Gundelik.az Mədəniyyət və cəmiyyət Namiq Qüdrətov: “Məqsədi olmayan insan telefona aludə olur”
Mədəniyyət və cəmiyyət Müsahibə

Namiq Qüdrətov: “Məqsədi olmayan insan telefona aludə olur”

Müasir dövrdə rəqəmsal texnologiyalar həyatımızın ayrılmaz tərkib hissəsinə çevrilib. Smartfonlar, sosial şəbəkələr və onlayn platformalar gündəlik ünsiyyətimizi, iş rejimimizi və dünyaya baxışımızı köklü şəkildə dəyişib. Lakin bu rahatlığın kölgəsində ciddi psixoloji təhlükələr də gizlənir. Xüsusilə gənclər arasında sosial şəbəkələrə nəzarətsiz aludəçilik diqqət dağınıqlığı, yuxu pozuntuları, tənhalıq hissi, aqressiya və depressiya kimi problemləri daha da dərinləşdirir.

Mütəxəssislər bildirirlər ki, əsas problem texnologiyanın özündə deyil, onun məqsədsiz və şüursuz istifadəsindədir. İnsan həyatında mənəvi boşluq və aydın məqsəd olmadıqda, rəqəmsal alətlər asılılığa çevrilir.

Bu mövzu ətrafında professor, NLP (neyrolinqvistik proqramlaşdırma) və karmologiya üzrə ustad, uzun illər praktik psixoloji fəaliyyətlə məşğul olan mütəxəssis Namiq Qüdrətovla söhbət etdik. Müsahibimiz rəqəmsal asılılığın psixoloji təsirlərindən, sosial medianın özünəgüvənə təsirindən və müasir cəmiyyətdə artan stressin fərdi psixika üzərində yaratdığı fəsadlardan danışdı.

 Rəqəmsal asılılıq müasir gənclərin psixoloji sağlamlığına necə təsir edir və bu asılılıqdan qurtulmaq üçün hansı addımlar atılmalıdır?

— Rəqəmsal asılılıq gənclərin telefona, sosial şəbəkələrə, messencerlərə və video platformalara nəzarətsiz şəkildə bağlanmasıdır. Burada əsas problem texnologiyanın özü deyil. Texnologiyadan düzgün istifadə etmək mümkündür. Əsas təhlükə onun məqsədsiz və limitsiz istifadəsidir. Halbuki insanın ən qiymətli resursu vaxtdır və rəqəmsal asılılıq ilk növbədə məhz bu vaxtı oğurlayır.

Bu vəziyyət diqqətin zəifləməsinə, dərin düşünmə qabiliyyətinin azalmasına və səbirsizliyə yol açır. Xüsusilə uşaqlar üçün bu, son dərəcə təhlükəlidir. Müharibə, zəlzələ və ölüm kimi ağır görüntülərin azyaşlılara izlədilməsi onların psixikasında dərin qorxu yaradır. Bu qorxu sonradan narahatlıq, depressiya və aqressiya şəklində özünü göstərə bilər.

Asılılığın qarşısını almaq üçün gündəlik rəqəmsal limitlər müəyyənləşdirmək, yatmazdan ən azı iki saat əvvəl telefondan uzaq durmaq və ən əsası, insanın həyatında aydın məqsəd formalaşdırmaq olduqca vacibdir.

 Sosial media platformaları insanın özünə güvənini necə formalaşdırır və ya sarsıdır?

— Sosial medianın özünəgüvənə təsiri platformanın özündən çox, insanın daxili psixoloji durumundan asılıdır. Düzgün və şüurlu istifadə olunduqda sosial media insanın özünü ifadə etməsinə, yaradıcılığını ortaya qoymasına və özgüvəninin artmasına müsbət təsir göstərə bilər.

Məsələn, mən sosial şəbəkələrdə “Sən kimsən?” mövzusunda esse müsabiqəsi keçirmişdim və 80-dən çox gənc bu suala dərin, düşündürücü cavablar göndərmişdi. Bu fakt göstərir ki, gənclər düşünür, axtarır və böyük potensiala malikdirlər.

Lakin sosial media bəzən insanı başqaları ilə müqayisəyə sürükləyir. İnsan başqalarının yalnız “ideal” tərəflərini görərək öz həyatını dəyərsiz hesab edir. Bu isə zamanla özgüvənin zəifləməsinə səbəb olur. Yəni sosial media insanı ya gücləndirir, ya da zəiflədir – bu seçim isə birbaşa onun daxili psixoloji vəziyyətindən asılıdır.

 Müasir cəmiyyətdə stress və gərginliyin artması fərdi psixikaya necə təsir edir və çıxış yolları nələrdir?

— Müasir dövrdə stressin artmasının əsas səbəbləri iqtisadi qeyri-sabitlik, gələcək qorxusu, sosial ədalətsizlik və informasiya təzyiqidir. Sosial şəbəkələr vasitəsilə dünyanın müxtəlif nöqtələrində baş verən faciələrdən anbaan xəbərdar oluruq və insan beyni daim “təhlükə rejimi”ndə işləyir. Bu isə psixikanı ciddi şəkildə yükləyir.

Stress aqressiya, dözümsüzlük, yuxusuzluq, ürəkdöyünmə, mədə-bağırsaq problemləri və psixosomatik xəstəliklərə yol aça bilər. Çıxış yolu isə insanın nəzarət edə bilmədiyi qlobal hadisələrə deyil, öz həyatına fokuslanmasıdır. Mən buna “öz düyməni axtar” deyirəm. Yəni insan məqsədini tapsa, dəyərlərinə sahib çıxsa və həyatını şüurlu şəkildə idarə etsə, nə stress onu asanlıqla sındıra bilər, nə də informasiya təzyiqi.

Əsas məsələ məqsəddir. Məqsədi olan insan telefona sadəcə bir alət kimi baxır, məqsədi olmayan isə ona aludə olur. Günlük rəqəmsal limitlər, yatmazdan əvvəl texnologiyadan uzaq qalmaq və öz dəyərlərimizə sadiq qalmaq psixoloji sağlamlıq üçün olduqca vacibdir.

Qeyd: Qeyd edək ki, ustad “Allah insanı niyə yaradıb? Tanrının məntiqi” adlı kitabında karmologiyanın 54 qanunundan 18-ni izah etmişdir. Bu kitab həm psixoloqlar, həm də oxucular üçün faydalıdır. Orada real praktik nümunələr əsasında problemlərin necə həll olunduğunu göstərib.

Hazırladı: Fəridə Sadıqzadə

Gundelik.az
Exit mobile version