Bəzən bir insanın bioqrafiyası sadəcə vəzifələrin siyahısı olmur — o, bir düşüncə xəritəsi olur. Kağızdan ekrana, ənənədən rəqəmsala, keçmişin mirasından gələcəyin çağırışına uzanan bir xəritə. Bu xəritənin üzərində isə söz dayanır — həm mətndə, həm ideyada, həm də mövqedə. Tanınmış rəqəmsal yaradıcı, yazıçı, uzun illər “Füyuzat” jurnalının baş redaktoru kimi milli fikir platformasına istiqamət verən, Milli İrsi Mədəni Tarixi Araşdırmalar Fondunun (MİMTAR) rəhbərliyində təmsil olunan və çağrı.az saytının yaradıcısı kimi rəqəmsal məkanda yeni söz məkanı quran Mübariz Yunuszadə ilə söhbətimiz təkcə jurnalistika və ədəbiyyat haqqında deyil. Bu müsahibə yaddaşla zamanın, ənənə ilə texnologiyanın, milli irslə qlobal düşüncənin kəsişmə nöqtəsində qurulan bir dialoqdur.
Çünki söz dəyişdikcə forma dəyişir, forma dəyişdikcə mühit dəyişir. Amma sual dəyişmir: düşüncə hansı istiqamətə gedir? Bu müsahibədə Yunuszadə həm keçmişin məsuliyyətindən, həm də gələcəyin çağırışından danışır — sözün taleyi və düşüncənin istiqaməti üzərində fəlsəfi bir baxış təqdim edir.
— Jurnal nəşri, xüsusilə məfkurə yönümlü dərgiçilik, kənardan göründüyü kimi romantik və cazibədar sahə deyil. O, həm maddi, həm də mənəvi baxımdan ağır məsuliyyət tələb edən bir sənətdir. Problemlər sırasında maliyyə çətinlikləri ilk baxışda görünən tərəfdir. Lakin daha dərin və ağrılı məsələ jurnalın öz mahiyyətini — məktəb və sənət ocağı funksiyasını — tam yerinə yetirə bilməməsidir.
Məsələ qələmi olan insanların azlığında deyil. Əsl problem qələmin formalaşması üçün mühitin, ustad nəfəsinin və sistemli ədəbi-intellektual dəstəyin çatışmazlığıdır. Rəqəmsal mühit jurnalistikanı sürətə tabe etdirib. Halbuki düşüncə tələsik doğulmur. Operativlik adı altında təfəkkür çox zaman arxa plana keçir, dil kobudlaşır, üslub zəifləyir. Beləliklə, jurnal düşüncə laboratoriyası olmaq əvəzinə, sadəcə informasiya daşıyıcısına çevrilir.
Halbuki jurnal sözün məsuliyyətini daşımalı, dərin araşdırmalar, estetik baxımdan yetkin mətnlər və intellektual dosyelər təqdim etməlidir. Jurnal yalnız xəbər verməməli, düşüncə istehsal etməlidir.
Sizcə, müasir dövrdə jurnal nəşri ənənəvi mahiyyətini qoruyub saxlaya bilirmi?
— Reallığı etiraf etmək lazımdır: Azərbaycanda çap jurnalları bu mərhələdə müəyyən geri çəkilmə yaşayır. Lakin bu, jurnal anlayışının məğlubiyyəti demək deyil. Məğlub olan formadır, mahiyyət yox.
Jurnalın əsas missiyası seçilmiş, analitik və estetik baxımdan kamil mətn təqdim etməkdir. Bu missiya bu gün də öz aktuallığını qoruyur. Sadəcə, zamanın ruhuna uyğun olaraq, bu missiya kağız səhifədən rəqəmsal platformaya da köçməlidir. Əgər jurnal yalnız nostalji predmetinə çevrilirsə, o zaman təsir imkanlarını itirir. Lakin çapla yanaşı rəqəmsallaşma bacarığı nümayiş etdirə bilsə, yenidən söz sahibi ola bilər. Əsas məsələ forma deyil, düşüncənin dərinliyi və estetik səviyyəsidir.
Redaktor kimi sizi bu illər ərzində ən çox sevindirən və ən çox düşündürən məqam nə olub?
— Ən böyük sevincim odur ki, hələ də yazmaq, düşünmək və yaradıcılığı həyat tərzi kimi qəbul edən gənclər var. Onların ilk cəhdlərindən yetkin mətnə doğru keçidini izləmək redaktor üçün ən qiymətli mükafatdır. Bir müəllifin sözlə böyüməsinə şahid olmaq, əslində, gələcəyə şahid olmaq deməkdir.
Bununla yanaşı, beynəlxalq mühitdə ölkəmizi dərgiçilik sahəsində təmsil edərkən tez-tez bir sual üzərində düşünmüşəm: niyə bizdə bu sahədə sistemli təşkilatlanma zəifdir? Müəyyən təşəbbüslər göstərilsə də, arzu olunan nəticə əldə olunmadı.
Məni ən çox düşündürən məqamlardan biri də keyfiyyətli mətnlərin oxucuya çata bilməməsidir. Uzun illər səthi məzmunla qidalanan oxucu artıq ciddi və dərin söz qarşısında narahatlıq hiss edir. Gənclərdə söz sənətinə marağın necə artırılması isə daim düşündürücü sual olaraq qalır.
Gələcəyin jurnalı necə olmalıdır?
— Gələcəyin jurnalı heç kimə yaltaqlanmamalıdır. O, kütləyə xoş görünmək üçün deyil, düşünmək istəyənlər üçün bir mayak kimi mövcud olmalıdır. Jurnal informasiya bazarı deyil; sənət, ədəbiyyat, tarix və ideya emalatxanasıdır.
Multimedia imkanları və rəqəmsal texnologiyalar məqsəd yox, vasitədir. Vizual təqdimat mətni kölgədə qoymamalı, əksinə onun təsir gücünü artırmalıdır. Jurnal oxucunu əyləndirməkdən daha çox onu sual qarşısında qoymalı, təfəkkürə sövq etməlidir. Çünki jurnalın vəzifəsi rahatlıq yaratmaq deyil, düşüncə oyatmaqdır.
Ədəbiyyat jurnalları bu gün ədəbi prosesə real təsir göstərə bilirmi?
— Hazırkı mərhələdə bu təsir, təəssüf ki, zəifdir. Ədəbiyyat jurnalları ya dar çevrənin daxili müzakirə platformasına çevrilib, ya da risk almamaq tendensiyası ilə üz-üzə qalıb. Halbuki jurnal ədəbi mübahisə yaratmalı, yeni estetik istiqamət təklif etməli, ideya axınlarını formalaşdırmalıdır.
Əgər jurnal cəsarət göstərmirsə, ədəbi proses də yerində sayır. Ədəbiyyat canlı orqanizmdir və onun nəfəsi polemika, estetik axtarış və yenilikdir. Jurnal bu nəfəsi təmin etməlidir.
Jurnal müəllif yetişdirmək baxımından hansı rolu oynaya bilər?
— Jurnal sadəcə mətn dərc edən platforma deyil; o, qələm əhli yetişdirən məktəbdir. Xüsusilə məktəblərdə və universitetlərdə jurnalistikaya, ədəbiyyata və tarixə maraq göstərən gənclər üçün jurnal praktikası yalnız texniki bacarıq deyil, düşüncə formalaşdırma prosesidir.
Gənc müəllif burada xəbəri yazmaqla yanaşı, sözün məsuliyyətini daşımağı öyrənməlidir; sürətli olmaqla yanaşı, dərin düşünməyi bacarmalıdır; dərc olunmaqla kifayətlənməyib, formalaşmağın uzun yolunu qəbul etməlidir.
Jurnal redaksiyası fabrik deyil, ustad–şagird münasibətinin yaşandığı sənət məkanıdır. Bu münasibət qorunduğu müddətdə jurnal təkcə jurnalist deyil, sözə məsuliyyətlə yanaşan müəllif yetişdirəcək. Bu funksiyanı itirdiyi anda isə o, sadəcə səhifələr toplusuna çevriləcək. Dərgicilik sənətini yaşadan jurnal isə ədəbiyyatın, düşüncənin və tədqiqat mədəniyyətinin canlı damarına çevriləcək.
Gundelik.az

