İyul 8, 2026
Baku
Ədəbiyyat Tarixdə bu gün Xəbərlər

30 Yanvar – Ədəbiyyatşünas Araz Dadaşzadənin 90 illiyi, (1936- 1990)

“Araz Dadaşzadənin təhlillərində poetik sistem -Vaqifin, yaxud XVIII əsrdə yazıb- yaratmış bir şairin poetikası elə bir mövqedən təhlil edilir ki, hər bir sözün, ifadə və deyimin ümumi kontekstdəki “tarixçəsi”, dolayısı ilə ədəbi prosesin “kardioqramması” həqiqətə yaxın bir durumda ortaya çıxır. A.Dadaşzadənin elmi təfsirində “metafora boşluqları” yoxdur, yəni tədqiqatçı ciddiliyi bir an belə əldən vermir, müəyyən konsepsiyanın sahibi kimi əda göstərmir, sadəcə məlum fikirlərin sırasında özünü ifadə edir.”
Filologiya elmləri doktoru Cavanşir Yusifl
Araz Məmməd Arif oğlu Dadaşzadə – Azərbaycan tənqidçisi və ədəbiyyatşünası, əməkdar elm xadimi. Araz Dadaşzadə Azərbaycan Sovet Ensiklopediyasının Baş redaksiya heyətinin və elmi-redaksiya şurasının (1976-1990), Azərbaycan Yazıçılar İttifaqı Təftiş Komissiyasının (1976-1990), “Ədəbiyyat və incəsənət” qəzeti redaksiya heyətinin (1977-1982) üzvü olmuşdur. 1989-cu ildə Araz Dadaşzadəyə Azərbaycan Respublikasının Əməkdar Elm Xadimi fəxri adı verilmişdir.
Araz Dadaşzadə 1936-cı il yanvarın 30-da Bakı şəhərində akademik Məmməd Arif və görkəmli pedaqoq Zümrüd Axundovanın ailəsində anadan olmuşdur. Araz Dadaşzadə 1952- ci ildə S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Fəlsəfə fakültəsinə daxil olmuşdur. 1953-cü ildə həmin fakültə bağlandığından, təhsilini Universitetin tarix fakültəsində davam etdirmiş və 1957-ci ildə bu təhsil ocağını uğurla bitirmişdir. Araz Dadaşzadənin ömrünün böyük bir hissəsi Azərbaycan Sovet Ensiklopediyasının nəşrə hazırlanması və nəşri ilə bağlıdır. Tədqiqatçı alim 1966-1968-ci illərdə Ensiklopediyanın Baş redaksiyasında Ədəbiyyat və İncəsənət redaksiyasının müdiri, 1976-1988-ci illərdə isə baş redaktorun birinci müavini işləmişdir.A.Dadaşzadə 1988-1990-cı illərdə, yəni  ömrünün sonunadək Azərbaycan Sovet Ensiklopediyasının Baş redaktoru vəzifəsində çalışmışdır. A.Dadaşzadə ədəbi fəaliyyətə 1956-cı ildə “Azərbaycan gəncləri” qəzetində çıxan “Tərli kürəklər” kinofilminə yazdığı eyniadlı resenziya ilə başlamış, müxtəlif vaxtlarda “Kral Lir”, “Dədə Qorqud”, “Dərviş Parisi dağıdır” və s. filmlərə həsr edilmiş məqalələrin müəllifi olmuşdur. O, 1964-cü ildə “M.P.Vaqifin yaradıcılığı” mövzusunda namizədlik, 1977-ci ildə isə “XVIII əsr Azərbaycan lirikası (ideya-tematik və sənətkarlıq xüsusiyyətləri)” mövzusunda doktorluq dissertasiyası müdafiə etmişdir. Araz Dadaşzadə 1990-cı il noyabrın 2-də vəfat etmiş və Bakıda, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur.
Əsərləri: “Molla Pənah Vaqif (həyat və yaradıcılığı)” (1966), “Molla Pənah Vaqif (həyat və yaradıcılığı haqqında oçerk)” (1968), “Həyat müğənnisi” (1968), ”XVIII əsr Azərbaycan lirikası” (1980), “Xeyirxahlıq və gözəllik poeziyası” (1986) və s

Gundelik.az