İyul 8, 2026
Baku
Ölkə Xəbərlər

8 quruma “Startap” şəhadətnaməsi üçün müsbət rəy verilib

Bu gün “Startap” şəhadətnaməsinin verilməsi üzrə Ekspertlər Şurasının növbəti toplantısı keçirilib. Şuranın yeni tərkibdə keçirilmiş ilk iclasında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov iştirak edib.

Gundelik.az xəbər verir ki, toplantıda Startap şəhadətnaməsi almaq üçün KOBİA –ya sənəd təqdim edən 15 sahibkarlıq subyektinin müraciətinə baxılıb.

İddiaçıların səlahiyyətli nümayəndələri qısa müddətli təqdimatlar ediblər. Ekspertlər Şurasının qiymətləndirilməsi əsasında 8 quruma “Startap” şəhadətnaməsinin verilməsi tövsiyə edilib. 

Şəhadətnamələr Ekspertlər Şurasının rəyi əsasında KOBİA tərəfindən veriləcək.

Məlumat üçün bildirəm ki, indiyədək 228 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib.

“Startap” şəhadətnaməsi alanlar qanunvericiliyə görə innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad edilir.

Xatırladıram ki, bu günkü toplantı Ekspertlər Şurasının yeni tərkibdə ilk tədbiridir. Yeni tərkib mövcud qaydalar çərçivəsində İqtisadiyyat naziri Mikayıl Cabbarovun əmri əsasında formalaşıb. Ekspertlər Şurası bu tərkibdə 2 il müddətində fəaliyyət göstərəcək.

Gundelik.az