İyul 8, 2026
Baku
İqtisadiyyat Xəbərlər

“Nvidia” Çində çip istehsalını dayandırdı

Amerikanın ən böyük çip istehsalçılarından biri olan “Nvidia Corp.” Çinin etirazları səbəbindən H20 mikroçiplərinin istehsalını dayandırır.

Gundelik.az-ın “The Information”a istinadən məlumatına görə, Çin hakimiyyəti yerli şirkətləri bu prosessorlardan istifadə etməməyə çağırdıqdan sonra “Nvidia” podratçılara istehsal prosesini dayandırmaq göstərişi verib.

H20 çipləri süni intellekt texnologiyalarında istifadə olunur və onlar əvvəlcə Vaşinqtonun Çinə yarımkeçirici komponentlərin ixracına tətbiq etdiyi məhdudiyyətlərə cavab olaraq məhz Çin bazarı üçün hazırlanmışdı. ABŞ hökuməti aprel ayında “Nvidia”ya bu çipləri Çinə satmağı qadağan etsə də, iyunda qərarını yumşaltmışdı.

Son həftələrdə isə Çin səlahiyyətliləri həm dövlət müəssisələrinə, həm də özəl şirkətlərə H20 çiplərindən istifadədən çəkinməyi tövsiyə ediblər. Xüsusilə dövlət və milli təhlükəsizliklə bağlı layihələrdə bu prosessorların istifadəsi yolverilməz hesab olunub.

Məlumata görə, “Nvidia” H20 üçün qablaşdırma istehsal edən ABŞ-nin “Amkor Technology”, yaddaş modullarını təmin edən Cənubi Koreyanın “Samsung Electronics” şirkətlərindən və yığmanı həyata keçirən Tayvanın Foxconn şirkətindən istehsal prosesini dayandırmağı xahiş edib.

Çin hökumətinin əsas narahatlığı “arxa qapılar” adlanan – çiplərdə məlumatlara icazəsiz giriş imkanı verə biləcək boşluqların mövcudluğu ilə bağlıdır. Bu mövzuda ABŞ qanunvericilərinin də israrlı mövqeyi diqqət çəkir.

“Nvidia”nın baş direktoru Censen Huanq avqustun 22-də açıqlamasında bildirib ki, Çin rəsmiləri şirkətin çiplərində arxa qapıların olub-olmaması ilə maraqlanıb:

“Ümid edirəm, hökumətə verdiyimiz cavablar yetərli olacaq. Biz onlarla danışıqları davam etdiririk”, – deyə o qeyd edib.

Şirkət satılmamış H20 inventarını 4,5 milyard dollar dəyərində silib. “Nvidia” açıqlayıb ki, satış məhdudiyyətləri olmasaydı, son rübdə gəlirini 2,5 milyard dollar artırmaq mümkün olardı.

Qeyd edək ki, 2025-ci ilin əvvəlindən bəri “Nvidia”nın bazar kapitallaşması 30% artaraq 4,27 trilyon dollara çatıb.

Gundelik.az