Gundelik.az Mədəniyyət və cəmiyyət 40 yaşdan sonra qidalanma tövsiyələri: Güclü maddələr mübadiləsi, hormonal tarazlıq və möhkəm sümüklər üçün yeni qaydalar
Mədəniyyət və cəmiyyət Xəbərlər

40 yaşdan sonra qidalanma tövsiyələri: Güclü maddələr mübadiləsi, hormonal tarazlıq və möhkəm sümüklər üçün yeni qaydalar

40 yaşdan sonra qadın orqanizmində hormonal balans, maddələr mübadiləsinin sürəti, əzələ kütləsi və sümük sağlamlığı ilə bağlı mühüm dəyişikliklər baş verir. Bu dövrdə qidalanma yalnız çəkiyə nəzarət üçün deyil, həm də enerji səviyyəsinin qorunması, immunitetin gücləndirilməsi, ürək-damar sağlamlığı və həyat keyfiyyətinin yaxşılaşdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Kalsium, D vitamini, zülal, lif və B qrupu vitaminləri bu yaşlardan sonra daha da vacib olur.

Yaş artdıqca orqanizmin ehtiyacları da dəyişir. Xüsusilə qadınlarda hormonal dəyişikliklər, maddələr mübadiləsinin yavaşıması, əzələ kütləsinin azalması və sümük sağlamlığında baş verən dəyişikliklər qidalanma vərdişlərinin yenidən nəzərdən keçirilməsini zəruri edir.

Qidalanma və Dietologiya üzrə mütəxəssis Gamze Akbaş İşbilir bildirir ki, 40 yaşdan sonra düzgün qidalanma yalnız çəki nəzarəti üçün deyil, sümük və əzələlərin qorunması, ürək sağlamlığı və ümumi həyat keyfiyyətinin saxlanılması üçün də vacibdir.

Qadınlarda yaş artdıqca estrogen hormonunun səviyyəsində dəyişikliklər baş verir ki, bu da sümük sıxlığının azalmasına və bədən quruluşunda fərqliliklərə səbəb olur. Eyni zamanda əzələ kütləsində təbii azalma müşahidə edilir. Bu mərhələdə balanslı və kifayət qədər qidalanmaq sağlam həyat keyfiyyətinin qorunmasına kömək edir.

Mütəxəssis qeyd edir:

“Yaş artdıqca enerji ehtiyacı azalsa da, bəzi vitamin, mineral və zülallara olan ehtiyac artır. Buna görə də gənclik dövründəki qidalanma vərdişlərini eyni şəkildə davam etdirmək hər zaman kifayət etmir.”

Sümüklərin qorunması: Kalsium və D vitamini

Yaş artdıqca, xüsusilə menopauza dövrünə yaxınlaşdıqca sümük sıxlığında azalma baş verir. Osteoporoz (sümük əriməsi) və sınıq riskinin qarşısını almaq üçün kalsium qəbulu böyük əhəmiyyət daşıyır. Lakin kalsiumun orqanizm tərəfindən mənimsənilməsi üçün D vitamini də vacibdir.

Nə yemək lazımdır?

Süd, qatıq və pendir

Brokoli

Badam

Tünd yaşıl yarpaqlı kələm növləri

D vitamini səviyyəsinin isə həkim nəzarəti altında mütəmadi yoxlanılması tövsiyə olunur.

Əzələləri və saç sağlamlığını qorumaq üçün zülal

40 yaşdan sonra əzələ kütləsinin azalması maddələr mübadiləsini zəiflədir. Əzələləri qorumaq və çəkiyə nəzarəti asanlaşdırmaq üçün zülal tələbatı artır. Bundan əlavə, saç tökülməsi və saç tellərinin nazilməsi kimi problemlərin qarşısını almaqda da zülal və dəmir mühüm rol oynayır.

Nə yemək lazımdır?

Həftədə ən azı iki dəfə balıq

Hinduşka əti

Yumurta

Mərcimək, noxud, lobya kimi paxlalılar

Yağlı və emal olunmuş qırmızı ətlər əvəzinə daha asan həzm olunan keyfiyyətli zülal mənbələrinə üstünlük verilməlidir.

Zehni aydınlıq və enerji üçün B6 və B12 vitaminləri

40 yaşdan sonra diqqətin dağılması, halsızlıq və enerji çatışmazlığı daha çox müşahidə olunur. Bunun səbəblərindən biri orqanizmin B12 vitaminini mənimsəmə qabiliyyətinin zəifləməsidir.

B qrupu vitaminləri beyin fəaliyyətinin qorunmasına və hüceyrələrin yenilənməsinə kömək edir.

Nə yemək lazımdır?

Yağsız qırmızı ət

Keyfiyyətli quş əti

Dəniz məhsulları

Yumurta

Həzm sistemi və çəki nəzarəti üçün lif və antioksidantlar

Qan şəkərini sabit saxlamaq, şirniyyat istəyini azaltmaq və bağırsaqların fəaliyyətini yaxşılaşdırmaq üçün gündəlik 25–30 qram lif qəbul etmək tövsiyə olunur.

Antioksidantlar isə hüceyrələrin qocalmasını ləngidir və dərinin elastikliyinin qorunmasına kömək edir.

Nə yemək lazımdır?

Lif mənbələri:

Yulaf

Çovdar

Tam taxıllı məhsullar

Antioksidant mənbələri:

İspanaq

Cəfəri

Kök

Balqabaq

Moruq

Alma

Banan

Hormonal tarazlıq üçün kofein və şəkərə diqqət

40 yaşdan sonra hormonal sistem və yuxu keyfiyyəti xarici təsirlərə daha həssas olur. Emal olunmuş karbohidratlar və əlavə edilmiş şəkərlər əvəzinə meyvələrin təbii şəkərindən istifadə etmək daha faydalıdır.

Gamze Akbaş İşbilir xəbərdarlıq edir:

“Hormonal tarazlığı qorumaq, yuxusuzluq və ya isti basmaları kimi erkən menopauza əlamətlərini artırmamaq üçün kofein qəbuluna diqqət yetirilməlidir. Qəhvə istehlakını məhdudlaşdırmaq və onu günün gec saatlarına saxlamamaq vacibdir. Gün ərzində bol su içmək və sakitləşdirici bitki çaylarından istifadə etmək orqanizmin maye balansını qorumağın ən asan yollarından biridir.”

40 yaşdan sonra məqsəd yalnız arıqlamaq deyil

Mütəxəssis vurğulayır ki, 40 yaşdan sonra qidalanmanın əsas məqsədi təkcə çəki azaltmaq deyil.

Əsas hədəflər:

Əzələ kütləsini qorumaq

Sümük sağlamlığını dəstəkləmək

Kifayət qədər vitamin və mineral qəbul etmək

Həyat keyfiyyətini artırmaq

Sağlam yaşlanma prosesini dəstəkləmək

 

Mənbə:CNN Türk

Hazırladı:Ziyalə Əhmədli

Gundelik.az

Exit mobile version