Amerika Birləşmiş Ştatlarının (ABŞ) Avropa üçün süni enerji qıtlığı yaratmağa cəhd etdiyi iddia olunur.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Belə ki Rusiya Milli Enerji Təhlükəsizliyi Fondunun eksperti İqor Yuşkov “Prime” agentliyinə müsahibəsində ABŞ-ni Avropa üçün süni neft və qaz qıtlığı yaratmaqda ittiham edib.
Onun sözlərinə görə, Vaşinqton Avropa ölkələrinə Rusiyadan enerji resurslarının alınmasını dayandırmağı tələb edir və eyni zamanda tədarükün artırılacağı ilə bağlı vədlər verir.
“Bütün bu vədlər bir məna daşıyır: Rusiyadan neft və qaz almağı qadağan edin, nəticədə qıtlıq yaranacaq, qiymətlər artacaq və bizim maye qaz Asiyaya deyil, sizə yönəldiləcək”, – deyə ekspert bildirib.
Yuşkov əlavə edib ki, belə bir addım Avropa iqtisadiyyatına ciddi zərər vuracaq. Onun sözlərinə görə, ABŞ hər hansı təchizata zəmanət verə bilmir, çünki enerji şirkətləri özəldir və siyasi göstərişlərdən deyil, iqtisadi cəhətdən sərfəli bazarlardan asılıdır.
Xatırladaq ki, bundan əvvəl ABŞ-nin energetika naziri Kristofer Rayt bəyan etmişdi ki, ölkəsi Rusiya qazının Avropa bazarına idxalını sıfıra endirmək niyyətindədir. Nazir vurğulamışdı ki, Aİ enerji ehtiyaclarını “düşmənlərdən yox, etibarlı dostlardan” təmin etməlidir və ABŞ Avropanın əsas qaz təchizatçısı rolunu oynamalıdır.
Gundelik.az
