Səhərlər kifayət qədər yatdığınız halda yorğun və halsız oyanırsınızsa, problem yalnız yuxunun müddəti ilə bağlı deyil. Yuxunun keyfiyyətindən vitamin çatışmazlıqlarına, stressdən bəzi sağlamlıq problemlərinə qədər bir çox amil səhər yorğunluğuna səbəb olur. Xüsusilə yorğunluqla yanaşı müəyyən əlamətlər də müşahidə olunursa, vəziyyətə laqeyd yanaşmamaq lazımdır.
Səhər zəng çalanda yataqdan qalxmaqda çətinlik çəkir, uzun müddət yatmağınıza baxmayaraq özünüzü hələ də yorğun hiss edirsinizsə, bədəniniz sizə mühüm siqnal verir.
Səhər yorğunluğunun müxtəlif səbəbləri olur
Kifayət qədər yatmaq heç də həmişə orqanizmin tam dincəlməsi demək deyil. Gecə ərzində tez-tez oyanmaq, nizamsız yuxu saatları, xoruldama, yuxu apnesi, yatmazdan əvvəl telefon və ya kompüterdən istifadə yuxunun keyfiyyətini aşağı salır. Bu səbəbdən insan uzun müddət yatsa belə, səhərlər yorğun oyanır.
Səhərlər davamlı yorğun oyanmanın səbəbləri arasında qeyri-kafi və ya nizamsız yuxu, yuxu apnesi, xoruldama, dəmir çatışmazlığı, qanazlığı, B12 və D vitamini çatışmazlığı var. Bundan əlavə, qalxanabənzər vəzinin zəif işləməsi, qan şəkərindəki nizamsızlıqlar, güclü stress, narahatlıq, depressiya, qeyri-kafi qidalanma, az su içmək və hərəkətsiz həyat tərzi də yorğunluğa səbəb olur.
Daxili xəstəliklər üzrə mütəxəssis Dr. Halil Kalli bəzi infeksiyaların, xroniki xəstəliklərin və istifadə olunan bəzi dərmanların yan təsirlərinin də səhər yorğunluğu ilə əlaqəli ola biləcəyinə diqqət çəkir.
Bu əlamətlər varsa, laqeyd yanaşmayın
Səhər yorğunluğunun bir neçə gün davam etməsi sıx iş rejimi, stress və ya müvəqqəti yuxu pozğunluğu ilə bağlı olur. Lakin yorğunluq uzun müddətdir davam edir və gündəlik həyata mənfi təsir göstərirsə, səbəbin araşdırılması vacibdir.
Xüsusilə yorğunluqla yanaşı nəfəs darlığı, ürəkdöyünmə, başgicəllənmə, solğunluq, həddindən artıq tərləmə, səbəbsiz çəki itkisi və ya çəki artımı, gecə tez-tez oyanma, güclü xoruldama və gün ərzində yuxululuq kimi əlamətlər müşahidə olunursa, vəziyyətə laqeyd yanaşmamaq tövsiyə edilir.
Yuxunun keyfiyyətini artırmaq üçün bunlara diqqət edin
Müntəzəm yuxu rejimi yaratmaq, balanslı qidalanmaq, kifayət qədər su içmək və mütəmadi fiziki fəaliyyətlə məşğul olmaq yuxunun keyfiyyətini yaxşılaşdırmağa kömək edir. Yatmazdan əvvəl kofein qəbulunu və ekran qarşısında keçirilən vaxtı məhdudlaşdırmaq da daha keyfiyyətli yuxu üçün vacib addımlardandır.
Bütün bu tədbirlərə baxmayaraq səhər yorğunluğu davam edirsə, həkimə müraciət edərək problemin səbəbini araşdırmaq tövsiyə olunur.
Mənbə:CNN Türk
Hazırladı:Ziyalə Əhmədli
Gundelik.az

