ABŞ Ordusunun Təhlükəsizlik Komandanlığında Estoniyada xidmət edən polkovnik-leytenant Cefri Fritz Çin sualtı qayıqlarını izləmək üçün Vaşinqtona Komandir adalarını Rusiyadan almağı təklif edib.
Gundelik.az xəbər verir ki, bu barədə “Breaking Defence” jurnalı məlumat yayıb.
“Təklif ABŞ-nin Şimal Buzlu okeanına girməyə cəhd edən potensial Çin sualtı fəaliyyətini izləmək üçün Komandir adalarını sülh yolu ilə və praqmatik yolla Rusiya Federasiyasından 15 milyard dollara almasıdır”, – o yazıb.
Fritz 1867-ci ildə Alyaskanın satın alınmasını xatırladıb. Onun sözlərinə görə, o zaman ABŞ bu addımı “axmaqlıq” hesab edirdi, lakin Alyaska ölkənin enerji və müdafiə strategiyasının təməl daşına çevrildi.
Polkovnik-leytenant Komandir adalarının satın alınmasında oxşar “çevrilmə fürsəti” görür: “Bununla da ABŞ Arktika təhlükəsizliyini gücləndirə, birləşməyən yerli əhalini yenidən birləşdirə və Amerikanın sürətlə inkişaf edən regionda liderliyini təsdiqləyə bilər”.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Danimarkaya məxsus olan Qrenlandiyanı ilhaq etmək niyyətində olduğunu açıqlamışdı. O, hesab edir ki, Vaşinqton beynəlxalq təhlükəsizliyi təmin etmək üçün Yer planetinin ən böyük adasını ilhaq etməlidir.
Gundelik.az
