Azərbaycanın Milli Qəhrəmanı, şəhid pilot Zakir Tofiq oğlu Yusifovun doğum günündən 70 il ötür.
Gündelik.az xəbər verir ki, Zakir Yusifov 29 sentyabr 1956-cı ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə 194 saylı məktəbi bitirib və Mülki Təyyarəçilik məktəbinə daxil olub. 1977-ci ildə təhsilini başa vurduqdan sonra Yevlaxda əmək fəaliyyətinə başlayıb və AN-2 təyyarəsinin komandiri təyin edilib. 1988-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin qiyabi şöbəsini bitirib.
Azərbaycanın ilk hərbi helikopter eskadrilyasının yaradılması olduqca çətin və məsuliyyətli iş idi. Zakir Yusifov bu işin öhdəsindən layiqincə gəlib. Hərbi təlimlərdən sonra Qarabağ istiqamətində döyüş uçuşlarında iştirak edib.
Zakir Yusifovun ilk uğurlu döyüş uçuşlarından biri 11 aprel 1992-ci ildə Füzuli–Xocavənd istiqamətində həyata keçirilib. O, döyüş tapşırığını uğurla yerinə yetirərək geri qayıdıb. Ümumilikdə yüzdən artıq döyüş uçuşu həyata keçirən cəsur pilot erməni silahlı birləşmələrinin çoxsaylı zirehli texnikasının məhv edilməsində iştirak edib.
O, Füzuli, Xocavənd, Tərtər, Ağdərə və Şuşakənd səmasında döyüş tapşırıqlarını yerinə yetirib.
11 oktyabr 1992-ci ildə növbəti döyüş uçuşu zamanı Zakir Yusifovun idarə etdiyi helikopter Səfiyan kəndi istiqamətində düşmən tərəfindən vurulub. Helikopterin heyəti həlak olub.
Zakir Yusifov ailəli idi, iki övladı yadigar qalıb. O, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 5 fevral 1993-cü il tarixli 457 saylı Fərmanı ilə Zakir Tofiq oğlu Yusifova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilib.
Milli Qəhrəmanın vaxtilə təhsil aldığı Bakı şəhərindəki 194 saylı məktəb və paytaxtın küçələrindən biri onun adını daşıyır.
Başım üstdə məğrur-məğrur dalğalanan
Bayrağına canım qurban, Azərbaycan!
Ruhuma büt, cismim üçün vətən olan
Torpağına canım qurban, Azərbaycan!
Gundelik.az

