İyul 8, 2026
Baku
Dünya Siyasət Xəbərlər

Rusiya və Çin nüvə müharibəsinin yolverilməz olduğunu bəyan etdilər

Rusiya və Çin beynəlxalq təhlükəsizliyə dağıdıcı təsir göstərən strateji sahədə siyasətə qarşı çıxır və nüvə müharibəsinin və silahlanma yarışının başlanmasının yolverilməzliyini vurğulayır.

Gundelik.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

“Tərəflər ardıcıl olaraq strateji sahədə beynəlxalq təhlükəsizliyə dağıdıcı təsir göstərən belə bir siyasətə qarşı çıxırlar. Tərəflər 3 yanvar 2022-ci il tarixli beş nüvə silahına malik dövlətin liderlərinin nüvə müharibəsinin qarşısının alınması və silahlanma yarışına icazə verilməməsi haqqında Birgə Bəyanatına sadiqliklərini təsdiqləyirlər”, – Kremlin saytında dərc olunan Rusiya Federasiyası və Çinin qlobal strateji sabitliyə dair birgə bəyanatında deyilir.

Rusiya və Çin 2022-ci il bəyanatının iştirakçılarını onun müddəalarını praktiki olaraq həyata keçirməyə çağırır: “Bu, nüvə dövlətləri arasında hər hansı hərbi qarşıdurmanın qarşısının alınması və təhlükəsizlik sahəsində bir-birinin maraq və narahatlıqlarının qarşılıqlı tanınması və hörməti əsasında mövcud fikir ayrılıqlarının həlli üçün siyasi və diplomatik yolların tapılması üçün sarsılmaz öhdəliyi nəzərdə tutur”.

Rusiya Federasiyası və Çin Xalq Respublikasının bəyanatında qeyd edilir ki, ayrı-ayrı nüvə dövlətləri tərəfindən müttəfiqlərinin dəstəyi ilə təyin edilmiş konseptual və hərbi-texniki yanaşmaların hərtərəfli həyata keçirilməsi, açıq-aydın digər nüvə dövlətlərinin strateji çəkindirmə potensialının etibarlılığını və effektivliyini zəiflətməyə yönəlmiş, hərbi qüvvələrin üstünlüyünü təmin etmək istəyini göstərir.

“Bu, strateji tarazlığın qorunmasının əsasını təşkil edən məntiqlə əsaslı şəkildə ziddiyyət təşkil edir və bərabər və bölünməz təhlükəsizlik prinsipinə ziddir”, – sənəddə deyilir.

Rusiya və Çin bunu qlobal strateji sabitliyə birbaşa zərbə vurmaq, silahlanma yarışını qızışdırmaq və həm nüvə dövlətləri arasında münasibətlərdə, həm də bütövlükdə beynəlxalq arenada münaqişə səviyyəsini artırmaq təhlükəsi kimi qiymətləndirirlər.

“Bundan əlavə, belə kurs raket və nüvə sferasında proqnozlaşdırıla bilənliyin saxlanması üzrə səylərin effektivliyini şübhə altına alır və nüvə silahlarına nəzarət və nüvə tərksilahı sahəsində təşəbbüslərin konstruktiv nəzərdən keçirilməsinə keçilməz maneələr yaradır”, – deyə məlumatda bildirilir.

Gundelik.az