İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

Gömrük daxilolmalarında azalmanın səbəbləri AÇIQLANDI

Maliyyə Nazirliyinin 2025-ci ilin 9 ayında dövlət büdcəsinin icrasına dair açıqladığı məlumatlardan biri də dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə daxilolmalarının azalması ilə bağlıdır. 

Belə ki, bu ilin yanvar–sentyabr aylarında DGK xətti ilə büdcə daxilolmaları 4 milyard 748 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,7%, proqnozdan isə 1,6% azdır. 

Gundelik.az xəbər verir ki, bu barədə iqtisadçı Eldəniz Əmirov fikirlərini bölüşüb.

O bildirib ki, azalmanın səbəbləri barədə DGK-nın hər hansı açıqlaması olmadığı üçün azalma ilə bağlı yalnız ehtimal olunan izahları qeyd etmək mümkündür: “Ən çox ehtimal olunan səbəb kimi idxal həcmlərinin azalmasını qeyd etmək olar. Adətən iqtisadi inkişaf mərhələsindəki ölkələrdə idxal azalırsa bunun səbəbi, qlobal bazarlarda qiymətlərin stabilləşməsi, yerli istehsalın artması və bəzi məhsullar üzrə idxal əvəzlənməsi olur. İdxalın azalmasının digər səbəbi isə iqtisadi yox, inzibati faktorlarla bağlı olur. Məsələn, büdcə xərclərinə nəzarətin gücləndirilməsi məqsədilə inzibati tənzimləmələrlə əlaqələndirilə bilər”.

İqtisadçı vurğulayıb ki, gömrük daxil olmalarının azalmasının nəzəri olaraq ikinci səbəbi manatın sabit məzənnəsi şərtləri daxilində ticarət strukturundakı dəyişikliklər ola bilər: “Yəni idxalda dəyəri yüksək, amma gömrük rüsumu aşağı olan malların payı arta bilər. Eyni zamanda gömrükdə güzəştlərin geniş tətbiqi də nəzəri olaraq daxilolmaları azaldan səbəb kimi qeyd etmək olar. Bu güzəştlər xüsusilə işğaldan azad edilmiş ərazilər, azad iqtisadi zona və sənaye parkları çərçivəsində icra edilir”.

“Amma həm də bu azalma qısamüddətli tendensiya da ola bilər. Belə olarsa, ticarət dövriyyəsinin növbəti aylardakı dinamikası ilə göstəricilərin yenidən artması ehtimalı vardır”, – deyə E. Əmirov qeyd edib.

Gundelik.az