FAO-nun (BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı) baş direktoru Qu Donqyunun Moskvada keçirilən mətbuat konfransında təqdim etdiyi videoya əsasən, 2024-cü ilin sonuna qədər dünyada ac insanların sayı 673 milyon nəfərə çatacaq.
Gundelik.az xəbər verir ki, tədbir FAO-nun 80 illik yubileyinə həsr olunub.
FAO-nun Moskva ofisinin direktoru Oleq Kobyakov bildirib ki, təşkilat yaranandan bəri aclıqla mübarizədə mühüm irəliləyiş əldə edib. Onun sözlərinə görə, FAO fəaliyyətə başlayanda dünya əhalisinin 42 faizi aclıqdan əziyyət çəkirdi, bu göstərici hazırda təxminən 8–8,5 faiz təşkil edir.
Lakin Kobyakov qeyd edib ki, mövcud qlobal vəziyyət və iqlim dəyişikliyi 2030-cu ilə qədər “Aclığa son” məqsədinə nail olmağa imkan vermir: “Aydındır ki, biz 2030-cu ilə qədər aclığı aradan qaldıra bilməyəcəyik. Hətta ən optimist proqnozlara görə, beş ildən sonra da dünyada təxminən 500 milyon insan aclıqdan əziyyət çəkəcək”.
O vurğulayıb ki, BMT-nin 17 Dayanıqlı İnkişaf Məqsədindən biri olan aclığa son qoyulması sağlamlıq və qida təhlükəsizliyi ilə sıx bağlıdır: “Əgər bu üç istiqamətdə uğur qazansaq, yoxsulluğun dövrəsini qıra və davamlı inkişaf yoluna qədəm qoya bilərik”.
Kobyakov əlavə edib ki, FAO-nun Moskva ofisi 2016-cı ildən fəaliyyət göstərir. Bu dövrdə Rusiya FAO-nun Mərkəzi Asiya, Qafqaz və Afrika üzrə proqramlarına təxminən 50 milyon ABŞ dolları məbləğində könüllü töhfə verib: “Bu, əhəmiyyətli dəstəkdir, lakin kifayət deyil. Rusiya daha çox iş görə bilər”.
Onun sözlərinə görə, FAO əsasən kritik nöqtələrdə texniki yardım göstərir və təşkilatın yatırdığı hər bir dollar hökumətlər və özəl sektor tərəfindən 4–7 dollar həcmində əlavə investisiya cəlb edir.
Rusiya Kənd Təsərrüfatı naziri Oksana Lut tədbirdəki videomüraciətində qeyd edib ki, Rusiya qlobal ərzaq təhlükəsizliyinə töhfə verməyə davam edəcək və “qlobal bazarda kənd təsərrüfatı məhsulları və texnologiyalarının etibarlı istehsalçısı və təchizatçısı olaraq qalacaq”.
FAO-nun hazırda 195 üzvü və iki müşahidəçi dövləti var. Təşkilatın dünya üzrə 130-dan çox ofisi fəaliyyət göstərir və əsas diqqət texniki yardım proqramlarının həyata keçirilməsinə yönəlib.
Gundelik.az
