Gundelik.az Mədəniyyət və cəmiyyət 45-65 yaş arasında qazanılan sağlam vərdişlər demansı 13 il gecikdirə bilər
Mədəniyyət və cəmiyyət Xəbərlər

45-65 yaş arasında qazanılan sağlam vərdişlər demansı 13 il gecikdirə bilər

Demansdan qorunmağa hansı amillərin təsir etdiyi hələ tam müəyyən edilməsə də, eşitmə itkisi, hava çirkliliyi və digər risk faktorlarının xəstəliyin yaranma ehtimalını artırdığı məlumdur. Bununla yanaşı, həyat tərzi ilə bağlı dəyişdirilə bilən risk faktorları demansın qarşısının alınmasında mühüm rol oynayır.

ABŞ və Çindən olan alimlərin Neurology Open Access jurnalında dərc olunan yeni araşdırması göstərib ki, orta yaş dövründə üç əsas risk faktoruna nəzarət etmək gələcəkdə demansın başlanmasını əhəmiyyətli dərəcədə gecikdirə bilər.

Orta hesabla 26 ili əhatə edən və 12 409 nəfərin sağlamlıq göstəricilərinin təhlil edildiyi araşdırmaya görə, normal qan təzyiqinə sahib olmaq, şəkərli diabetdən əziyyət çəkməmək və siqaret çəkməmək demans olmadan yaşanan müddəti təxminən 13 il uzada bilər.

Tədqiqatçılar bildirirlər ki, 45-65 yaş aralığı bu baxımdan həlledici dövrdür. Məhz bu yaşlarda damar sağlamlığının qorunması gələcəkdə həm ürək-damar sistemi, həm də beyin sağlamlığı üçün böyük əhəmiyyət daşıyır.

Damar sağlamlığı ilə beyin sağlamlığı arasında güclü əlaqə

Araşdırmada damar sağlamlığı ilə zehni funksiyalar arasındakı əlaqə qiymətləndirilib. Nəticələr göstərib ki, orta yaşda damar sağlamlığını qorumaq demanssız yaşam müddətini 12,6 ilədək artıra bilər.

Təhlillər zamanı cins, yaş, irq, fiziki aktivlik səviyyəsi və Alzheimer xəstəliyi riskini artıran APOE4 geni kimi amillər də nəzərə alınıb.

Müəyyən edilən üç risk faktorunun hamısına sahib olan şəxslərdə demans daha erkən başlayıb və onların ölüm riski də daha yüksək olub.

Araşdırmanın müəlliflərindən epidemioloq Josef Coresh bildirib ki, beyin sağlamlığını uzun müddət qorumağın ən təsirli yollarından biri orta yaşda yüksək qan təzyiqi, diabet və siqaretdən uzaq durmaqdır. Onun sözlərinə görə, 55 yaşdan sonra amerikalıların təxminən 42 faizi demans riski daşıdığı üçün xəstəliyin başlanmasını gecikdirən üsulların müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir.

Qadınlar və kişilər arasında fərqlər

Araşdırmaya əsasən, üç risk faktorunun hamısını daşıyan qadınlar tədqiqatın başlanğıcından etibarən orta hesabla 18,1 il, kişilər isə 16,6 il demans olmadan yaşayıblar.

İrq üzrə müqayisədə isə ağdərili iştirakçılarda bu müddət orta hesabla 19,6 il, qaradərili iştirakçılarda isə 16 il olub. Alimlər bunun səhiyyə xidmətlərinə çıxış və digər sosial amillərlə bağlı mövcud bərabərsizlikləri əks etdirdiyini qeyd ediblər.

Gələcək tədqiqatlarda siqareti tərgitmək və ya qan təzyiqini aşağı salmaq kimi dəyişikliklərin demans riskinə təsirinin daha ətraflı araşdırılması planlaşdırılır.

Mütəxəssislərin məlumatına görə, hazırda dünyada hər il 10 milyona yaxın insan demansdan təsirlənir və əhalinin qocalması ilə bu rəqəmin gələcək illərdə daha da artacağı gözlənilir.

 

Mənbə:TRT Haber

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version