Bu ilin yanvar-aprel aylarında Azərbaycanla İsrail arasında ticarət əməliyyatlarının həcmi 22,9 milyon ABŞ dolları təşkil edib.
Bu barədə Gundelik.az Dövlət Gömrük Komitəsindən məlumat əldə edib.
Məlumata görə, bu, 2024-cü ilin eyni aylarındakı göstərici ilə müqayisədə 612 milyon ABŞ dolları və ya 27,8 dəfə azdır. Hesabat dövründə İsrail ilə ticarət dövriyyəsi Azərbaycanın ümumi ticarət dövriyyəsinin 0,13%-i həcmində olub.
İki ölkə arasında ticarət dövriyyəsinin kəskin azalma səbəbi kimi hesabat dövründə Azərbaycandan İsrailə neft və neft məhsullarının ixracının qeydə alınmaması göstərilə bilər. Belə ki, 2024-cü ilin ilk 4 ayında Azərbaycandan sözügedən ölkəyə 621,1 milyon ABŞ dolları dəyərində təqribən 1 milyon ton bitumlu süxurlardan alınmış xam neft vә xam neft mәhsulları ixrac edildiyi halda cari ilin eyni dövründə qeyd olunan məhsul ixracı baş verməyib. Bu da iki ölkənin ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb.
Cari ilin yanvar-aprel aylarında Azərbaycandan İsrailə 12,9 milyon dollarlıq məhsul ixracı qeydə alınıb. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təqribən 613,3 milyon ABŞ dolları və ya 48,5 dəfə azdır.
Həmçinin 2025-ci ilin yanvar-aprel aylarında İsraildən Azərbaycana 9,9 milyon ABŞ dolları dəyərində idxal əməliyyatları icra olunub ki, bu da illik müqayisədə 1,3 milyon ABŞ dolları və ya 15,8% artım deməkdir.
Gundelik.az
