İyul 8, 2026
Baku
Ədəbiyyat Mədəniyyət və cəmiyyət

    26 İyun -Heydər Əliyevin orduya verdiyi tarixi dəyərin simvoludur!

26 iyun Azərbaycan Respublikasında böyük qürur və iftixarla qeyd olunan mühüm tarixi günlərdən biridir. Bu gün Azərbaycan Silahlı Qüvvələrinin yaranma günü kimi qeyd olunur və ölkəmizin hərbi qüdrətinin rəmzinə çevrilmişdir. Bu gün gücümüzün, əzəmətimizin və əbədi müstəqilliyimizin təminatçısı olan Azərbaycan Ordusunun yaranma günüdür!

Bu bayram, həm hərbi tariximizin başlanğıcını anmaq, həm də ordumuzun müstəqillikdən bu yana qazandığı inkişafı və qələbələri qeyd etmək üçündür. Təntənəli hərbi paradlar, ordu hissələrinin sərgilədiyi qüvvə nümayişləri, veteranlarla görüşlər və şəhidlərin xatirəsinin yad edilməsi əsas elementlərdir .Bu il — Azərbaycan Ordusunun 107 yaşında qeyd edilmiş, Baku, Gəncə, Xankəndi və Laçın kimi şəhərlərdə şərəf yürüşləri, hərbi orkestr, paradlar təşkil olunmuşdur .    1998-ci ildən etibarən Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin sərəncamı ilə 26 iyun Silahlı Qüvvələr Günü kimi rəsmi dövlət bayramı elan olunmuşdur/ Azərbaycan Silahlı Qüvvələrinin əsası ilk dəfə 1918-ci il iyunun 26-da, Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuşdur. Həmin gün Azərbaycan Milli Ordusunun yaradılması haqqında qərar verilmişdir. Bu qərar müstəqil dövlət quruculuğu sahəsində atılmış mühüm addımlardan biri olmuşdur. Xalq Cümhuriyyəti dövründə yaradılmış ordu milli maraqları müdafiə etmək, ərazi bütövlüyünü qorumaq və dövlətin müstəqilliyini təmin etmək məqsədi daşıyırdı.

  Sovetlər birliyi dövründə bu ordu ləğv olunsa da, Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa etdikdən sonra, ordu quruculuğu yenidən əsas istiqamətlərdən birinə çevrildi. Müstəqil Azərbaycanın Silahlı Qüvvələri 1991-ci il oktyabrın 9-da rəsmi olaraq təsis olundu. Lakin məhz 26 iyun – ilk ordu quruculuğunun tarixi günü kimi qeyd olunur.

Silahlı Qüvvələrin inkişaf mərhələləri

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ölkəmiz ağır sınaqlardan keçdi. Bu dövrdə ordu zəif təchiz olunmuş, nizamsız idi. Lakin 1993-cü ildə ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra Azərbaycan Ordusunda ciddi islahatlar baş verdi. Ordunun peşəkarlaşdırılması, hərbi intizamın bərpası və müasir silahlarla təchiz olunması istiqamətində mühüm tədbirlər görüldü.

Prezident İlham Əliyevin rəhbərliyi dövründə Azərbaycan Ordusu regionun ən güclü və modern ordularından birinə çevrildi. Ordumuz NATO standartlarına uyğunlaşdırıldı, hərbi təlimlər artırıldı, peşəkar zabit heyəti yetişdirildi və müasir hərbi texnika ilə təmin olundu.

Gəlin bu şanlı, əlamətdar və qürurlu günə daha geniş nəzər yetirək:

Heydər Əliyev və Azərbaycan Silahlı Qüvvələrinin formalaşmasında tarixi rolu

Azərbaycan xalqının müasir tarixində elə şəxsiyyətlər var ki, onların adı birbaşa dövlətçiliklə, müstəqilliklə, ordu və təhlükəsizliklə assosiasiya olunur. Bu mənada ümummilli lider Heydər Əliyevin adı Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin qurulması və inkişafı tarixində silinməz iz qoymuşdur. 26 iyun – Silahlı Qüvvələr Günü kimi qeyd olunan bu əlamətdar tarix də məhz onun uzaqgörən siyasətinin və dövlətçilik baxışının nəticəsidir. Belə ki, Heydər Əliyevin ilk dövrdə – SSRİ zamanında ordu sahəsinə diqqəti çox böyük əhəmiyyət daşıyırdı. Onun ordu və təhlükəsizlik məsələlərinə diqqəti hələ Sovet İttifaqı dönəmində – 1969-cu ildə Azərbaycan SSR rəhbərliyinə gəldiyi ilk gündən başlamışdır. O, milli kadrların ordu sıralarında irəli çəkilməsinə xüsusi diqqət göstərmiş, azərbaycanlı gənclərin Sovet Ordusunun nüfuzlu ali hərbi məktəblərində təhsil alması üçün şərait yaratmışdı. Bu dövrdə Azərbaycanın hərbi elitasının əsas təməlləri qoyulmağa başlamışdı.

1971-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə Bakı Ali Hərbi Dənizçilik Məktəbi, 1973-cü ildə isə Bakı Ali Ümumqoşun Komandirləri Məktəbi açıldı. Bu məktəblər yalnız SSRİ daxilində deyil, ümumittifaq miqyasında nüfuz qazandı və çoxsaylı milli kadrlar yetişdirdi. 1990-cı illər – Dağınıq vəziyyətdə olan Azərbaycanın xilası ulu öndər Heydər Əliyev idi.

     1991-ci ildə Azərbaycan müstəqilliyini bərpa etsə də, ilk illərdə ölkədə siyasi hakimiyyətsizlik, ordu sistemsizliyi və torpaqların işğalı vəziyyəti daha da ağırlaşdırmışdı. 1993-cü ildə Azərbaycan siyasi dağılma təhlükəsi ilə üz-üzə qaldı. Bu çətin dövrdə xalqın təkidli tələbi ilə Heydər Əliyev yenidən siyasi hakimiyyətə qayıtdı və ordu quruculuğu istiqamətində dönüş nöqtəsi başladı.

Heydər Əliyevin ordu quruculuğunda strateji yanaşması olduqca əvəzsiz mövqe sayılırdı.  O, müstəqil Azərbaycanın təhlükəsizliyinin təminatçısının güclü, mütəşəkkil və peşəkar bir ordu olacağını çox yaxşı bilirdi. Bu məqsədlə bir neçə strateji istiqamətdə paralel addımlar atıldı: Ordu strukturunun formalaşdırılması – nizami qoşun hissələri bərpa edildi, vahid komanda və idarəetmə sistemi yaradıldı;

Peşəkar hərbçilərin hazırlanması – keçmiş sovet məktəblərində təhsil almış zabitlər sistemə cəlb olundu, yeni nəsil hərbi kadrların hazırlanması üçün Türkiyə və digər ölkələrlə əməkdaşlıq quruldu;

Silah və texnika ilə təminat – ordu sovetdənqalma silahlarla kifayətlənməməli idi, ona görə də müasir texnologiyaların alınması üçün beynəlxalq təmaslar gücləndirildi; Hərbi intizam və milli ruh – Heydər Əliyev üçün ordu təkcə silahlanmış qüvvə deyil, eyni zamanda milli qürurun, vətənpərvərlik ideologiyasının daşıyıcısı idi.

Nəhayət 26 İyun – Silahlı Qüvvələr Gününün təsis olundu.

1998-ci il 22 may tarixində Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış fərmanla, 26 iyun tarixi rəsmi olaraq Silahlı Qüvvələr Günü elan edildi. Bu tarixin seçilməsi təsadüfi deyildi. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ilk dəfə yaradılan Milli Ordunun tarixi varislik prinsipi əsas götürülərək, müstəqil Azərbaycanın da ordu ənənəsi bu tarix üzərində quruldu.Beləliklə, bu qərar həm də milli dövlətçilik və tarix qarşısında göstərilən hörmətin rəmzi oldu.

Ən əsası qeyd edə bilərik ki, Heydər Əliyev Azərbaycan Silahlı Qüvvələrinin memarı, onun müstəqillik və güc sütunlarından biri kimi qəbul edilməsinin əsas təminatçısı olmuşdur. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan Ordusu yaranmış, möhkəmlənmiş və qələbəyə doğru irəliləmişdir. Bu gün hər bir azərbaycanlı fəxrlə deyə bilər:

 Heydər Əliyev – güclü orduya aparan yolun banisidir! Heydər Əliyev yolunun uğurla davamı isə  Cənab prezidentimiz İlham Əliyevdir.

Bu gün Azərbaycan Silahlı Qüvvələri regionun ən güclü ordularından biridir. 2020-ci ildə 44 günlük Vətən Müharibəsində əldə edilən şanlı Qələbə də məhz Heydər Əliyevin qoyduğu təməllərin, onun yolunu uğurla davam etdirən Prezident İlham Əliyevin qətiyyətli siyasətinin nəticəsidir. Azərbaycan Ordusunun texniki təchizatı, kadr potensialı, mənəvi hazırlığı və döyüş əzmi – bunların hamısı Ulu Öndərin zamanında qoyulan ordu quruculuğu konsepsiyasının bəhrəsidir. Bu konsepsiya bu gün Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir və dünya tərəfindən tanınır.

   Azərbaycan Silahlı Qüvvələrinin gücü və qüdrəti 2020-ci il 27 sentyabr – 10 noyabr tarixləri arasında davam edən İkinci Qarabağ Müharibəsində (Vətən Müharibəsi) bütün dünyaya sübut olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qəhrəman ordumuz 44 gün ərzində Ermənistanın 30 ilə yaxın davam edən işğalına son qoydu, torpaqlarımızı azad etdi və xalqımıza böyük qürur yaşatdı.Bu qələbə təkcə hərbi uğur deyil, həm də xalqımızın birliyinin, dövlətin siyasi iradəsinin və güclü ordu quruculuğunun real nəticəsi idi. Vətən uğrunda canını fəda edən şəhidlərimizin ruhu qarşısında baş əyərək, onların əmanəti olan torpaqları qorumaq bizim ordumuzun və xalqımızın ən ali vəzifəsidir.

2020-ci il Vətən Müharibəsi – Ordumuzun gücünün sübutudur. Azərbaycan Silahlı Qüvvələrinin gücü 2020-ci il 27 sentyabrda başlayan və 44 gün davam edən Vətən Müharibəsində tam şəkildə nümayiş olundu. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu işğal altındakı torpaqları azad etdi. Bu savaş təkcə hərbi qələbə deyil, həm də xalqımızın birliyi və dövlətimizin qüdrətinin parlaq nümunəsi oldu.

Müasir Azərbaycan Ordusu

Bu gün Azərbaycan Ordusu yüksək döyüş qabiliyyətinə malik, peşəkar hərbi qulluqçularla komplektləşdirilmiş, ən müasir texnologiyalarla təchiz olunmuş bir ordudur. Hər il keçirilən “Qarabağ” təlimləri, beynəlxalq hərbi əməkdaşlıqlar və bir sıra regional təhlükəsizlik layihələrində iştirak Azərbaycan Ordusunun beynəlxalq aləmdə də nüfuzunu artırır. Ordunun müxtəlif qoşun növləri – Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələr – yüksək hazırlıq səviyyəsinə malikdir. Eyni zamanda, orduya ictimai dəstək, hərbçi ailələrinə qayğı və vətənpərvərlik ruhunda gənclərin tərbiyəsi dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir.

Sonda onu qeyd etmək istərdik ki, 26 İyun – Silahlı Qüvvələr Günü Azərbaycan xalqının ordusuna olan inamını və sevgisini nümayiş etdirən mühüm bir tarixdir. Bu gün biz yalnız hərbçiləri təbrik etmirik, həm də dövlətimizin müstəqilliyini, ərazi bütövlüyünü qoruyan və hər an Vətənin müdafiəsinə hazır olan ordumuzla qürur duyuruq. Güclü ordu – güclü dövlət deməkdir və Azərbaycan bu prinsipi uğurla həyata keçirir.

   Müasir Azərbaycan Ordusu – sabaha inamın rifahıdır, desək yanılmarıq. Hazırda Azərbaycan Silahlı Qüvvələri Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Xüsusi Təyinatlı Qüvvələrdən ibarət kompleks və güclü bir hərbi sistemə malikdir. Müasir texnika, dron sistemləri, kəşfiyyat texnologiyaları, hərbi təlimlər və beynəlxalq əməkdaşlıq imkanları ordumuzu daha da qüvvətləndirir. Eyni zamanda, dövlətimiz şəhid ailələrinə, qazilərə, hərbi qulluqçulara və onların ailələrinə xüsusi diqqət və qayğı göstərir. Bu da dövlətlə ordu arasında mənəvi bağları daha da gücləndirir. Bu gün Azərbaycan Ordusu regionun ən güclü və müasir silahlı qüvvələrindən biridir. Ordumuz yeni nəsil silah-sursat, pilotsuz uçuş aparatları (PUA), raket sistemləri və elektron müharibə texnologiyaları ilə təchiz olunub. Əsgərlərimiz yüksək döyüş hazırlığına malikdir və beynəlxalq təlimlərdə də iştirak edirlər. Ordunun tərkibində fəaliyyət göstərən Xüsusi Təyinatlı Qüvvələr, Hərbi Dəniz Qüvvələri, Hərbi Hava QüvvələriDaxili Qoşunlar ölkənin təhlükəsizliyini qorumaqda mühüm rol oynayır.

Gənclərin vətənpərvərlik ruhu

Bu günkü Azərbaycan gənci orduya böyük fəxrlə və sevgi ilə yollanır. Hərbi xidmət, vətənə borc kimi qəbul edilir. Dövlətin həyata keçirdiyi hərbi-vətənpərvərlik tərbiyəsi proqramları gənclərdə milli ruhu daha da möhkəmləndirir.26 İyun Silahlı Qüvvələr Günü təkcə bir bayram deyil, həm də güclü dövlətin güclü ordusuna olan inamın təntənəsidir. Azərbaycan Ordusu təkcə torpaqlarımızı deyil, həm də suverenliyimizi, gələcəyimizi, millətimizin qürurunu qoruyur. Bu gün bütün xalqımız qürurla deyir: “Ordumuz güclüdür və hər zaman hazırdır!”

Yaşasın Azərbaycan Ordusu!
Yaşasın Müstəqil Azərbaycan!

    26 iyun təkcə bir bayram deyil – bu gün Azərbaycan xalqının öz müstəqilliyini qorumaq iradəsinin, azad yaşamaq istəyinin və güclü dövlətə sahib olma əzməsinin simvoludur. Bu gün biz Azərbaycan Ordusunun keçdiyi şərəfli yolu yada salır, gələcək nəsillərə vətənpərvərlik və qəhrəmanlıq ruhunu aşılayırıq.

Unutmayaq: Güclü ordu – güclü dövlət deməkdir!

Azərbaycan Ordusu – bizim qürurumuz, qalxanımız və sabitliyimizin təminatçısıdır. Yaşasın Azərbaycan Silahlı Qüvvələri !

Tibb Elmləri Doktoru, professor Nəsibov Firuz Həsən oğlu

Gundelik.az