Estoniya hökuməti Rusiyadan təbii qazın alınması və idxalına tam qadağa qoyulması barədə qərar qəbul edib.
Bu barədə Gundelik.az xarici mediaya istinadən xəbər verir.
Xarici işlər naziri Marqus Tsahkna bildirib ki, hazırda yalnız paylayıcı şəbəkədə istifadə olunmamaq şərti ilə mayeləşdirilmiş qazın idxalına icazə verilir. Yeni düzəliş qüvvəyə mindikdən sonra bu məhdudiyyət paylayıcı şəbəkədən kənar idxal olunan mayeləşdirilmiş təbii qaza da şamil ediləcək.
Qadağa 2026-cı il yanvarın 1-dən qüvvəyə minəcək. Bu müddət bazar iştirakçılarına dəyişikliklərlə tanış olmaq və fəaliyyətlərini uyğunlaşdırmaq üçün vaxt verəcək.
Nazir həmçinin qeyd edib ki, Belarusun Rusiyanın hərəkətlərinə dəstəyinə görə oxşar məhdudiyyətlər bu ölkəyə də tətbiq olunacaq.
Xatırladaq ki, Estoniya 2022-ci ilin aprelində Rusiya qazının idxalını dayandırmaq barədə qərar qəbul edib. Hökumətin açıqlamasına görə, idxal həcminin kiçik olması səbəbindən bu qadağaların ölkə iqtisadiyyatına və biznes mühitinə ciddi təsir göstərməsi gözlənilmir.
Gundelik.az
