Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov Rusiya ilə Ukrayna arasında aparılan danışıqlarda Türkiyənin rolu ilə bağlı, “Biz Türkiyəyə mühüm dialoq və sülh platforması olan bu platformada köməklik göstərdiyinə görə təşəkkür etmək istəyirik” deyib.
Gundelik.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə o, İstanbulda Türkiyənin ev sahibliyi etdiyi Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.
O, prezident Vladimir Zelenskinin ifadə etdiyi prioritetləri çatdırdığını bildirib.
Birinci prioritet Zelenski və Rusiya prezidenti ilə görüşdür. O qeyd edib ki, bu görüşdə ABŞ Prezident Donald Tramp və prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı son dərəcə dəyərli olardı.
Umerov həqiqi atəşkəsin və bütün mülki strukturlara hücumların dayandırılmasının davamlı sülhə doğru ilk zəruri addımlar olacağını vurğulayıb.
Umerov Rusiya tərəfinə liderlər arasında avqustun sonuna qədər görüş keçirməyi təklif etdiklərini və bunun qəbul ediləcəyi təqdirdə Moskvanın konstruktiv mövqe sərgiləyəcəyini və bunu bütün tərəfdaşlara nümayiş etdirəcəyini bildirib.
Ukrayna atəşkəs və sülh danışıqlarına hazırdır
Ölkəsinin hərtərəfli və qeyd-şərtsiz atəşkəsi diplomatiyanın təməli kimi gördüyünü ifadə edən Umerov deyib: “Hazırda burada atəşkəsə və əhəmiyyətli sülh danışıqlarına hazırıq. Qarşı tərəfin də bu sülh yolunda ən fundamental addımı atmasını gözləyirik”.
Umerov bildirib ki, atəşkəs səmimi olmalı, mülki strukturlara və kritik infrastruktura hücumlar da dayandırılmalıdır. O, həmçinin əsirlərin dəyişdirilməsi ilə bağlı gələcək inkişafı gözlədiklərini bildirib.
“Türkiyəyə yardımçı roluna görə təşəkkür edirik”
Umerov, mülki şəxslərin, xüsusilə də uşaqların azadlığa buraxılacağına ümid etdiyini ifadə edib: “Sülh səylərimizi dəstəklədikləri üçün tərəfdaşlarımıza, xüsusilə Türkiyəyə bu platformada asanlaşdırıcı roluna görə təşəkkür etmək istərdik. Bu, dialoq və sülh üçün əhəmiyyətli bir platformadır”.
Real addımların mümkün olduğuna diqqət çəkən Umerov Rusiya tərəfinin də konstruktiv və realist yanaşması lazım olduğunu və buna nail olmaq üçün çalışmağa davam edəcəklərini bildirib.
Rusiya üç ildən çox saxlanılan məhbusları azad etməyə razıdır
Ukrayna parlamentində insan hüquqları müvəkkilin nümayəndəsi Yuri Kovbasa əvvəlki kimi hərbi əsirlərlə bağlı işləri davam etdirəcəklərini bildirib: “3 ildən artıqdır ki, əsirlikdə olanların azad edilməsi üçün Rusiya tərəfinə müraciət etmişik. Rusiya tərəfi bunu, xüsusilə yaralı əsirlərin və oxşar vəziyyətlərdə olan əsirlərin dəyişdirilməsi üçün qəbul etdi”.
Mətbuat mənsublarının suallarını cavablandıran Umerov mülki şəxslərin azad edilməsinin 1200-dən çox insana aid olduğunu və bu proses üzərində işləməyə davam edəcəklərini açıqlayıb.
Rusiya və Ukrayna arasında liderlərin görüşməsi ehtimalı ilə bağlı Umerov deyib; “Biz burada gözləntilərimizi ifadə etdik. Burada nələrin müzakirə oluna biləcəyini təklif etdik və gündəmi bu şəkildə hazırlaya biləcəyimizi söylədik”.
Rusiya nümayəndə heyəti ilə dördüncü görüşün olub-olmayacağı ilə bağlı Umerov hərbi əsirlərin mübadiləsinin humanitar mənada davam edəcəyini bildirərək, bütün hərbi əməliyyatların dayandırılması və bu çərçivədə tam və qeyd-şərtsiz atəşkəs çağırışlarını təkrarlayıb.
Umerov, həmçinin liderlərin görüşünü prioritet olaraq gördüklərini və bu məsələlərlə bağlı nəticələri gözləyəcəklərini qeyd edərək, bu mərhələdə humanitar sahədə irəliləyiş olduğunu bildirib.
Umerov ölkəsinin atəşkəslə bağlı danışıqlara hər zaman hazır olduğunu vurğulayaraq, ABŞ ilə başladılan proses çərçivəsində danışıqlara başladıqlarını və atəşkəsin Ukrayna üçün hər zaman prioritet olduğunu vurğulayıb.
Umerov Ukrayna tərəfinin bu mərhələdə atacağı hər hansı bir addımın olmadığına diqqət çəkib: “Dünya bundan xəbərdar olmalı və atəşkəs üçün Ukraynaya dəstək verməlidir. Biz hazırıq, lakin bu məsələdə razılığa gəlməyən Rusiya tərəfidir”.
Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü yekunlaşıb
İstanbulda Türkiyənin vasitəçiliyi ilə Rusiya və Ukrayna arasında keçirilən Türkiyə-Rusiya-Ukrayna üçtərəfli görüşü yekunlaşıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidanın sədrliyi ilə Çırağan Sarayında keçirilən toplantıda Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın və Baş Qərargah sədri, general Metin Gürakdə iştirak ediblər.
Rusiya nümayəndə heyətinə Rusiya prezidenti Vladimir Putinin müşaviri Vladimir Medinski və xarici işlər nazirinin müavini Mixail Qaluzin daxildir.
İclasda Ukraynanı Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rüstəm Umerov və xarici işlər nazirinin müavini Sergey Kislits təmsil edib.
Türkiyə üç ildən sonra tərəfləri eyni masaya yığmağı bacardı.
2022-ci ilin fevralında başlayan qanlı müharibədən dərhal sonra Rusiya və Ukrayna tərəfini eyni masa arxasında bir araya gətirən Türkiyə 2025-ci ilin mayında da 3 ildən sonra İstanbulda Rusiya və Ukrayna nümayəndə heyətlərini eyni masaya yığmağı bacarmışdı.
Rusiya və Ukrayna arasında danışıqlar mayın 16-da və iyunun 2-də İstanbulda keçirilib.
Gundelik.az
