Fatma xanım Kəminə həqiqətdə çox gözəl, zərif bir xanım idi və zahiri gözəlliyinə müvafiq batini və mənəvi tərəfdən dəxi-əxlaqi-həsənə sahibəsi olub, ziyadə xoşxülq, mülayim və xoşrəftar bir nadireyi-zəmanə idi”.
F. Köçərli
XIX əsr qadın aşıqlarındandır. 1841-cı ildə Şuşada dünyaya gəlib. Fatma xanım kiçik yaşlarından etibarən şeirə maraq göstərmişdir. Şairənin atası Mirzə Bəybaba Fəna da şair olub və “Fəna” təxəllüsü ilə şeir yazıb. Fatma xanım fars dilini də mükəmməl bilib və bu dildə də şeirlər yazıb. Təhsilini Şuşada alıb, savadına görə ona “Mirzə Fatma xanım” deyirdilər. XIX əsr təzkirələri arasında da şairənin şeirlərinə rast gəlinir. O dövrdə Fatma xanım Azərbaycanın ən məşhur 3-5 şairəsindən biri olub. Şairə onunla bir dövrdə yaşayan bir çox aşığın şeirlərinə nəzirələr yazmışdır. Amma dövrümüzə onun əsasən klassik şəkildə yazılmış şeirləri gəlib çatmışdır. Mir Möhsün Nəvvab “Təzkireyi-Nəvvab” əsərində Kəminə xanım haqqında məlumat verərkən, bildirmişdir ki, o, dörd yüzə yaxın şeir yazmış, Şuşada Mir Mövsün Nəvvabın başçılıq etdiyi “Məclisi-fəramuşan”da yaxından iştirak etmişdir. Firudin bəy Köçərli Fatma xanım Kəminəni “nadireyi zəmanə” saymış, onun ölümünü ağır itki kimi dəyərləndirmişdir.
Kəminə xanımın həyat və yaradıcılığı haqqında XIX əsr təzkirələrinə az da olsa məlumat vardır. Kəminə şairə Natəvanın başçılıq etdiyi “Məclisi-üns”ədəbi məclisin üzvləri ilə yaxın olmuş, onlarla deyişmişdir. Onun qəzəllərinin məzmun və formasının müəyyənləşməsində fəal iştirakçısı olduğu “Məclisi-üns” və “Məclisi-fəramuşan” ədəbi məclislərinin, bu məclislərdə toplaşan Natəvan, Mir Möhsün Nəvvab, Mirzə Rəim Fəna və başqa Qarabağ şairlərinin mühüm rolu olmuşdur. Fatma xanım öz qəzəllərində sənət dostlarını həmişə minnətdarlıq hissi ilə yad edir, onlarla keçirdiyi dəqiqələri ömrünün ən məsud anları sayırdı. Kəminənin poetik yaradıcılığı əsasən qəzəllərdən ibarətdir. Azərbaycan və fars dillərində qələmə aldığı bu əsərlərdə şairə klassik Şərq poeziyasının ənənəvi mövzularından kənara çıxmasa da, burada özünəməxsus qəlb dünyasını yarada bilmişdir. Kəminə sənətinin gözəlliyi, zərifliyi ondan ibarətdir ki, o, klassik ədəbi irsə həmişə sadiq qalmış, əsərlərinin mayasını məhz klassika ilə yoğurmuşdur. O, əsərlərində bədii təsvir vasitələrindən məharətlə istifadə etməklə yanaşı, şifahi xalq ədəbiyyatından, folklor, əsatir, atalar məsəllərindən bəhrələnib, yeri gəldikdə onlardan istifadə etmişdir. Təzkirəçilərin verdiyi məlumata görə, Fatma xanımın divanı da olmuşdur.
M.Müctəhidzadə “Riyazül-aşiqin” əsərində Fatma xanım Kəminəyə yüksək qiymət verərək, onu Məhsəti, Nigar xanım, Nurcahan bəyim kimi şairələrlə bərabər tutmuşdur.
Bununla yanaşı, onun divanı olduğunu və bu divanı şəxsən özü gördüyünü də qeyd etmişdir. Fatma xanım Kəminə 1898-ci ilin sentyabrında Şuşada vəfat etmişdir.
Gundelik.az
