İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Avropa Talibanla əməkdaşlığa başlayır

Almaniya kansleri Fridrix Merz hökuməti Avropa İttifaqında (Aİ) tanınmamış Taliban hərəkatı ilə birbaşa əməkdaşlığa başlayan ilk hökumət olub.

Gundelik.az-ın “Politico”ya istinadən məlumatına görə, Berlin digər Aİ ölkələrinin də bu istiqamətdə eyni addımı atacağını gözləyir.

Məlumata əsasən, Almaniya Talibanla hava uçuşlarının sayını artırmaq məqsədilə birbaşa danışıqlara başlayıb. Həmçinin Taliban nümayəndələrinə Almaniyadakı Əfqanıstan konsulluğunda fəaliyyət göstərməyə icazə verilib.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt bildirib: “Biz tezliklə insanları Əfqanıstana müntəzəm uçuşlarla geri qaytarmağa imkan verəcək razılaşma əldə edəcəyik”.

Berlinin bu addımı digər Aİ ölkələri tərəfindən də nümunə kimi qiymətləndirilir. Avstriya və Belçikanın da eyni istiqamətdə hərəkət etməsi gözlənilir.

Qeyd edək ki, 2023-cü ildə Almaniya Daxili İşlər Nazirliyi Taliban nümayəndəsinin Kölndə dini tədbirdə çıxışını pisləmiş və bunu qəbuledilməz adlandırmışdı.

Gundelik.az