İyul 8, 2026
Baku
Ədəbiyyat

Eyvaz Səmədov yaradıcılığı

BU ŞƏHƏRDƏ

Biri eşqini bərk tutur,

Biri atır bu şəhərdə.

Kimi bəxtindən xəbərsiz,

Rahat yatır bu şəhərdə.

 

Bilən tapılsa sorula,

Bu yol görən gedir hara?

Bax gecikən bir qatara,

Çatan çatır bu şəhərdə.

 

Su çatmaz bu xəmirlərə,

Nə gərək tək səbirlərə.

Öz ömrünü ömürlərə,

İnsan satır bu şəhərdə.

 

Görürsən insan qocalır,

Hər kəs əməldən tac alır.

Kimlər qalxır, kim ucalır,

Kimi batır bu şəhərdə.

 

YERƏ ÇATMAMIŞAM

Zəhmətim hələ çox deyil,

Gücə, tərə çatmamışam.

Oyun yolun öyrənirəm

Gəlib zərə çatmamışam.

 

Nə qədər yol qət etmişəm,

Gör necə cürət etmişəm.

Min ürəyi fəth etmişəm,

Bir nəfərə çatmamışam.

 

Ömür yansa hədər deyil,

Yaxşılıqlar gedər deyil.

Məndə olan kədər deyil,

Mən kədərə çatmamışam.

 

Qəlbim bir qərib adadı,

Tanımır qohumu, yadı.

Cismim, ruhum havadadı,

Gəlib yerə çatmamışam.

 

DÜNYA

Yenə sözün məni tutur,

Aldanıram sənə, dünya.

Soyuğun yaman qorxudur,

Çəkilirəm günə, dünya.

 

Qəlbim isti, gah da sazaq,

Bu dərd qəmi hara yazaq?

Gah gəzirəm dindən uzaq,

Gah gəlirəm dinə, dünya

 

Rəsm olsa rəng dayanmır,

Küləyə çiçək dayanmır,

Köksümdə ürək dayanmır,

Tab gətirmir sinə, dünya.

 

Xəyalım yaman dolaşır,

Dağa qalxır, dağdan aşır.

Qəlbimdə bir şam alışır,

Qorxuram ki, sönə, dünya.

 

Söz üstündən söz tuturam,

Ocaq qurub köz tuturam.

Sərçə kimi üz tuturam,

Torpaq üstə dənə, dünya.

 

Qulaq səsdə, göz yoldadır,

Hislər qəlbdə, söz yoldadır.

Dostun çoxu düz yoldadır,

Biri düşüb çənə, dünya.

.

… Kim olacaq Eyvaza tən?

Kim olacaq haya yetən?

Ünvanım vətəndi, vətən

Görüşərik yenə, dünya.

Eyvaz Səmədov,

Şair 

Gundelik.az