxmış formasıdır. Biz isə adətən nəticəyə baxırıq: necə baş verdi? Amma əsas sual kölgədə qalır: bu nöqtəyə necə gəlib çıxıldı, niyə baş verdi?
Araşdırmalar göstərir ki, bu cür faciələrin arxasında bir neçə sistemli problem dayanır.
Birincisi, ailə daxilində qorxu üzərində qurulan münasibətlər. Ata “söz deyən”, övlad isə “itaət etməli” tərəf kimi formalaşdırılırsa, burada hörmət yox, hakimiyyət münasibəti yaranır. Sevgi və dialoq olmayan yerdə gərginlik yığılır və bu gərginlik gec-tez partlayır.
İkincisi, emosional savadsızlıqdır. Aqressiyanı tanımaq, idarə etmək, konfliktləri zorakılığa keçmədən həll etmək nə ailədə, nə də təhsil sistemində öyrədilir. “Kişidir, dözər”, “əsəbləşdi, keçər” kimi yanaşmalar psixoloji problemləri daha da dərinləşdirir.
Üçüncüsü, psixoloji dəstəyin yoxluğu və ya damğalanmasıdır. Psixoloqa müraciət hələ də zəiflik kimi qəbul olunur. Nəticədə insanlar kömək istəmək əvəzinə susur, susduqca da içində yığılan yük təhlükəli həddə çatır.
Dördüncüsü isə cəmiyyətin passiv müşahidəçi mövqeyidir. Qonşular, qohumlar, müəllimlər, yaxın çevrə ailə daxilindəki gərginliyi görür, amma “ailə işidir” deyib kənara çəkilir. Bu susqunluq zorakılığın səssiz legitimləşməsidir.
Məhz buna görə sosial şəbəkələrdə yazılan “burada təkcə oğulu ittiham edib rahatlanmaq ikiüzlülükdür” fikri ciddi analiz tələb edir. Çünki fərdi məsuliyyət var, amma onu yaradan mühit də var. Bir insanı cinayətə aparan yol tək bir günün qəzəbi ilə izah edilə bilməz.
Ən təhlükəli məqam isə bu cür hadisələrin tez unudulmasıdır. Bir gün “dəhşət”, bir gün “Allah rəhmət eləsin”, sonra isə növbəti faciə. Cəmiyyət səbəblə deyil, nəticə ilə maraqlandıqca bu zəncir qırılmayacaq.
Bu hadisə ailə dramı deyil, təsadüf də deyil. Bu, psixoloji dəstəyin, empatiyanın, maarifləndirmənin və sağlam ailə modelinin çatışmazlığının nəticəsidir.
Psixoloji sağlamlıq şəxsi seçim yox, ictimai məsuliyyət məsələsidir. Bu reallığı qəbul etmədikcə, hər yeni faciə bizi bir az da laqeyd, bir az da öyrəşmiş edəcək. Bu faciələrə öyrəşmək olmaz. Hər dəfə “belə də olur” demək, növbəti faciəyə səssiz razılıq verməkdir. Cəmiyyət olaraq yalnız nəticələrə yox, səbəblərə vaxtında müdaxilə etməyi öyrənməliyik.
Əks halda belə hadisələr sadəcə bir ailənin deyil, bütün cəmiyyətin təhlükəsinə çevrilir.
Məncə, hər birimiz fərqindəlik və hərəkət göstərməklə bu zənciri qıra bilərik.
Fəridə Sadıqzadə
Gundelik.az