Livanın Hizbullah hərəkatının lideri Naim Qassem deyib ki, hərbi arsenaldan imtina etmək niyyətində deyillər.
Gundelik.az-ın məlumatına görə, o, televiziya çıxışında bildirib ki, Livanın suverenliyi müqavimət olmadan mövcud ola bilməz.
Qassem hökumətin Hizbullahı tərksilah etmək planlarını pisləyərək, bunun silahlı müqaviməti sarsıdacağını və belə bir addımın vətəndaş müharibəsinə səbəb ola biləcəyini bildirib. O, hökuməti bu təşəbbüsdə Amerika və İsrailin göstərişlərinə əməl etməkdə günahlandırıb.
Hərəkat lideri ölkəni İsrail düşməninə təslim etməməyə və İsrailin Livan ərazilərini işğal etməsinə son qoymağa çağırıb. Qassem qeyd edib: “Təcavüzü dayandırın, İsrail qüvvələrini Livan ərazisindən çıxarın və biz strateji təhlükəsizliyin müzakirəsində hər cür yardım göstərəcəyik”.
Avqustun 5-də Livan hökuməti ölkədə silahların ilin sonuna qədər dövlət orqanlarının nəzarətində saxlanmasını nəzərdə tutan plan hazırlayıb. Hizbullah bunu tənqid edərək, kabinet qərarını İsrailin maraqlarına cavab verən və ABŞ göstərişi ilə qəbul olunmuş adlandırıb.
2024-cü ilin sonlarından İsrail Livanın cənubunda və Beyrutda Hizbullah infrastrukturunu hədəfə alıb, Hizbullah isə İsrail ərazisinə raket və pilotsuz təyyarələr atıb. Noyabrda tərəflər atəşkəs bağlayaraq, İsrail qüvvələrinin tədricən Livandan çıxması barədə razılığa gəlib. Buna baxmayaraq, Livan cənubundan İsrailə atəş açılması və İDF-in zərbələri barədə xəbərlər yayılmaqdadır.
Gundelik.az
