İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Türkiyədə meşə yanğınları səbəbindən Çanaqqala boğazı bağlandı

Türkiyədə meşə yanğınları ilə əlaqədar Çanaqqala boğazında gəmiçilik, eləcə də ölkənin şimal-qərbində Çanaqqala liman şəhərinin hava limanının fəaliyyəti dayandırılıb.

Gundelik.az “Bloomberg”ə istinadən xəbər verir ki, güclü küləklər və həddindən artıq isti hava səbəbindən meşə yanğınları Çanaqqala boğazını müvəqqəti olaraq gəmilərə bağlayıb.

Çanaqqala valisi Ömər Toraman yanğınların söndürülməsinə 10 təyyarə, 9 helikopter və 760 nəfərin cəlb edildiyini bildirib.
Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı X sosial şəbəkəsində Çanaqqalanın mərkəzində yanğınların hələ də söndürülməsi ilə bağlı məlumat yayıb. Eyni zamanda nazir qeyd edib ki, əyalətin bəzi ərazilərində, eləcə də bir sıra qonşu inzibati ərazi vahidlərində yanğınlar nəzarət altına alınıb.

Türkiyədə meşə yanğınları nadir deyil. İyun ayında ölkənin fövqəladə hallar xidməti 569 yanğınla mübarizə aparmalı olub ki, bu da digər hadisələrlə yanaşı, mindən çox insanın təxliyyə edilməsinə və İzmirin qərbində yerləşən hava limanında əməliyyatların dayandırılmasına səbəb olub.

Gundelik.az