Fransa Prezidenti Emmanuel Makronun ictimai dəstəyi son illərin ən aşağı səviyyəsinə düşüb.
Gundelik.az xəbər verir ki, “Le Figaro” qəzetinin cümə axşamı dərc etdiyi sorğuya əsasən, Makronun bəyənilmə reytinqi cəmi 11 faiz təşkil edir.
Prezident bu göstərici ilə 2016-cı ilin sonunda populyarlığı eyni səviyyəyə düşmüş keçmiş prezident Fransua Ollandla bərabərləşib. Beləliklə, Makron 1970-ci illərdən bəri ictimai sorğularda ən aşağı dəstəyə malik iki Fransa liderindən biri olub.
İmpiçment təhlükəsi və siyasi böhran
Makron bu ayın əvvəlində ölkədəki siyasi böhranın dərinləşməsi fonunda impiçmentdən çətinliklə xilas olub. 2024-cü ildə Avropa Parlamenti seçkilərində məğlubiyyətdən sonra o, Milli Məclisi buraxmaq qərarına gəlmişdi. Lakin bu addım gözlənilmədən geniş narazılıq doğurub və nəticədə “asılan parlament” formalaşaraq qanunvericilik prosesini demək olar ki, iflic edib.
Hökumətdə ardıcıl istefalar
Makronun prezidentliyi dövründə hökumət dəyişiklikləri də rekord həddə çatıb. 2017-ci ildən bəri yeddi baş nazir istefa verib. Onların arasında Edouard Philippe (iyul 2020), Jean Castex (aprel 2022), Élisabeth Borne (yanvar 2024), Gabriel Attal (iyul 2024), Mişel Barnier (dekabr 2024) və Francois Bayrou (sentyabr 2025) yer alır.
Oktyabr ayında hazırkı baş nazir Sebastien Lecornu büdcə qanunu ilə bağlı parlamentdəki fikir ayrılığı səbəbindən istefa versə də, daha sonra Makron tərəfindən vəzifəsinə bərpa olunub.
İqtisadi gərginlik artmaqdadır
Ekspertlər prezidentin reytinqinin kəskin enməsini ölkədəki iqtisadi çətinliklərlə də əlaqələndirirlər. Artan dövlət borcu, böyüyən büdcə kəsiri və beynəlxalq reytinq agentliklərinin Fransanın kredit proqnozunu aşağı salması vəziyyəti daha da gərginləşdirib.
Verian Qrupunun 1000 respondent arasında keçirdiyi sorğuya görə, fransızların 80 faizi Makrona etimad göstərmir. Məmnunluq reytinqi 2025-ci ilin yanvarında 21 faiz olduğu halda, keçən ay bu göstərici 15 faizə, indi isə 11 faizə enib.
Mütəxəssislərin fikrincə, Fransa prezidenti qarşıdakı aylarda həm siyasi, həm də iqtisadi cəhətdən daha çətin dövrlə üzləşəcək və böhran onun ikinci prezidentlik müddətinin sonuna qədər davam edə bilər.
Gundelik.az
