Həyatın ən böyük möcüzəsinə, şeirə rəsmi tərif versək, əlbəttə, deməliyik ki, şeir – mənzum söz sənətidir. Nəsrdən fərqli olaraq, fikrin vəznli, obrazlı, ritmik, qafiyəli ifadəsidir. Fransız yazıçısı Anatol Frans haqlı olaraq qeyd edib ki, şeirlə insan ruhu arasında qədim bir ünsiyyət var. Buna görə də insanın sevincli və kədərli anlarında şeir həmişə onunladır. Bu məqamda Livan yazıçısı və rəssamı Xəlil Cübranın sözləri yada düşür: “Şeir qanı axan yaranın və ya gülümsəyən dodaqların nəğməsidir”. Rus şairi, Nobel mükafatı laureatı İosif Brodski səmimi şəkildə bildirib ki, poeziya ən yaxşı sözlərin ən yaxşı düzümü deyil, poeziya dilin adi mövcudluq formasıdır. Zaman-zaman dahilər “Poeziya sözlərin, ruhun musiqisidir. Poeziya həyatın çırağıdır” – deyə bu həyati varlığa yüksək dəyər verib.
     Çağdaş Azərbaycan poeziyasının nümayəndərindən biri, deyərdim ki, ömrü poeziyasının ömrü qədər olan şairlərimizdən biri də Kazım Səfəroğludur.  Onun poeziyası orijinal obrazlılıq tərzi, üslub xüsusiyyətləri və poetik axıcılığı ilə oxucuların rəğbətini qazanıb. Amal şairi olan Kazım Səfəroğlu ədəbiyyat sahəsində qələm çaldığı gündən öz prinsipinə, məramına sonadək əməl edib. O, sanki bir döyuş meydanına atılaraq cəngavər kimi vuruşdu. Kazım Səfəroğlu  əsl şair, vətəndaş olduğunu öz əsərləri, yenilikçi şeirləri  ilə sübut edib.
        Yurdun keşiyini çəkən ərənin,
         Əlindən torpağı alına bilməz.
        Vətənə can deyib,  ömür sürənin,
       Yeri yurddan ayrı salına bilməz…
Kazım Səfəroğlu keşməkeşli və şərəfli ömür yolu, ibrətamiz yaradıcılıq sənəti ilə şəxsiyyəti vəhdət təşkil edən bir insanın həyatına canlı nümunədir. Azadlıq sevən, bu yolda ən ağır məhrumiyyətlərə dözməyi bacaran Kazım Səfəroğlu  xalqının taleyindən yazmaqdan yorulmayıb. Millətin böyüklüyünü, əyilməzliyini tərənnüm edə-edə bizə saplanan baltaların da kimin əlində olduğunu dəfələrlə dürüst söyləyib. Onun şeirlərini oxuyanda həm heyrətlənirsən, həm də içində bir qəzəb püskürür. Kazım Səfəroğlu  şeirləri məhz insanları ayağa qaldıran, mübarizəyə və gələcəyə səsləyən yüksək poeziya örnəkləridir.
        Gör neçə illərin ağrı-acısı,
        Saldı məni gənclik atından, Vətən!
       Bir sənin borcundan çıxa bilmədim,
       Çıxsam da çox yükün altından, Vətən!..
   Kazım Səfəroğlu  Naxçıvanının Şərur rayonunun İbadulla kəndində doğulub. O, poeziyaya çox gənc yaşlarında böyük yaradıcılıq enerjisi və heyrətedici bir səmimiyyətlə gəldi.  O doğulduğu gündən onunla qoşa doğulan bir ahı var. Bir sağalmayan, heç vəclə qaysaq qoymayan dərdi. Səssizcə inləyən bir fəryadı var — Araz dərdi. Təbriz həsrəti…  Bu dərd zaman-zaman nida olub, nöqtə olub ağ vərəqlərə süzülüb. Arazın sərhəd boyu çəkilən hər məftil şairin ürəyinə batıb keçir sanki.
    Araz boyda bir sirrim var içimdə,
    Həsrət çəkir, qan ağlayır içim də,
   Dərd olarmı, mən, sən çəkən biçimdə?
    Sən o tayda, mən bu tayda yaralı,
    Gəl birləşək, ay Təbrizin maralı…
Hürriyyət aşiqi, xalqın sevilən şairi Kazım Səfəroğlu  keçdiyi yarpaq-yarpaq şeir dolu ömür yoluna işıq salsaq, görərik ki, o eyni zamanda, Türk dünyasının birliyi tərəfdarıdır. O, öz kökümüzün, Türk kökənli, Türk-Oğuz elinin, Şaman övladı olduğumuzun fərqində idi.
      Ay Kazım, ömürdən keçən illərin
     Yığmışam könlümə qəm dəlillərin.
    Yağı zəbt etdiyi dogma ellərin,
    Dərdilə qocalan TÜRKƏM beləcə.
Poeziya hər şeydən əvvəl, həyat, ondan sonra isə incəsənətdir. Bu incə sənət olan şairlik də ruhun səsidir. Amalı aydın, nəfəsi təmiz, nəfsi pak və sözü ilhamla deməyi bacaran, Kazım Səfəroğlunun   heç şübhəsiz, Azərbaycanın müstəqilliyi uğrunda Vətən sərhədlərində gedən döyüşlərdə, aparılan mübarizəyə həsr olunmuş şeirlərinin uğurlu olmasının bir səbəbi də şairin özünün həmin prosesin ön cərgəsində olması ilə bağlıdır.
Ay  Kazim, vətənimin mərd qalasıdır Şuşamız,
Yazıldı tariximə canlı Qarabağ savaşı…
Şair-publisist Kazım Səfəroğlu  AYB-nin üzvü, “Qızıl Qələm” Media mükafatı laureatıdır. Kazım Səfəroğlu  “Avropa Nəşr Mətbuat Evi” tərəfindən Qızıl Medal ilə təltif olunmuşdur. Dövri mətbuatda tez-tez maraqlı şeir  və poemaları ilə o öz oxucularını sevindirir. Ədibin 13  kitabı işıq üzü görüb.  Onun qələmi etirazçı, haqsızlığa susmayan, alovlu, çılğın olduğu qədər, poetik, sakit və romantik də ola bilir. Baş mövzuları Vətən, Vətən tərənnümü olan şair bəzən sevdalı dənizlərə baş vurur, eşqdən, ilmə toxuyur.
  Könlüm məhəbbətə eyliyir maraq,
 “Eşqin göylərində uçan bir quşam”.
   Ey məni yatmışa bənzədən Leyli!
  Mən sevda yolunda saç ağartmışam.
Məhəbbət fərdidir. Mənə elə gəlir ki, insanı başqa canlılardan fərqləndirən şüurla yanaşı, həm də məhəbbətdir. Şüur az da olsa, başqa canlılarda da var. Lakin məhəbbət birbaşa insani hisdir. Məhəbbət şüurla hissin vəhdətindən yaranır. Şairin şeirlərinin bir çoxu məhəbbətin tərənnümünə həsr olunub. Bəlkə də Kazım Səfəroğlunun  ruhunun daim gənc qalmasının sirri də budur. Onun ruhu heç zaman qocalmadı.Onun qəlbi yaş aldı, lakin heç vaxt yaşlanmadı.
  Kim deyirdi bir gül ilə bağ olmaz,
  Könül verən gözəl üzə ağ olmaz.
    Məhəbbətsiz heç nə gözəl yazılmaz,
    Eşqin canda tutanları sevmişəm …
Kazım Səfəroğlunun   istedadla yazılmış ilhamlı şeirlərində elmi düşüncənin və ictimai baxışların yeri və mövqeyi aydın görünür. Onun sevgisi qədərsiz, üz tutduğu obyekt isə laməkandır. Şairin baxışı bir yerə köklənməyib, insana sevgi, qadına sevgi, anaya, təbiətə… Ən başlıcası isə yurda sevgi…  Məsələn, şairin doğulub boya-başa çatdığı doğma  Şərur haqqındakı poetik qənaətləri real elmi qənaətlərdən yoğrulmuşdur:
  Yüz demişəm, bir də deyim,
    Sənlə döyünür ürəyim,
  Olmaz səndən inciməyim
   Yaşa, qarı, ay Şərurum…
Bax beləcə, əziz OXUCU, öz yaradıcılığının əsas qəhrəmanı, aparıcı siması olan, düşündüklərini, yaşadıqlarını  yazan Kazım Səfəroğlunun  əsərləri həqiqi bir şair ömrünün mənalı və pozulmaz səhifələridir. Bir çox istedadlı şairlər kimi, Kazım Səfəroğlunun  şeirləri də onun ibrətamiz həyat dastanı, mənalı ömür naməsidir. Bir az qəribə səslənsə də, mənimlə razılaşarsınız ki, hər bir şairin harda adı çəkilir çəkilsin, həmin an onun ya bir məşhur misrası, ya bir bənd, ya da bütöv bir şeirin özü yada düşür.  Kazım Səfəroğlunun  da adı çəkilən kimi yaddaşlarda aydınlaşan belə bir sadə, təbii, həm də məhəbbətin özü kimi yaddaqalan  misraları var.
    Haqqı yaşatmaqsa, bu günkü peşəm,
    Ədalət taxtından çətin ki, düşəm.
     Axı bu dünyaya gəlməmişəm ki,
    Haqlı əqidəmi haqsız dəyişəm…
Biz də oxucular adından haqlı əqidə şairi, Kazım Səfəroğluna uğurlar arzu edirik. Yaşayın, yazın, yaradın, hörmətli şairimiz!
AYNUR TURAN
Gundelik.az