İyul 8, 2026
Baku
Dünya Xəbərlər

Mifologiya müharibələrdə: simvolik adlar nəyə işarədir?

Müasir müharibələrdə təkcə silahlar və texnologiyalar yox, onlara verilən adlar da simvolik silaha çevrilib. Ukraynada xanımlardan ibarət peşəkar, vuruşan hərbi dron birləşməsi var. Bu hərbi birləşmə Ukraynada 2022-ci ildə “Dronlar ordusu” adlanan nəhəng bir layihənin, sonradan isə Ukraynanın ayrıca bir qoşun növü olaraq fəaliyyətə başlayan pilotsuz uçuş aparatları ordusunun tərkibinə daxildir. Bu prosesdə Ukraynanın Müdafiə Nazirliyi ilə yanaşı, bu ölkənin Rəqəmsal Transformasiya Nazirliyi və İnnovasiya, Elm və Təhsil Nazirliyi də yaxından iştirak edir.

Gundelik.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz fikirlərini bölüşüb.

O bildirib ki, yalnız xanımlardan ibarət olan bu hərbi birləşmənin “Harpiya” (ukr.: Гарпії, rus.: Гарпии, ing.: Harpy) olaraq maraqlı bir adı var: “Bu ad qədim yunan mifologiyasından götürülüb. Ədalət uğrunda vuruşan, quş bədənli, qadın sifətli, qəfil hücum edən qisasçı varlıqlara verilən bir addır. Rusiya ərazisinə hərbi tapşırığın icrası üçün göndərilən dronları idarə edən ukraynalı xanımlar sanki düşmənə qarşı “göydən gələn qisas”ı təmsil edirlər. Maraqlıdır ki, bu hərbi birləşməyə Rusiyada anadan olan Ukrayna mənşəli xanım rəhbərlik edir və Rusiya mediasında onun haqqında çox yazılır”.

O. Gündüz qeyd edib ki, xanımların dron döyüşünə hazırlaşması üçün 45 gün hərbi hazırlıq və 30 gün dron operatorluğu üzrə olmaqla, toplam 75 gün təlim keçirilir: “Xanımlar da, demək olar ki, bütün növ dronlar üzrə hazırlıq keçirlər. Xatırladıram ki, hazırda Ukraynada 40 növdən çox pilotsuz uçuş aparatı istehsal olunur. Yüzlərlə müəssisələr, startaplar və hətta qeydiyyatdan keçən adı vətəndaşlar dövlətin və beynəlxalq fondların dəstəyilə dron istehsalı ilə məşğuldurlar”.

Mütəxəssiz vurğulayıb ki, müharibələrə, hərbi əməliyyatlara mifoloji, dinə söykənən adlar vermək də bir növ innovasiyaya çevrilib: “Hazırda davam edən İsrail-İran müharibəsində də bu tip adlardan istifadə edilir. İsrail İrana qarşı “Rising Lion” ( “xalq şir kimi qalxacaq”), Qəzzada isə “Gideon’s Chariots” (Qideon peyğəmbərin döyüş arabaları) adlarını Bibliyadan, İran isə “True Promise 3”(Gerçək vəd 3) adlarını Qurandan götürməklə döyüşən tərəflərdə qisas hissini artırmaq, ruh yüksəkliyi yaratmaq məqsədi güdürlər”.

“Dronlarla bağlı kadr hazırlığında bütün növ təhsil müəssisələrimizin, universitetlərin (mühəndis tərəfi), kollec və peşə məktəblərinin (operator və pilot tərəfi) diqqət yetirməsi çox vacibdir. Bu, ölkəmizin texnoloji və innovativ potensialını xeyli gücləndirə bilər”, – deyə O. Gündüz fikirlərini yekunlaşdırıb.

Gundelik.az